İstedad liseyinin nəzdindəki STEAM İnnovasiyalar Mərkəzindən reportaj


STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında  mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim müasir metodlarla keçilməlidir. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır.

 

Bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. Layihənin nəticəsi olaraq Bakıda “STEAM İnnovasiya Mərkəzi” fəaliyyət göstərməkdədir, ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri şagirdlərin istifadəsindədir.

 

2023-2024-cü tədris ilində STEAM əsaslı təhsilin əhatə dairəsi daha da genişləndirilməkdə davam edir. Sentyabrın 21-də Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən İstedad liseyinin nəzdində yaradılmış STEAM və İnnovasiyalar Mərkəzinin açılışı bu istiqamətdə atılan uğurlu addımlardan biridir.

 

Bildirilib ki, Mərkəzin yaradılması istedadlı şagirdlərin potensialının artırılması, eləcə də onların yerli, beynəlxalq olimpiada və müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır. Liseydə yaradılmış şərait şagirdlər arasından bacarıqlı, yeni çağırışlara cavab verən kadrların formalaşmasında mühüm rol oynayacaq. Güclü insan kapitalı yaratmaq, ölkəmizi innovasiya məkanına çevirmək üçün, ilk növbədə, dəqiq elmlər, texnologiyalar və İT üzrə bilikləri artırmaq, bu sahədə mütəxəssislər yetişdirməyə nail olmaq yeni mərkəzin əsas hədəfləri kimi müəyyən edilib.

 

Fürsətdən istifadə edərək Sumqayıt şəhərində yerləşən İstedad liseyinin nəzdində istifadəyə verilmiş STEAM və İnnovasiyalar Mərkəzi ilə yaxından tanış olmaq qərarına gəldik, mərkəzin açılışı ilə bağlı lisey şagirdlərinin təəssüratlarını dinlədik. 

 

“Mərkəzə region üzrə bu istiqamətdə marağı olan şagirdlər cəlb olunacaq”

 

Sumqayıt şəhəri Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyinin yeni təyin olunmuş direktoru Rasim Süleymanov bizi 7 otaqdan ibarət STEAM və İnnovasiyalar Mərkəzi ilə yaxından tanış etdi, mərkəzdə yaradılmış şərait və avadanlıqlar haqqında ətraflı məlumat verdi: “Sentyabrın 21-də elm və təhsil naziri Emin Əmrullayevin, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə liseyimizdə STEAM və İnnovasiyalar Mərkəzinin açılışını tək Sumqayıt şəhərində deyil, ölkəmizdə təhsil sahəsində həyata keçirilən növbəti uğurlu layihə kimi dəyərləndirirəm. Açılış mərasimində qonaqlarla  STEAM-ın fəaliyyəti haqqında fikir mübadiləsi apardıq, gələcəkdə görüləcək işlərlə bağlı onlara məlumat verdik. İstedad liseyində fəaliyyət göstərəcək STEAM və İnnovasiyalar Mərkəzinə nəinki lisey şagirdlərinin, həmçinin region üzrə bu istiqamətdə marağı olan bütün şagirdlərin cəlb olunması, onlara hərtərəfli dəstək göstərilməsi nəzərdə tutulur. Bu mövzuda artıq müəyyən işlərin görülməsinə başlanılır. Burada əsas məqsəd şagirdlərin Azərbaycanda keçirilən SAF Beynəlxalq STEAM Festivalında, eləcə də “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında iştirakı, bu mövzuda tədbirlər planının hazırlanmasıdır. Mərkəzimiz 7 STEAM otağından ibarətdir. Bunlar “Kids zone”, “Robotics zone”, “Engineering zone”, “ZSpace zone”, “Science zone”, “CNC zone” və “VEX-Lego zone” otaqlarıdır. Həm Elm və Təhsil Nazirliyinin, həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə mərkəzin otaqlarında ən müasir STEAM avadanlıqları quraşdırılıb. STEAM İnnovasiyalar Mərkəzində elmi araşdırma, praktik təcrübələr, xüsusi bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində məşğələlərin təşkil edilməsi, virtual reallıq üzərində qurulan VR təhsilin tədrisi, Startap layihələrin hazırlanması, innovativ texnologiyaların tətbiqi nəzərdə tutulur. İstedad liseyinin ötən il STEAM təliminə cəlb olunmuş müəllimləri artıq mütəxəssis olaraq yeni istifadəyə verilmiş mərkəzimizdə şagirdləri qəbul edəcək və onlara STEAM dərslərinin tədrisinə başlayacaqlar”.

