35 tələbə ADA-Corc Vaşinqton Beynəlxalq İkili Diplom Proqramını qazanıb


Məlumdur ki, sürətlə dəyişən dünyada yüksəkhazırlıqlı insan kapitalı ölkələrin rəqabət qabiliyyətliliyinin yüksəldilməsini, iqtisadiyyatın davamlı inkişafını təmin edən mühüm faktor kimi çıxış edir. Bu sahədə qlobal çağırışlara cavab vermək, ilk növbədə, ölkənin ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur.

 

Bu məqsədlə də ölkə başçısının 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünyanın bir sıra ali təhsil müəssisələri ilə ölkəmizin prioritet inkişaf istiqamətlərinə müvafiq olaraq ikili diplom proqramları həyata keçirilir. İkili diplom proqramları rəqabətədavamlı gənclər yetişdirməklə yanaşı, həm də birgə tədqiqat layihələrinin həyata keçirilməsini və universitetlərin inkişafını, eləcə də  universitet - sənaye tərəfdaşlığını gücləndirir, beynəlxalq təcrübə mübadiləsini dəstəkləyir. Ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan  və  hazırda ADA Universiteti ilə Corc Vaşinqton Universiteti (CVU) arasında magistratura səviyyəsində uğurla reallaşdırılan ikili diplom proqramını misal göstərmək olar. Yeni tədris ilində 35 tələbə ADA-Corc Vaşinqton Beynəlxalq İkili Diplom Proqramına qəbul olub.

 

Qeyd edək ki,  Kompüter elmləri və Data analitikası, eləcə də Elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom təqdim edən magistr proqramlarına indiyə qədər ümumilikdə 122 tələbə qəbul edilib. 2023-2024-cü tədris ili üzrə qəbul olunmuş “Kompüter elmləri və Data analitikası” ixtisasından 20 tələbə, “Elektrik və elektroenergetika mühəndisliyi” ixtisasından 15 tələbə üç semestr ərzində Bakıda, iki semestr isə Corc Vaşinqton Universitetində təhsil alacaqlar.

 

İkili diplom proqramlarına qəbul olan tələbələr hər iki universitetin professor-müəllim heyətindən dərs almaq imkanı əldə edəcəklər.

  

Bu proqramlar tələbələrə peşəkar inkişafı, mədəniyyətlərarası dialoqu və real dünya təcrübələrini təşviq edən zəngin tədris planı təqdim edir. Xaricdə və ölkəmizdə yerləşən nüfuzlu şirkətlər ilə yaxından tanış olmaq tələbələrə sənayeni və onun tələblərini daha dərindən başa düşməyə, həmçinin peşəkarlarla əlaqə qurmağa imkan verir. Bu səfərlər vasitəsilə əldə edilmiş praktiki təcrübə gənclərin təhsili və gələcək karyeraları üçün əvəzsiz rol oynamaqla yanaşı, onlara əmək bazarında rəqabət üstünlüyü təmin edir.

 

Xatırladaq ki, Elektrik və elektroenergetika mühəndisliyi proqramı üzrə 2021-ci ildə təhsil almağa başlayan 15 tələbə Vaşinqtonda təhsilini tamamlayaraq Azərbaycana qayıdıb. 2022-ci ildə proqrama qəbul olan, “Kompüter elmləri və Data analitikası” ixtisası üzrə təhsil alan 18 tələbənin isə hazırda Vaşinqtonda dərsləri davam edir.

 

Proqram çərçivəsində tələbələrimiz həm yerli ali məktəblərin, həm də xarici universitetlərin  tədris metodları ilə tanış olurlar. Tələbələr iki ildə 2 diplom, 2 dərəcə ala biləcəklər. Kompüter elmləri üzrə magistr dərəcəsini tələbələr CVU-da, Data analitikası üzrə magistr dərəcəsi və diplomunu isə ADA Universitetindən alacaqlar. Tələbələr CVU-nun mühəndislik və tətbiqi elmlər fakültəsinin dünya səviyyəli laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı qazanırlar.

 

Proqrama tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ayrıca qəbul imtahanlarının (magistratura) nəticələri əsasında aparılır, ikinci mərhələdə keçid balını toplamış abituriyentlər ADA və CVU tərəfindən həyata keçiriləcək seçimlərdə iştirak etməlidirlər. Proqram çərçivəsində məzunlara “Kompüter elmləri və verilənlərin təhlili” üzrə ADA və CVU-nun diplomları təqdim ediləcəkdir. Tədris dili ingilis dilindədir. Poqramın müddəti  5 semestrdir (3 semestr ADA, 2 semestr CVU-da olacaqdır). CVU-da təhsil müddətində tələbələr universitetin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin (SEAS) dünya səviyyəli obyektlərində dərs alacaqlar. Eyni zamanda, ən müasir laboratoriyalardan, SEAS (School of Engineering and Applied Sciences) mərkəzlərindən və institutlarından faydalanacaqlar. Proqram iştirakçılarının bəzi xərcləri BP və onun tərəfdaşları tərəfindən maliyyələşdiriləcəkdir. Proqramın məzunları kompüter elmləri, verilənlərin təhlili, informasiya texnologiyaları və s. sahələrdə bacarıqlara yiyələnəcəklər.

 

Qeyd edək ki, əsası 1821-ci ildə qoyulmuş Corc Vaşinqton Universitetində hazırda 26457 tələbə (11502 bakalavr, 14955 magistr və doktorant) təhsil alır. Universitetdə 2500 professor-müəllim heyəti çalışır. Burada  ölkənin 50 ştatından və 130 xarici ölkədən tələbələr təhsil alır.  Universitetin 2018-ci ildə elmi  tədqiqatlara və ixtiralara ayırdığı vəsaitlərin həcmi 268  milyon dollara çatıb.

 

Oruc MUSTAFAYEV