Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Dövlət İqtisad Universitetinin ev sahibliyi ilə Elm və Təhsil Nazirliyi və QS Agentliyi arasında icrası davam edən layihənin iştirakçısı olan 6 ali təhsil müəssisəsi və müvafiq ali məktəblərlə affiliasiya olunan elmi-tədqiqat institutlarının nümayəndələri (analitiklər, kitabxanaçılar, beynəlxalq əlaqələr üzrə əməkdaşlar, elmi fəaliyyət üzrə məsul şəxslər və s.) üçün “Scopus” və “ScienceDirect” elmmetrik bazalarından istifadənin daha səmərəli təşkili, tədqiqat səriştələrinin təkmilləşdirilməsi və tədqiqat mədəniyyətinin formalaşdırılması məqsədilə təlimlər təşkil edilib.

 

“Elsevier” şirkəti tərəfindən “Özünü qiymətləndirmə, hədəf müəyyən etmə və uzun müddətli planlaşdırma”, “Data əsaslı qərar qəbuletmə”, “Tədqiqat infrastrukturunun inkişafı üçün potensialın yaradılması”, “Akademik heyət və tədqiqatçılar üçün baza kompetensiyalar” kimi mövzularda 5 gün davam edən təlimlərdə qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə cari ilin 14 iyun tarixində bütün ali təhsil müəssisələri və elmi-tədqiqat institutları üçün “Scopus”a çıxış imkanının təmin edilməsi məqsədi ilə “Elsevier” şirkəti ilə müqavilə imzalanıb.