Yaxın günlərdə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Azərbaycan dili və ədəbiyyatı” Forumu keçirildi. Forumda ölkəmizin tanınmış ədəbiyyatşünasları, yazıçı və şairləri, dilçi alim və filoloqları ana dilimizin çağdaş durumu, eyni zamanda inkişaf yolları barədə dəyərli fikirlərini bölüşdülər.  Uzun illər orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllim kimi mən sözügedən forumun Şamaxıda və Bakıda keçirilən müzakirələrini maraqla izlədim. Xüsusilə elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycan dilinin inkişafı və müfəssəlləşməsi ilə bağlı qarşıda duran ümdə vəzifələr barədə söylədiyi fikirlər ürəyimcə oldu. Cənab nazirin bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayan həmvətənlərimiz üçün onlayn Azərbaycan dili dərslərinin keçiriləcəyi haqqındakı fikirlərini də eyni fikir ucalığı və fərəh hissi ilə qarşıladım.

 

Təcrübəli bir müəllim kimi müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin inkişafı üçün ölkəmizdə yaradılan münbit zəmin məni həmişə qürurlandırıb. Məhz dövlət səviyyəsində dilimizin inkişafına göstərilən qayğının nəticəsidir ki, müasir Azərbaycan dili bu gün olduqca dərin fikirləri ən incə çalarlarına kimi aydın bir şəkildə ifadə etmək qüdrətinə sahibdir. Bu yüksək diqqət və qayğının sayəsində hazırda Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin leksik fondu, geniş ifadə imkanları həyati gerçəkliyə çevrilib.

 

Bu sətirləri qələmə aldığım məqamlarda Ulu Öndər Heydər Əliyevin əziz ana dilimiz barədə səsləndirdiyi fikirləri dönə-dönə xatırlayıram. Dili xalqın bütün yaddaşını və tarixi təcrübəsini özündə birləşdirən bir xəzinə adlandıran Ulu Öndər Heydər Əliyev üzünü Azərbaycan gəncliyinə tutaraq deyirdi: “Bizim çox gözəl, zəngin və cazibədar dilimiz var. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan qaldırın...”.

 

Olduqca dəyərli tövsiyələrdir. Çünki ana laylamız bu dildə səslənib, bu dillə əzizlənmişik, dilimiz bu dildə Vətən, ana kəlmələrinə açılıb, ilk sevgi duyğularımızı bu dildə izhar etmişik, bu dil bizi heç vaxt çətində, darda qoymayıb. İmzamızı imzalar içində var edib. Qədim bir bayatımızda deyildiyi kimi, “Biz dilimizdən vaz keçmərik, doğransaq da dilim-dilim”.

 

Təbii ki, gənclərimizin öz ana dilimizə daha möhkəm şəkildə sahib çıxması yolunda doğma məktəbin, pedaqoqların, xüsusilə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlərin üzərinə daha böyük məsuliyyət düşür. İlk növbədə, müəllimlərimiz öz ana dillərini sevməli və sevdirməlidirlər. Bu, tarixi missiyadır. Ana dilini sevmək və sevdirmək xalqa ən böyük xidmət işlərindən biri və ən vacibidir.

 

Təhsil ocaqlarımızın qapıları məktəblilərimizin üzünə yenidən taybatay açıldı. Doğma dilimizin ən incə çaları ilə “Xoş gördük”, “Xoş gəlmişsiniz” sözlərinə açıldı dilimiz. “Yeni dərs iliniz mübarək” kəlmələri sinif otaqlarını bəzədi.  Və   Ulu Öndər Heydər Əliyevin həmişəyaşar, gələcək zamanlara, illərə, eyni zamanda nəsillərə hesablanmış tövsiyələrini yenidən xatırladıq: “Öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”.

 

Mərquşə İBRAHİMOVA,

Gəncə şəhəri, Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi