Türkiyənin İstanbul Texnik Universitetinin (İTU) prorektoru professor Adil Dəniz, inşaat mühəndisliyi kafedrasının müəllimi professor Kadir Gülər və Xarici əlaqələr ofisi koordinatorunun köməkçisi Fatih Ortakçı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova İTU ilə ikili diplom müqaviləsinə, səmərəli əməkdaşlığa diqqət çəkərək əlaqələrin daha da inkişaf etdirilməsinin, şaxələndirilməsinin, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, elm, beynəlxalq əlaqələr, beynəlxalq qrant layihələri, tələbə-müəllim mübadiləsi sahəsində əlverişli əməkdaşlıq imkanları var və bu imkanlardan qarşılıqlı faydalanmaq lazımdır.

 

Prorektor Adil Dəniz səmimi görüşə görə təşəkkür edib və professor G. Məmmədovaya İTU-nun rektoru professor İsmayıl Koyuncunun salamlarını çatdırıb.

 

Prorektor bildirib ki, İTU AzMİU ilə əməkdaşlığı daha da gücləndirməkdə maraqlıdır və bunun üçün əlaqələrin şaxələndirilməsinə hazırdır. Professor qeyd edib ki, ilkin olaraq ikili diplom müqaviləsi çərçivəsində oxuyan tələbələrin sayının artırılması, bu müqavilənin magistr və doktorantlara da şamil edilməsi yaxın gələcəkdə mümkün ola bilər.

 

Daha sonra nümayəndə heyətlərinin də iştirakı ilə geniş müzakirə təşkil olunub. Tərəflər AzMİU və İTU-nun ortaq təşkilatçılığı ilə keçiriləcək “İnternational conference on modern problems of mathematics, mechanics and their applications”  konfransı ilə bağlı görüləcək işlər, AzMİU gənc alim və doktorantlarının İTU-da staj keçməsi, elmi laboratoriya və məcmuələrdən qarşılıqlı istifadə, TUBİTAK, Horizon və digər beynəlxalq qrant layihələrində uyğun elm sahələri üzrə birgə iştirak, doktorantlarla birgə elmi rəhbərlik və s. bu kimi məsələlər haqqında fikir mübadiləsi aparılıb.

 

Qərara alınıb ki, görüşdə müzakirə olunan məsələlər üzrə əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün işçi qrupu yaradılsın, yaxın gələcəkdə AzMİU və İTU rektorları tərəfindən yeni əməkdaşlıq müqaviləsi imzalansın.

 

Qeyd edək ki, 2018-ci ildə AzMİU və İTU rektorlarının İstanbulda keçirilən görüşündə “İnşaat mühəndisliyi” ixtisası üzrə ikili diplom protokolu imzalanıb və protokola əsasən, hər il AzMİU-nun 5 tələbəsi İTU-ya, İTU-nun 5 tələbəsi isə AzMİU-ya göndərilir. Tələbələr iki tədris ilini AzMİU-da, digər iki tədris ilini isə İTU-da oxuyur, tədris kreditlərini bitirdikdən sonra onlara hər iki universitetin diplomu təqdim olunur.