Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin VII konqresi keçirilib.

 

Konqresin işində dünyanın 23 ölkəsindən 450-dən çox riyaziyyatçı alim, o cümlədən Cənubi Koreyadan Nobel mükafatı laureatı iştirak edib.

 

Tədbirin açılış mərasimində Türküstan şəhərinin meri, elm və təhsil nazirinin müavini, Yasevi Universitetinin rektoru çıxış ediblər.

 

Açılışda konqres iştirakçılarına Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin,  Baş nazir Alixan Smailovun və ölkənin elm və təhsil nazirinin təbrik məktubları oxunub.

 

Konqres çərçivəsində Azərbaycan riyaziyyatçıları - akademik Fikrət Əliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov, professorlar Etibar Pənahov və Arif Səlimov Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin xüsusi diplom və medalları ilə təltif olunublar.

 

Həmçinin akademik Fikrət Əliyev Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin ümumi Türk dünyası üzrə vitse-prezidenti, professor Etibar Pənahov həmin Cəmiyyətin Azərbaycan üzrə vitse-prezidenti, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və BDU-nun cəbr və həndəsə kafedrasının müdiri professor Arif Səlimov isə cəmiyyətin Rəyasət Heyətinin üzvləri seçiliblər.

 

Növbəti konqresin Türkiyədə keçirilməsi qərara alınıb.