Bu həftə müəllimlər öz peşə bayramını qeyd edirlər. 2023-2024-cü tədris ilinə olan statistikaya görə, təhsil sistemində 300 min təhsil işçisi fəaliyyətdədir və Beynəlxalq Müəllimlər Günü onların hər biri üçün dəyərlidir. Bəs, müəllimlərin  neçə nəfəri “Mənim müəllimim” sözləri ilə ürəklərə yol tapıb? - bunu demək çətindir.

 

Məsələn, bu il müəllimliyin çətinliyini də, qürurunu da yaşayacaq 94 müəllim var. 2023-2024-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyətdədir və müəllimlik üçün həmin məktəbləri, yəni Qarabağı seçən 94 müəllim ümumilikdə 780 şagirdin unudulmayacaq müəllimi olacaq.

 

Hazırda şagird gözündə də, valideyn yanında da, dövlətin nəzərində də müəllimlərin ən nüfuzluları sertifikatlaşdırma prosesinin qalibləridir. Artıq ikinci ildir keçirilən bu prosesdə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 3 il pedaqoji staja malik şəxslərdən tutmuş 60 yaşına qədər müəllimlərin böyük əksəriyyəti iştirak edib. Hətta 60 və yuxarı yaşda olan təhsilverənlərdən də prosesə könüllü olaraq qatılaraq uğur qazananlar var. Bununla da ölkədə ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri  sertifikatlaşdırma prosesindən keçirilib.

 

Sertifikatlaşdırma prosesinin nəticələri müəllimlərin böyük əksəriyyəti üçün uğurlu olub. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplayan müəllimlərin vəzifə maaşına 35 faiz, 30-50 bal toplayanların vəzifə maaşına isə 10 faiz əlavə edilib.

 

Təəssüf ki, bu il müəllimlik karyerasına son qoyulanlar da var. Belə ki, ikinci cəhddə sertifikatlaşdırmaya cəlb olunanlar arasında 606 müəllim hər iki mərhələdə uğur qazanmayıb. 137 nəfər imtahanlara qatılmayaraq prosesdə iştirak etməyib. Beləliklə, təhsil müəssisələri ötən il imtahanın ilkin mərhələsindən keçməyən və ümumi iştirakçıların 6 faizini təşkil edən həmin 743 müəllimin əmək müqaviləsinə sentyabrın 4-dən başlayaraq xitam verib.

 

Uğur qazananların isə, sadəcə əməkhaqları artmayıb. “Sertifikatlaşdırma Azərbaycan təhsilinin keyfiyyətinə uzun vədədə təsir edəcək addımdır. Hər ilin iyun ayında, bir qayda olaraq, bu imtahanlar keçiriləcək. Keyfiyyət standartlarına cavab verə bilməyən müəllimlərlə qanunvericiliyin tələbləri çərçivəsində əmək müqaviləsini davam etdirməyəcəyik” - deyən elm və təhsil naziri Emin Əmrullayev prosesi uğurla tamamlayanlar üçün nəzərdə tutulan planları tədris ilinin başlanması ilə əlaqədar keçirdiyi brifinqdə belə ifadə edib: “Prosesdə uğur qazananların müvafiq olaraq əməkhaqları 10 və ya 30 faiz artırılacaq. Artıq ibtidai təhsil səviyyəsində bütün müəllimlərin nəticələri, hər bir müəllimin bilik və bacarığını əks etdirən sertifikatlaşdırma balı bəllidir. Bu, bizim bir sıra qərarlarımızda - istər həmin müəllimlərin 65 yaşına çatanda əmək müqaviləsinin uzadılması, istər vəzifəyə irəli çəkilməsi, istər maddi və qeyri-maddi təşviq edilməsi, saatların bölünməsi və s. kimi məsələlərdə əsas götürəcəyimiz amillərdən biri olacaq. Bu, həm də müəllimlərimizin harada köməyə ehtiyac duyduğunu, hansı məqamlarda onları dəstəkləməliyik, o cümlədən harada boşluqlar olduğunu göstərir. Bu istiqamətdə də metodik xidmətin təşkil olunmasını planlaşdırırıq”.

 

Xarırladaq ki, müəllimlərin maaşı da mütəmadi olaraq yüksəlir. Son 10 il ərzində onların orta aylıq əməkhaqqı göstəricilərindən bu, aydın görünür. Belə ki, 2014-cü ildə bu rəqəm 267 manat idisə, hazırda 830 manatdır.

