2020-ci ilin 17 oktyabrı tarixin səhifələrinə və təqvimə Füzulinin erməni işğalından azad olunması qürurunun təntənəsi kimi düşüb.

 

Məlumdur ki, Vətən müharibəsi zamanı ən ağır döyüşlər Füzuli uğrunda getdi. Çünki 30 il ərzində düşmən təmas xəttində elə bir möhkəm istehkam qurmuşdu ki, onu yarmaq böyük güc və zaman tələb edirdi. Lakin Azərbaycan Ordusu bunun öhdəsindən gəlməyi bacardı; Bu gücün qarşısında düşmən öz silahlarını yerə qoyub torpaqlarımızdan qaçdı. Füzuli işğalçılardan təmizləndi. Füzuli döyüşən şəhər adını qazandı. “Füzuli əməliyyatı” hərbi kitablara tövsiyə olundu. Çünki burada əsl qəhrəmanlıq göstərildi.

 

Rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edildi; ümumilikdə müharibənin gedişində rayonun 62 yaşayış məntəqəsi işğaldan qurtarıldı. Azərbaycan gerçəkdən qürur duyulası bir qələbəyə imza atdı.

 

Təəssüf doğuran tərəf isə o idi ki, biz Füzulini büsbütün dağıdılmış, viran qoyulmuş, ən pisi isə demək olar, tamamilə minalanmış bir vəziyyətdə geri aldıq. Füzuli faktiki olaraq azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Bu, böyük fəlakətdir; minaların təmizlənməsi zaman və zəhmət tələb edir. Bu faktın dəhşəti bizə işğalın tarixini, onun doğurduğu acı nəticələri heç cür unutdura bilməz.

 

Qısa haşiyə:

 

Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən 23 avqust 1993-cü il tarixində işğal edilmişdi. Düşmənlə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili oldu; 663 nəfər şəhidlik zirvəsinə ucaldı; 181 nəfər isə əsir və itkin düşdü.  

 

1386 km² ərazisi olan rayonda düşmən daş üstündə daş qoymadı. Evlər talan edildi, şəhər və rayonun tarixi-dini abidələri, türbələri dağıdıldı. Ərazi boş səhranı xatırladan bir viranəliyə çevrildi. Düşmən bu coğrafiyanın əsl sakinlərinə təəssüf ki, mina terroru kimi ağır miras buraxdı. Amma bu təəssüflər, maneələr Azərbaycanın Füzulinin ayağa qalxması üçün müəyyənləşdirdiyi inkişaf proqramının icrasını əngəlləyə bilməzdi.

                            

Füzuli rayonunun yeni inkişaf dövrü

 

Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması ilə onun inkişaf konsepsiyasının icrası start götürdü. 2021-ci il yanvarın 14-də Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Bu yolun başqa bir adı  Zəfər yolu idi və Böyük Qələbəmizi simvolizə edirdi.

 

Yol çəkilişi paralel aparıldı və fevralın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlləri qoyuldu. Füzuli şəhərinin Baş planı təsdiqləndi. Mart ayında 180 çarpayılıq xəstəxananın bünövrəsi atıldı. İyun ayında Füzuli-Hadrut avtomobil yolunun tikintisinə başlanıldı. Avqust ayında “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı oldu. Oktyabrda Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı 2022-ci ilin mayın 10-da baş tutdu. Bu hava limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı.

 

2023–cü ildə Füzuli rayonunun Pirəhmədli, Dədəli kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlləri qoyuldu.

 

2023–cü il həm də açılışlarla yadda qaldı. Belə ki, Füzuli-Hadrut avtomobil yolu istifadəyə verildi. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışları oldu. Füzuliyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin gəlişi, əhəmiyyətli infrastruktur layihələrin açılışlarında iştirakları Türk xalqları arasında qardaşlığın simvolu kimi tarixə düşdü. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzinə çevrildi. Füzuli bu dostluqları yenidən möhkəmləndirən ünvan olmaqla, həm də belə böyük qələbəliyə  şahidlik etdi.     

 

Füzuliyə qayıdış

 

Qısa zamanda görülən bu işlər, rayonun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələrin sürətlə icra olunması imkan verdi ki, məcburi köçkünlər mərhələli şəkildə öz yurdlarına geri dönsünlər. Beləliklə, qayıdış başladı. oktyabrın 12-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salındı. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürüldü. Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Bununla da Füzuli şəhərində 208 ailənin, yəni, 749 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Bu, təbii ki, tam siyahı deyil. Görülən işlər qısa müddət üçün böyük olsa da, Füzulinin tam tikilməsi, inkişaf etdirilməsi qarşıdakı zamanların öhdəsindədir. Prezident İlham Əliyevin dediyi kimi: “Biz yalnız zamanla yarışırıq”.

 

Yarışdığımız bu zaman işğaldan öncəki işıqlı, səsli-küylü, firavan Füzulini bizə geri qaytaracaq!

 

Vəfa ALLAHVERDİYEVA