Təhsilin bu pilləsində yüksəlişin bünövrəsi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə qoyulub


Son 5 ilin rəqəmlərinə görə, hər il peşə təhsili müəssisələrinə qəbulda 10 faizdən çox artım olub. Bu gedişlə  2026-cı ildə 2021-ci illə müqayisədə tələbə sayı təxminən 50 faiz artacaq. Bu inkişaf “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun davam edir. Yəni ölkədə inkişaf plana uyğun gedir. Təhsildəki inkişaf bu prosesin təməl daşı olan bir sənəd, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə başlayıb.

 

Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan Dövlət Strategiyasının icrası nəticəsində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib. Qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.

 

Yüksəlişdə olan peşə təhsili

 

Strategiyanın icrası nəticəsində peşə təhsili pilləsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Dövlət  başçısının fərman və sərəncamları ilə 2016-cı ildən peşə təhsilində aparılan fəaliyyət ardıcıl, davamlı xarakter alıb, mərkəzləşdirilib. Bir-birinin ardınca verilən qərarlar növbəti addımın reallaşmasını sürətləndirib. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq, Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, “Peşə təhsili haqqında” Qanun qəbul edilib. Qanunda peşə təhsili üzrə 3 səviyyədə - ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili səviyyəsində kadr hazırlığı nəzərdə tutulub. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü və əməkhaqları, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqları artırılıb.

 

Təmayülləşmə

 

Tam orta təhsil səviyyəsində təmayülləşmənin təşkili Strategiyanın ən əhəmiyyətli hədəflərindən biridir.

 

Ümumtəhsil müəssisələri məzunlarının gələcək ixtisaslarını müəyyənləşdirməsi, həmin ixtisaslar üzrə daha dərindən  bilik, bacarıq və kompetensiyalar əldə etməsi baxımından vacib hesab edilən təmayülləşmə müxtəlif təmayül istiqamətləri üzrə X-XI siniflərdə aparılır. Şagirdlərin 30 faizindən çoxunun cəlb edildiyi təmayül siniflər özünü doğrultduğundan proses genişləndirilib. Peşələrlə tanışlıq, peşələrə maraq yaradılmasına ümumi təhsil müəssisələrindən başlanıb. Belə ki, məktəblərdə həm ayrı-ayrı fənlər, həm də peşə istiqamətləri üzrə təmayül siniflər yaradılıb.

Təhsilalanların peşə seçiminə və əmək  fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi  məqsədi ilə X siniflərdə peşə təmayüllü siniflər açılıb. 20 ümumi təhsil müəssisəsindən başlayan proses böyüdükcə böyüyüb. Təkcə bu tədris ilində daha 116 məktəbdə peşə təmayüllü sinif təşkil olunub. Hazırda 232 peşə təmayüllü sinif 196 məktəbdə 3500-dən çox şagirdi əhatə edir. Və məktəbi bitirəndə azı 2 peşə ilə bağlı məlumatı və minimum bilik və bacarığı olan gənclərin sayı ildən-ilə artır.

 

Təhsildə idarəetmə: peşə təhsili müəssisələrində yeni  mexanizm işə düşür

 

Daha bir istiqamət təhsildə müasir idarəetmə sisteminin formalaşdırılmasıdır. Təbii ki, nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan bir sistemdən söhbət gedir. Bu istiqamətdə əsas hədəflərdən biri məhz təhsil sahəsində tənzimləmə və idarəetmə funksiyalarının təkmilləşdirilməsidir. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan bu istiqamət üzrə həyata keçirilən işlər kifayət qədər əhəmiyyətlidir.

 

Təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və rasionallaşdırılması da bu istiqamət üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu, özünü həm də peşə təhsili sahəsində göstərib. Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə ixtisaslaşmış peşə təhsili mərkəzləri yaradılıb. 55 peşə təhsili müəssisəsinin bazasında 24 ixtisaslaşmış peşə təhsili mərkəzi fəaliyyətə başlayıb.