 

Müəllimin nüfuzuna, müəllimlik ixtisasına marağın artmasında birbaşa təsiri olduğu təsdiqlənən müəllimlərin işə qəbulu müsabiqəsi bu il də minlərlə iştirakçı ilə baş tutub. Savadlı və bacarıqlı müəllimlərin seçilməsi məqsədilə keçirilən müsabiqənin  müsahibə mərhələsinə 5660 nəfər buraxılıb. Bu il işə qəbul olunan və müddətsiz müqavilə ilə işə başlayan 32  müəllim şəhid ailələrinin üzvləridir.

 

MÜƏLLİMLİK İXTİSASLARI ÜÇÜN AKKREDİTASİYA

 

Müəllimlər üçün bu il gözlənən yenilik isə müəllimlik ixtisasının akkreditasiyası ilə bağlıdır. Bu prosesin də ibtidai sinif müəllimliyi ixtisasından başlanacağı düşünülür. Çünki təhsildə həyata keçirilən islahatların məhz məktəbdə ibtidai təhsilin inkişafına xidmət etdiyi vurğulanır.

 

Sertifikatlaşdırma prosesində uğur qazandı, müəllim kimi də məşhurlaşdı

 

 

Südabə Qazıyevanı cəmiyyət öncə bir qəhrəman yetişdirən şəhid anası kimi tanıdı, sonra müəllimlər yetişdirən müəllim kimi. Zaqatala rayon Aşağı Tala kənd Ramiz Şabanov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi sertifikatlaşdırma prosesinin qaliblərindən oldu.

 

 

 

Müəllim kimi tanınana qədər onun da müəllimləri olub

 

1969-cu ildə Zaqatala rayonunun Aşağı Tala kəndində doğulub. Elə bu kənddə məktəbə gedib, yaxşı oxuyub, müəllimlərinin sevimlisi olub. Ali məktəb olaraq indiki ADPU-nu, o vaxtkı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu seçib. Pedaqoji fakültədə “İbtidai təhsilin pedaqogikası və medodikası” ixtisası üzrə təhsil aldıqdan sonra kəndə qayıdıb. Amma 1990-cı ildə ilk balası - Valeh doğulduğundan dərhal işə başlaya bilməyib. 1992-ci ildə öz oxuduğu məktəbdə müəllim kimi işə başlayıb: “Məktəbimizə müəllim kimi qayıtmaq heç asan olmadı. Bu, mənə böyük risk kimi görünürdü, çünki bizim vaxtımızda müəllimlərə çox böyük hörmət var idi, onları ilahi varlıq hesab edirdik. Bu, mənim üçün də belə idi və onlarla çiyin-çiyinə işləyəcəyimi təsəvvürümə gətirdikcə həyəcanlanırdım. Amma məktəbimiz və müəllimlərim mənə qucaq açdı. Ən yaxşı şagirdlərindən olmuşdum, axı”.

 

Ona görə, qısa müddətdə müəllim kimi qəbul edilib, amma ona sinif etibar edilməsi bir neçə il çəkib: “Ən böyük çətinliyim işə başladığım ilk illərdə oldu. Məktəbimizin çox güclü müəllim kontingenti var. Onlarla bir yerdə işə böyük məsuliyyət və qürur hissi ilə başlamışdım. Belə bir komandada işin çətinlikləri də olacaqdı, təbii ki. Özümü təsdiq etmək üçün xeyli çalışmalı oldum. Amma təhsildə olduğu kimi, müəllimlikdə də müəllimlərim çox güclü idi”.

 

“Mən Nazanı müəllim olacağam”

 

Müəllimliyə müəllimini sevərək aşiq olub. Uşaqlıqdan qərar verib yiyələnəcəyi peşəyə. “Mən Nazanı müəllim olacağam”, - deyərək böyüyüb, elə Nazanı müəllim də olub: “İbtidai sinif müəllimim Nazanı Ağayeva respublika şöhrətli müəllimlərdən idi. İbtidai sinif müəllimi olmağıma o səbəb olub. Müəllimliyi o sevdirib, ixtisasımı onun sayəsində seçmişəm”.

 

Müəllim olandan sonra da müəllimlik iliklərinədək işləyib: “İşimi sevirəm, ona qarşı məsuliyyət hiss edirəm. Xəstə oluram, ya da evdə problemim olur, bu qədər böyük dərdim var, amma bir gün də olsun dərdlərimi, problemlərimi dərslərimə yansıtmıram, qayğılarımı sinfə aparmıram”.

 

Südabə müəllim deyir ki, sakini olduğu kənddə təhsilə, xüsusən qızların təhsilinə çox önəm verirlər: “Qızlar oxuyur bizim kənddə. Məsələn, mənim ailəmdə kitab hər zaman sevilib. Özümü bildim-biləli anamın əlində kitab, atamın əlində qəzet görmüşəm”.

