İsveçdə Nobel mükafatı laureatlarının adları açıqlanıb


Oktyabrın 2-də İsveçdə “Nobel həftəsi” başlayıb. Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq, ayrı-ayrı elm sahələrində 2023-cü il üçün Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Oktyabrın 2-də ilk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı laureatının adı məlum olub.  www.nobelprize.org saytının məlumatına əsasən, İsveçin Karolinsk İnstitutu macar alimi Katalin Kariko və amerikalı Dryu Vaysmanın 2023-cü il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldüyü elan edib. Alimlər bu mükafata “COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin hazırlanmasına imkan verən nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” layiq görülüblər. Nobel Mükafatları Komitəsinin açıqlamasında qeyd olunur ki, Katalin Kariko və Dryu Vaysmanın fundamental tapıntıları mRNT-nin immun sistemimizlə necə qarşılıqlı əlaqədə olduğuna dair anlayışımızı əsaslı şəkildə dəyişib. Nobel mükafatı laureatları müasir dövrdə insan sağlamlığı üçün ən böyük təhlükələrdən birinin yaşandığı dövrdə COVID-ə qarşı peyvəndin hazırlanması işinə görünməmiş töhfə veriblər. COVID-19 pandemiyasının başlanmasından sonra  SARS-CoV-2 səth zülalını kodlayan iki nukleozid bazası ilə modifikasiya edilmiş mRNA vaksinləri rekord sürətlə inkişaf etdirilib. Peyvəndin təxminən 95% qoruyucu təsirləri müəyyən olunub və hər iki peyvənd 2020-ci ilin dekabrında təsdiqlənib. mRNT vaksinlərinin inkişaf etdirilməsinin çevikliyi və sürəti yeni platformadan digər yoluxucu xəstəliklərə qarşı peyvəndlər üçün də istifadəyə yol açır. Gələcəkdə, texnologiya bəzi xərçəng növlərinin müalicəsi üçün də istifadə edilə bilər. SARS-CoV-2-yə qarşı müxtəlif metodologiyalara əsaslanan bir neçə digər peyvənd də sürətlə tətbiq edilib və qlobal miqyasda 13 milyarddan çox COVID-19 vaksin dozası hazırlanıb. Peyvəndlər milyonlarla insanın həyatını xilas edib. Bir çox insanlarda isə digər ciddi xəstəliklərin qarşısını da alıb, cəmiyyətlərin pandemiyadan açılmasına və normal həyata qayıtmasına imkan verib.

 

Oktyabrın 3-də  Stokholmda 2023-cü ilin fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. İsveç Kral Elmlər Akademiyası yüksək elmi mükafata “maddədə elektron dinamikasının tədqiqi üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara görə”  ABŞ-ın Ohayo Dövlət  Universitetinin professoru Pyer Aqostini, Almaniyanın Maks Plank Kvant Optika və Münhen Lüdviq-Maksimilian Universitetindən Ferens Krauzu və İsveçin Lund Universitetindən fransız Ann Lyülyeni layiq görüb.

 

Nobel komitəsi bildirir ki, alimlər 2023-cü ildə atom və molekullar daxilində elektron aləminin tədqiqi üçün bəşəriyyətə yeni vasitələr təqdim edən təcrübələrə görə tanınıb. “Elm adamları işığın son dərəcə qısa impulslarının yaradılması üsulunu göstəriblər. Onların tədqiqatlarından elektronların hərəkət etdiyi və ya enerji dəyişdirdiyi prosesləri ölçmək üçün istifadə etmək olar”, - deyə Nobel komitəsindən bildirilib. P.Aqostin, F.Krauz və A.Lyülyenin kəşfləri sayəsində alimlər ani surətdə baş verən prosesləri araşdırmaq imkanı əldə ediblər ki, əvvəllər onları izləmək mümkün deyildi. “İndi biz elektronlar dünyasına qapı aça bilirik. Attofizika elektronların idarə etdiyi mexanizmləri başa düşməyə imkan verir. Növbəti addım onlardan istifadə olacaq”, - deyə İsveç Kral Elmlər Akademiyasının üzvü və fizika üzrə Nobel Komitəsinin sədri Eva Olsson əlavə edib.

 

Nobel Komitəsinin qərarı elan olunanda A.Lyülyen 100-ə yaxın bakalavr tələbəsinə mühəndislik fizikasından dərs deyirdi.  Ona görə də telefonu açmadı və yalnız dərsarası fasilədə xəbərlə tanış oldu: “Mən dərsə çox cəmləşmişdim, Nobel mükafatını unutdum və mühazirəmi bitirməyə çalışdım. Bu mükafatı aldığıma görə çox şadam. Bu, inanılmazdır”. Tvitter -də yayılmış xəbərdə isə deyilirdi: “Hətta 2023-cü il fizika üzrə Nobel mükafatı belə Ann Lyülyeni tələbələrindən qopara bilmədi”.

 

Oktyabrın 4-də 2023-cü ilin kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Nobel Komitəsi  Massaçusets Texnologiya İnstitutundan (ABŞ) Munqi Bavendinin, Kolumbiya Universitetindən (ABŞ) Luis Bryusun və rusiyalı alim Aleksey Yekimovun 2023-cü il üzrə kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib. Onlar bu mükafata “kvant nöqtələrinin kəşfi və sintezinə” görə layiq görülüblər.

 

Kvant nöqtələri müasir LED televiziya ekranları, günəş panelləri və tibb kimi sahələrdə geniş istifadə olunur, cərrahlara şişləri aradan qaldırmağa kömək edə bilər. “Kvant nöqtələri bəşəriyyətə ən çox fayda gətirir. Tədqiqatçılar gələcəkdə çevik elektronika, kiçik sensorlar, daha incə günəş hüceyrələri və şifrələnmiş kvant rabitəsinə töhfə verə biləcəklərinə inanırlar, buna görə də bu kiçik hissəciklərin potensialını araşdırmağa başladıq”,-deyə Nobel Komitəsinin açıqlamasında bildirilir. 

 

Katalin Kariko 1955-ci il yanvarın 17-də Macarıstanın Szolnok şəhərində anadan olub. 2019-cu ildən müxtəlif xəstəliklərin müalicəsi üçün yeni növ immunoterapiyalar hazırlayan “BioNTech RNA Pharmaceuticals” şirkətinin baş vitse-prezidenti vəzifəsində çalışır. Bakalavr və fəlsəfə doktoru dərəcəsini Macarıstanın Szeged Universitetində alıb.1985-ci ildə K.Karikonun işlədiyi Macarıstan Bioloji Tədqiqat Mərkəzinin Biokimya İnstitutunun laboratoriyası bağlanıb və o, ailəsi ilə birlikdə ABŞ-a köçüb. 1989-cu ildən Pensilvaniya Universitetində çalışır.1990-cı ildə  mRNT əsaslı gen terapiyasının yaradılmasını təklif edib. Tezliklə Dryu Vaysman ilə tanış olub və adıçəkilən sahədə birgə araşdırma aparmağa başlayıb.

 

 

 

Dryu Vaysman 7 sentyabr 1959-cu ildə ABŞ-ın Massaçusets ştatının Leksinqton şəhərində anadan olub. 1981-ci ildə Brandeis Universitetində bakalavr və magistr dərəcələrini alıb, burada biokimya və enzimologiya ixtisası üzrə təhsil alıb.

 

Boston Universitetini magistr və PhD elmi dərəcələri ilə bitirib.

 

D.Weissman Peyvənd Araşdırmaları üzrə Roberts ailəsinin ilk professoru, Penn RNT İnnovasiyası İnstitutunun direktoru və Pensilvaniya Universitetinin (Penn) Perelman Tibb Məktəbində tibb professorudur. Tədqiqatçı həmkarı Katalin Kariko ilə nüfuzlu Lasker-DeBakey Klinik Tibbi Tədqiqat Mükafatı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb.

 

 

 

 

Pyer Aqostini 23 iyul 1941-ci ildə Tunisdə  anadan olub. 1961-ci ildə Eks-Marsel Universitetini fizika müəllimi kimi başa vurub. 1968-ci ildə Fransanın Eks-Marsel Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb. Daha sonra Paris-Sakle Elmi Mərkəzində tədqiqatçı kimi fəaliyyətə başlayıb  və 2002-ci ilə qədər orada müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə Ohayo Universitetinin fizika professoru seçilib.

 

2018-ci ildən  Ohayo Dövlət Universitetinin   professorudur. 2001-ci ildə alim 250 attosaniyə davam edən bir sıra ardıcıl işıq impulsları yaradıb və onları tədqiq edib.

 

 

Ferens Krauz 1962-ci ildə Macarıstanın  Mor şəhərində anadan olub. Budapeşt Texnologiya Universitetində elektrik mühəndisliyi və Budapeştdəki Eötvös-Lorand Universitetində nəzəri fizikanı öyrənib. 1991-ci ildə Vyana Texnologiya Universitetində kvant elektronikası üzrə doktorluq dərəcəsi alıb. 1999-cu ildən Vyana Texnologiya Universitetinin professoru, 2000-ci ildə isə Qabaqcıl İşıq Mənbələri Mərkəzinin direktoru olub. 2003-cü ildə Attosaniyə Fizika Departamentinə rəhbərlik etdiyi Maks Plank Kvant Optik İnstitutunda direktor kimi çalışmağa başlayıb. 2004-cü ildən Münhen Lüdviq Maksimilian Universitetində (LMU) eksperimental fizika kafedrasında işləyir.

 

 

Ann Lyülyen - fransız-isveç fiziki. 1958-ci ildə Parisdə anadan olub. Çoxfotonlu ionlaşma mövzusunda elmi işini 1986-cı ildə  Pyer və Mariya Kürü  Universitetində və Atom Enerjisi Komissarlığında (CEA) müdafiə edib. Həmin il CEA-da daimi tədqiqatçı vəzifəsinə layiq görülüb. 1986-cı ildə İsveçin Geteborq şəhərində Çalmers Texnologiya İnstitutunda və 1988-ci ildə Los-Ancelesdə Cənubi Kaliforniya Universitetində postdoktorant işləyib.1993-cü ildə Laurens Milli Laboratoriyasında (ABŞ) dəvət olunmuş elmi işçi işləyib. 1995-ci ildə Lund Universitetinin dosenti, daha sonra professoru təyin olunub.2004-cü ildən İsveç Kral Elmlər Akademiyasının üzvüdür. Ann Lyülyen lazer işığının qazdakı atomlarla qarşılıqlı əlaqəsinin yeni effektini aşkar edib.

 

 

 

Aleksey Yekimov sovet və amerikalı alim, bərk cisim fizikası və optika sahəsində mütəxəssisdir. 28 fevral 1945-ci ildə keçmiş SSRİ-də anadan olub. Leninqrad Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Parisdəki Politexnik Məktəbində, Claude Bernard Lyon Universitetində, Maks Plank İnstitutunda və Osaka Universitetində qonaq professor vəzifəsində çalışıb. Yüzdən çox elmi əsər yazıb, bir neçə ixtiranın müəllifidir, nanokristal yarımkeçirici kvant nöqtələrini kəşf edib. 2006-cı ildə alim  Vud mükafatını alıb (“nanokristal kvant nöqtələrinin kəşfi və onların elektron və optik xüsusiyyətlərinin qabaqcıl tədqiqatlarına görə”).  1999-cu ildən ABŞ-dakı “Nanocrystals Technology Inc”-in baş elmi işçisidir.  1980-ci illərin əvvəllərində A. Yekimov rəngli şüşədə ölçülü asılı kvant effektləri yaratmağı bacarıb.  Bu iş Luis Bryus və Munqi Bavendi tərəfindən davam etdirilib.

 

 

 

 

 

Munqi Bavendi 15 mart 1961-ci ildə Parisdə anadan olub, fransız və Tunis mənşəli  amerikalı kimyaçıdır. 1982-ci ildə Harvard Universitetini bakalavr dərəcəsi ilə bitirib.1988-ci ildə Çikaqo Universitetində kimya üzrə fəlsəfə doktoru dərəcəsini alıb. 2020-ci illərin əvvəllərindən Massaçusets Texnologiya İnstitutunda  professor vəzifəsində çalışır. M.Bavendi koloidal kvant nöqtəsi tədqiqatında dünyada aparıcı mütəxəssislərdən  və son on ildə ən çox istinad edilən kimyaçılardan biridir.

 

 

 

 

 

 

Luis Bryus  10 avqust 1943-cü ildə  Klivlenddə (ABŞ)  anadan olub, amerikalı fizik, fiziki kimya üzrə mütəxəssisdir. Tez-tez kvant nöqtələri sahəsinin pioneri adlandırılır. 1965-ci ildə ABŞ-ın  Rays Universitetində bakalavr, 1969-cu ildə isə  Kolumbiya Universitetində doktorluq dərəcəsi alıb. 1973-1996-cı illərdə Bellin Laboratoriyasında çalışıb. 1996-cı ildən Kolumbiya Universitetinin professorudur. O, kvant nöqtələri kimi tanınan kolloid yarımkeçirici nanokristalları  kəşf edib. 

 

 

 

 

***

Oktyabrın 6-da Nobel Sülh, oktyabrın 9-da isə iqtisadiyyat üzrə lauraeatların adları  elan olunacaq. Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək. Mükafat fonduna 11 milyon İsveç kronu  (1 milyon dollar) məbləğində pul mükafatı daxildir.

 

Oruc MUSTAFAYEV