 

“STEAM İnnovasiyalar Mərkəzi planlarımın reallaşdırılmasında mənə kömək olacaq”

 

Ramal Əlizadə, İstedad liseyinin 10-cu sinif şagirdi: “Mən Ali Baş Komandanımız İlham Əliyevə,  hər iki nazirimizə, bu STEAM İnnovasiyalar Mərkəzinin yaradılmasında böyük rolu olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, əvvəlki illərdə liseyimizin şagirdləri STEAM layihələrində, digər robototexnika müsabiqələrində iştirak etmək üçün başqa məktəblərə və kurslara getmək məcburiyyətində qalırdılar. Çox sevinirəm ki, məktəbimizdə yeni tipli STEAM Mərkəzi yaradılıb. Sumqayıt şəhərinin digər məktəblərinin şagirdləri də artıq heç bir vəsait ödəmədən bu mərkəzdə STEAM müsabiqələrinə, festivallara hazırlaşa biləcəklər. Mən daha çox təbiət sahələri ilə maraqlanıram, gələcəkdə kimya mühəndisi olmağı arzu edirəm. Eyni zamanda mənim informatika fənninə böyük marağım var. Biz məktəb səviyyəsində kodlaşdırma, proqramlaşdırma bacarıqlarına yiyələnirik. Ancaq mən istərdim ki, bu bacarıqlarımı daha yüksək səviyyədə inkişaf etdirim. Liseyimizin bir çox şagirdləri var ki, robototexnika üzrə nailiyyətlərə sahibdirlər və gələcəklərini bu sahə üzərində qurmağa çalışırlar. Mərkəzin açılışını onlar üçün çox böyük fürsət hesab edirəm. Mən də STEAM festivalına qatılmağı planlaşdırıram, çünki bu gələcək nəslin maraqlarını cəlb edəcək bir festivaldır. İnanıram ki, STEAM İnnovasiyalar Mərkəzi planlarımın reallaşdırılmasında mənə kömək olacaq”.

 

“Arzum gələcəkdə STEAM festivallarına, robototexnika müsabiqələrinə qatılmaq və yüksək nəticələr qazanmaqdır”

 

Sürəyya Teymurova, İstedad liseyinin 10-cu sinif şagirdi: “Mən demək istəyirəm ki, STEAM dünyada qabaqcıl, öndə gedən layihələrdən biridir. STEAM layihəsinin ölkəmizdə, xüsusilə də İstedad liseyində gerçəkləşdirilməsi çox qürurverici haldır. Robototexnikanın dərinliklərini öyrənmək üçün biz əvvəllər bahalı kurslara müraciət etmək məcburiyyətində idik. İndi isə heç bir qarşılıq ödəmədən bunu öz məktəbimizdə rahat şəkildə öyrənəcəyik və ümid edirəm ki, bu sahədə bir çox uğurlara imza atacağıq. Bu layihənin gerçəkləşdirilməsi,  biz yeniyetmə və gənclər üçün hərtərəfli şərait yaradıldığına görə cənab Prezidentimizə bütün lisey şagirdləri adından təşəkkürümü bildirirəm. Mən kompüter mühəndisliyi, həmçinin də robototexnika sahələrinə xüsusi maraq göstərirəm. Mənim də arzum gələcəkdə STEAM festivallarına, robototexnika müsabiqələrinə qatılmaq və yüksək nəticələr qazanmaqdır”.

 

Lamiyə ƏLİMƏRDANOVA