“Azərbaycan məktəbi” jurnalının növbəti sayında...


Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının “Heydər Əliyev İli”ndə işıq üzü görən üçüncü sayı Ulu Öndərin təhsil haqqında söylədiyi “Təhsil millətin gələcəyidir”  fikri ilə yola çıxıb. Tariximizin qızıl səhifəsini yazan, təhsilimizin uğurlu bünövrəsi əsasında yetişən və bizə şanlı Zəfəri qazandıran Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti, iqtisadiyyatımızın yüksəlişi müəllimlərimizin peşəkarlığının və özünüinkişafa doğru səylərinin nəticəsidir. Jurnalın üz qabığında əks olunmuş rəmzlər isə bizim yol xəritəmiz və inamımızın ifadəsidir.

 

Jurnalın baş redaktoru Arzu Soltan oxuculara müraciətində bu fikri belə vurğulayıb: “Tarixin indiki şərəfli və məsuliyyətli mərhələsində elmin rolu, təhsilin gücü bir daha özünü göstərməkdədir. Jurnalımızın hədəfi bu danılmaz qüvvənin hərəkətvericilərinə, elm və təhsil proseslərinin iştirakçılarına faydalı olmaqdır”.

 

Jurnalın bu sayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Soltan Hüseynoğlunun “Ədəbiyyat dərslərində interpretasiya”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı Anar Xələfovun “İnklüziv siniflərdə tətbiq olunan pedaqoji metodların təhlili”, Xəzər Universitetinin pedaqogika tarixi və nəzəriyyəsi ixtisası üzrə magistrantı Səlimə Hüseynovanın “Şagirdlərin riyaziyyat anlayışı ilə bağlı düşüncələrinin metafor vasitəsilə tədqiqi”, Xəzər Universitetinin təhsilin təşkili və planlanması üzrə doktorantı Oluvaseyi Olubunmi Sodiya və Xəzər Univeristeti Dünya Məktəbi kompleksinin koordinator/məsləhətçisi (layihələr üzrə) Afət Nəbiyevanın “Layihəəsaslı öyrənmə: şagirdlərin xidmət və öyrənmə layihəsinin məktəb icmasının sağlamlıq və rifah haqqında məlumatlılıq səviyyəsinə təsirinin araşdırılması”, Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə elmlər doktoru, sosiologiya üzrə elmlər doktoru, professor Aleksandr Teslenkonun “Müasir məktəbdə gənclərlə iş: Qazaxıstan təcrübəsi”, Azərbaycan Respublikası Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin mütəxəssisi Aysel Quliyevanın “Məktəbəqədər təhsil pilləsində Montessori, Valdorf və Reggio Emilia öyrənmə nəzəriyyələrinin əhəmiyyəti”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı Günel Babayevanın “Yazılı imtahanların qiymətləndirmənin etibarlılıq prinsipinə uyğunluğu”, Xəzər Universiteti Dünya Məktəbi kompleksinin direktoru Nazpəri Bayramovanın “Ümumtəhsil məktəblərində innovasiyaların tətbiqinin əhəmiyyəti”, Xəzər Universitetində pedaqogika nəzəriyyəsi və tarixi üzrə magistrant Məsməxanım İskəndərlinin “Ümumi təhsildə bullinq və kiberbullinq, onlara qarşı mübarizə üsulları”, Xəzər Universitetində pedaqogika nəzəriyyəsi və tarixi üzrə magistrant Nərgiz Məmmədovanın “Məktəb mühitində sosial ədalətin önəmi” başlıqlı məqalələri təhsil prosesinə təsir göstərən amillər, keyfiyyətli təhsilə nail olunması yolları, beynəlxalq təcrübə və təhsilin sosial məqamları, inklüziv təhsildə istifadə olunan metodlara və s. mövzulara həsr olunub.

 

Məqalələri jurnalın çap versiyasından, eləcə də internet səhifəsindən oxuya bilərsiniz.