Qeyd edək ki, hər il İsveç Kral Elmləri Akademiyası tərəfindən seçilən mükafat iqtisadi elmlər sahəsində ən nüfuzlu mükafat hesab olunur. Digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətində yer almayıb. Bu mükafat İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunub və ilk dəfə 1969-cu ildə verilib.

 

Nobel Komitəsinin məlumatında qeyd olunur ki, “Klaudiyo Qoldin bu il qadınların gəlirləri və əsrlər boyu əmək bazarında iştirakı ilə bağlı ilk hərtərəfli hesabatı təqdim edib. Arxivlərdən tarixi məlumatları toplayaraq təhlil edən K.Qoldin yeni və çox təəccüblü faktlar təqdim edə bilib. Evlilik və ailə məsuliyyəti səbəbindən qadınların seçimlərinin tez-tez məhdud olması onun təhlilinin və izahlı modellərinin əsasını təşkil edir. Onun fikirləri ABŞ-dan çox kənara çıxır və bir çox başqa ölkələrdə oxşar tendensiyalar müşahidə olunur. Onun araşdırmaları bizə dünən, bu gün və sabahın iş bazarlarını daha yaxşı başa düşməyə imkan verir”.

 

Tədqiqat əmək bazarında gender fərqlərinin əsas amillərini açıqlayır. Ötən əsrdə bir çox yüksək gəlirli ölkələrdə pullu işlə məşğul olan qadınların payı 3 dəfə artıb. Bu, müasir dövrdə əmək bazarındakı ən böyük sosial və iqtisadi dəyişikliklərdən biridir, lakin əhəmiyyətli gender fərqləri davam edir. İlk dəfə 1980-ci ildə tədqiqatçı bu fərqlərin mənbəyinin izahı üçün hərtərəfli bir yanaşma tətbiq edib. 

 

Klaudiyo Qoldin 14 may 1946 - cı ildə Nyu-Yorkda anadan olub, amerikalı iqtisadiyyat tarixçisidir. Kornel Universitetini bakalavr, Çikaqo Universitetini magistr və PhD dərəcələri üzrə bitirib. Harvard Universitetinin professoru və bu  ali məktəbin nəzdində İqtisadiyyat Gender Tədqiqat Qrupunun (NBER) direktorudur. Viskonsin-Madison,  Prinston, Pensilvaniya  universitetlərində dərs deyib. 2013-2014-cü tədris ilində Amerika İqtisadi Birliyinin prezidenti olub. 1990-cı ildə Harvard Universitetində  iqtisadiyyat fakültəsində çalışan ilk qadın olub. Tədqiqatları qadın işçi qüvvəsi, gender gəlir fərqi, gəlir bərabərsizliyi, texnoloji dəyişiklik, təhsil və immiqrasiya da daxil olmaqla geniş mövzuları əhatə edir.

 

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək. Mükafat fonduna 11 milyon İsveç kronu  (1 milyon dollar) məbləğində pul mükafatı daxildir.

 

Oruc MUSTAFAYEV