 

Məktəbdə də, ailədə də VƏTƏNDAŞ yetişdirir

 

Müəllim kimi nailiyyətlərinə gəlincə, Südabə Qazıyeva “Ən böyük nailiyyətim şagirdlərimdir” - deyir: “İndiyədək nə təltiflərim, nə də mükafatlarım olub. Amma ibtidai sinif müəllimi olduğum şagirdlərimin pis vərdişini deyən olmayıb. İnsan yetişdirmişəm, çalışmışam ki, musiqi zövqü, geniş dünyagörüşü olsun. Məktəbimizin builki məzunlarının ibtidai sinif müəllimi mən olmuşam. 28 şagirddən 24 nəfəri bitirdi məktəbi. 2 nəfər istisna olmaqla, hamısı tələbə adı qazandı”.

 

Südabə Qazıyeva məktəbdə şagirdlərindən başqa, ailədə də 2 övlad yetişdirib, ikisi də müəllimlik ixtisasına yiyələnib. İlk övladı, hər kəsin tanıdığı, bu günlərdə - oktyabrın 7-də anım günü, 10-da isə doğum günü olacaq şəhid Valeh Bədəlov Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) filologiya fakultəsində təhsil alıb. 2012-ci ildə “Azərbaycan dili və ədəbiyyat”  ixtisası üzrə təhsilini tamamlayıb, amma müəllim işləməyib. 2013-cü ildə Azərbaycanın ordu sıralarında hərbi xidmətə başlayıb və bundan sonra taleyini hərb sənətinə bağlayıb. XTQ kurslarını, sonra Türkiyədə Komando kurslarını keçib. XTQ Baş Leytenantı aprel döyüşlərində şücaətlə iştirak edib. Vətən müharibəsində Murovdan başlayan döyüş yolu Füzulidə başa çatıb. Qəhrəman  oktyabrın 7-də şəhidlik zirvəsinə ucalıb.

 

Qızı Vüsalə isə Bakı Dövlət Universitetinin məzunudur. Yenicə ailə qurub və Cəlilabadda yaşayır. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək bu il Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində (Cəlilabad Peşə Liseyi) işə başlayıb. Vüsalə Bədəlova da sertifikasiyada iştirak edib və 55 bal toplayıb.

 

“Sinfə girən hər müəllim heç bir səy göstərmədən 30 balı toplamalıdır”

 

Qəhrəmanlar, müəllimlər, ən əsası, İNSANlar yetişdirən S.Qazıyevanı ən yaxşı müəllimlərdən biri kimi cəmiyyətə təqdim edən, tanıdan sertifikatlaşdırma prosesi oldu. 30 ildən çox pedaqoji təcrübəyə sahib Südabə Qazıyeva sertifikasiyada uğur qazanmasını işinə olan məsuliyyəti ilə izah edib: “Müəllim işlədiyim dövrdə işimə hər zaman vicdanla, məsuliyyətlə yanaşmışam, təhsildə olan yenilikləri öz işimdə tətbiq etməyə, ölkəm üçün yararlı vətəndaş yetişdirməyə çalışmışam. Sertifikatlaşdırma prosesinə də heç bir xüsusi hazırlıq keçmədən, sadəcə olaraq son bir ayda kurikulumla bağlı biliyimi yeniləyərək, dəyişən yeni terminlər üzərində işləyərək qatıldım və anladım ki, sinfə girən hər müəllim heç bir səy göstərmədən 30 balı toplamalıdır”.

 

El-el, oba-oba müəllimlik

 

Aqil Səfərov bu tədris ilindən Gəncə şəhər 32 nömrəli tam orta məktəbin müəllimidir. Amma sinfə ilk dəfə girməyib. Əksinə, Azərbaycanın çox yerini gəzib, məktəb-məktəb dolaşıb. Riyaziyyat fənnindən dərs deyir.

 

1991-ci ildə İsmayıllı rayonunun Topçu kəndində doğulub, burada məktəbə gedib. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetindən məzun olub. Məzun olandan sonrakı ilk 3 ildə özəl kurslarda dərs deyib. 2016-cı ildən müəllimlərin işə qəbulu müsabiqəsinin “daimi iştirakçısı”na çevrilib. İmtahan verib, uğur qazanıb, vakansiya seçib və yerləşdirilib. Ailəsini də götürüb yerləşdirildiyi yerlərə müəllimlik etməyə gedib. El-el dolaşaraq yetişməkdə olan nəslə öyrətməyə çalışıb.

 

MİQ xətti ilə müəllimlik trayektoriyasını Şamaxıdan çızmağa başlayıb. Çarhan kənd ümumi orta məktəbində 2 il işlədikdən sonra MİQ imtahanlarına qatılıb və bu dəfə Şəkiyə istiqamət götürüb. Öryət kənd məktəbində 1 il işlədikdən sonra yenidən imtahan verib və Yevlax rayon Aran qəsəbə 3 nömrəli ümumi orta məktəbdə işə başlayıb. Sonra yerdəyişmə ilə Mingəçevirə gedib. Şəhərdəki İnteqrasiya  təlimli internat tipli gimnaziyada 3 il dərs deyib. Bu il yenidən müsabiqəyə qatılan Aqil müəllim 77.5 balla Gəncə şəhər 32 nömrəli tam orta məktəbə müəllim təyin olunub. A.Səfərov deyir ki, MİQ-də çox iştirak edib və həmişə də yaxşı nəticələr göstərib: “2016-cı ildə diaqnostik qiymətləndirmədə iştirak etdim və 57 bal topladım. Müəllimlərin işə qəbulu müsabiqəsində də həmişə yaxşı nəticələr göstərmişəm. 60 maksimum baldan 51 və daha yuxarı toplamışam. Bu il isə 100 maksimum baldan 77.5  bal yığdım”.

 

Gənc müəllim də bu peşəni sevib seçməyində öz müəlliminə minnətdardır. Onu da İsmayıllıda riyaziyyat müəllimi olan Aydın Məmmədov riyaziyyatçı edib.

 

Aqil Səfərov 2 övlad atası, şəhid oğludur: “Atam Dadaş Səfərov hərbçi idi. Sonra məktəbdə hərbi hazırlıq rəhbəri olub. Könüllü olaraq Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə qalxıb və 1993-cü il oktyabrın 24-dən onunla əlaqə kəsilib. Həmin vaxt Cəbrayılda döyüşüb. Uzun illər itkin sayılırdı, sonra şəhidlik statusu verildi”.

 

Müəllimlikdə ilk kövrək addımlar

 

Gülər Həsənli Sabirabad rayonundandır. Ailə başçısının müəllim olması qızlarının peşə seçimində öz rolunu oynayıb: “Atam müəllimdir. Sabirabadda Peşə Liseyində dərs deyir. Bacım da bu peşəni seçib və o da M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdə tarix müəllimidir”.

 

Bacısından fərqli olaraq, G.Həsənli isə Azərbaycan dili və ədəbiyyat müəllimidir. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində rus bölməsi üzrə ən yüksək bal - 80.25 bal toplayaraq  Xətai rayonu 17 nömrəli tam orta məktəbdə daimi əsaslarla Azərbaycan dili müəllimi işləmək hüququ qazanıb.

 

Sabirabad rayonu M.Ə.Sabir adina 1 nömrəli tam orta məktəbin yetirməsidir. “Öz doğma dilimizi çox sevirəm”, - deyir. Elə bu sevgisi də onu 2008-2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyat” ixtisası üzrə təhsil almağa sövq edib. Bakalavr təhsilini tamamladıqdan sonra müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqəyə qatılıb. Nəticələri pis olmayıb. Öz üzərində işləməyinin nəticəsini imtahanlarda görüb, amma işsiz qaldığı vaxtlar da olub: “Yaşayış yerimdən xeyli uzaq məsafədə olan məktəbləri seçmədiyim üçün işlə təmin olunmadığım vaxtlar olub. Ötən il Suraxanı rayonunda işlədim. Suraxanı rayonu 327 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi müddətli müqavilə əsasında fəaliyyət göstərdim. Əslində, ora da mənə uzaq idi, amma gedib-gələ bilirdim”.

 

Uzağa, ya da yaxına getməyindən asılı olmayaraq, müəllimliyi sevir Gülər müəllim. Artıq ikinci ildir müəllimlikdə addım-addım irəliləyir. “Əvvəldən müəllimlik peşəsini seçmişəm, qətiyyən peşman deyiləm” - deyir. Ötən il Azərbaycan bölməsində  dərs deyən G.Həsənli bu il rus bölməsində təhsil alan şagirdlərə ana dilini tədris edir. Dediyinə görə, bu, çox maraqlıdır: “Burada dərs çox maraqlıdır, çünki onlar da çox həvəslidirlər. Azərbaycan dilini heç bilməyən yoldaşlarına kömək edirlər və bu, onlarda ruh yuksəkliyi yaradir”.

 

G.Həsənli həm aşağı, həm də yuxarı sinif şagirdlərinə dərs deyir: “Hazırda ölkəmizdə, xüsusilə tədris prosesində Azərbaycan dilinə diqqət yüksək səviyyədədir, bu diqqətin daha da artırılması çox sevindiricidir”.

 

Ruhiyyə DAŞSALAHLI