Özbəkistanda səfərdə olan Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Səmərqənd Dövlət Universitetinin rektoru, Özbəkistan Respublikası Ali Məclisinin Senatının üzvü, professor Rustam Xalmuradovla görüşüb.

 

Rektor E.Babayev bildirib ki, türkdilli ölkələr arasında münasibətlərin daha da inkişafında, xalqların yaxınlaşmasında elm-təhsil müəssisələri xüsusi rola malikdir. Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan rektor BDU və Özbəkistanın ali məktəblərinin uğurlu əməkdaşlığının iki ölkə arasında əlaqələrin inkişafına töhfə olduğunu bildirib.

 

Səmərqənd Dövlət Universitetinin rektoru Rustam Xalmuradov da elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini ifadə edib.

 

Görüşdə iki universitet arasında təhsil və elm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub.