2023/2024-cü tədris ili üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olan tələbələrlə görüş keçirilib.

 

Görüşdə rektor Yaqub Piriyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Hazırda icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramları (İDP) əsasında yeni nəsil mütəxəssislərin yetişdirildiyini deyən rektor BMU-nun ölkədə bu proqramı icra edən əsas 3 universitetdən biri olduğunu diqqətə çatdırıb. Eyni zamanda, universitetə yüksək nəticələrlə qəbul olan tələbələrin BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramına üstünlük verdiyini söyləyib.

 

Ümumilkidə qəbul imtahanlarında yüksək nəticə göstərən 176 nəfərin BMU-nu seçdiyini qeyd edən ali təhsil ocağının rəhbəri onlardan 46 nəfərinin 600-dən yuxarı bal topladığını bildirib.

 

BMU-nun “QS Avropa Universitetləri Reytinqləri 2024” cədvəlində Azərbaycan üzrə yer alan 7 universitetdən biri olduğunu fikirlərinə əlavə edən rektor ali məktəbdə elmi-tədqiqat istiqamətinin gücləndirilməsi, bütün pillələr üzrə təhsilin keyfiyyətinin daha da artırılmasına yönələn gələcək tədbir və yeniliklərdən söz açıb. Tələbələrin fərdi inkişafında müxtəlif tədris və tələbə mübadilə proqramlarının rolundan da danışan Y.Piriyev onları bu proqramlarda fəal iştirak etməyə çağırıb.

 

Sonra tələbələrin informasiya texnologiyaları və mühəndislik startaplarının yaradılması, müxtəlif profilli yarışlara maraq və bu tədbirlərdə iştirakın təmin edilməsi, tələbə təqaüdləri və s. məsələlərlə bağlı rəy və təklifləri dinlənilib, həmçinin onları maraqlandıran suallara aydınlıq gətirilib.

 

Səsləndirilən fikir və rəylərin, edilən müraciətlərin diqqətdə saxlanılacağını qeyd edən rektor innovativ təşəbbüs və ideyaların hər zaman müsbət qarşılandığını, bunun üçün tələbələrə lazımi dəstəyin veriləcəyini vurğulayıb.