 

Strategiyanın icrası nəticəsində Koreya təhsil standartları əsasında  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi fəaliyyətə başlayıb. Hər kəsin təəccüb və maraqla izlədiyi bu proses uğurla başa çatıb. 2020-2021-ci tədris ilindən etibarən Bakıdakı bu Peşə Təhsil Mərkəzində yüksək texniki peşə - subbakalavr səviyyəsinin tədrisinə başlanılıb və bu il həmin subbakalavrlar məzun olub. Onların bəziləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq imkanından da yararlanıblar.

 

Yüksək texniki peşə və texniki peşə səviyyələrində təhsil alanlar 2023-2024-cü tədris ilindən təhsil tələbə kreditindən də yararlanırlar.

 

Dəyişməyən nə qalıb?

 

Strategiyanın imzalanmasından 10 il sonra sənədin icrasına başlanan ilk illərə baxıb bunu düşünməmək mümkün deyil. Bu illər ərzində peşə təhsilinə yanaşma tamamilə dəyişib və bu təhsil pilləsi təhsil siyasətinin əsas prioritetlərindən birinə çevrilib.

 

Hazırda ən müasir avadanlıqlarla təchiz olunma və beynəlxalq standartlara uyğun peşə təhsili vermək imkanına malik Bakıda, Bərdədə, Qəbələdə, Gəncədə, İsmayıllıda və Cəlilabadda müasir peşə təhsil müəssisələri fəaliyyət göstərir, Lənkəran şəhərində yeni peşə təhsili müəssisəsinin tikintisi gedir.Günümüzdə ən vacib istiqamətlərdən biri işğaldan azad olunan ərazilərdə peşə təhsilinin təşkilidir. Ötən il Füzulidə bünövrəsi qoyulan müasir peşə təhsili liseyində iqtisadiyyatın inkişaf prioritetlərinə uyğun ixtisaslara üstünlük veriləcək.

 

2026-cı ilə qədər Tovuz, Qax, Quba rayonları və Sumqayıt şəhərindəki peşə liseylərində yeniləmə işləri başa çatacaq və bununla da ölkəmizin əsas şəhər və rayonlarında keyfiyyətli, müasir peşə təhsili almaq mümkün olacaq.

 

Göründüyü kimi, Azərbaycanda müasir peşə təhsilinin hazırda qərar tutduğu yer 10 il bundan əvvəlkindən çox uzaqlaşıb. Qəbələ və Bərdə peşə təhsili müəssisələrinin tələbələri Almaniyada 8 aylıq təcrübə proqramı keçir. Türkiyə ilə imzalanan protokola görə, ortaq idarə edilən peşə təhsili müəssisələri yaradılacaq. Müəssisənin ixtisas kurikulum proqramları Türkiyədə təsdiq olunacaq. Azərbaycan qanunvericiliyi ilə təsbit olunmuş ümumtəhsil fənləri və digər ixtisasların tədrisi əvvəlki qaydada davam edəcək. Tezliklə bu proqramla qəbul aparılacağına ümidlər isə hər gün bir az da artır.

 

Hətta Türkiyə-Azərbaycan birgə peşə təhsili müəssisəsində təhsil alan tələbələrə həm Azərbaycanın, həm də Türkiyənin diplomunun verilməsi nəzərdə tutulur. Avropa İttifaqı ölkələri ilə də ikili diplom proqramlarının yaradılması ilə bağlı araşdırmalar aparılır.

 

Peşə təhsilinin keyfiyyətini ölçmək üçün əsas göstəricilərdən biri məzunların əmək bazarında uğurudur. Ona görə də peşə təhsili müəssisələrinin özəl sektorla əməkdaşlığına böyük önəm verilir və kadrların hazırlanmasında peşə təhsili müəssisəsi ilə yanaşı, işəgötürən də iştirak edir. “Dual təhsil” adlanan bu metodla son 3 ildə 1600-dən çox tələbə təhsil alıb. “Dual təhsil” hazırda 70-dən çox işəgötürənlə birgə 9 regionu əhatə edir.

 

Yeni maliyyələşmə mexanizmi

 

Peşə təhsilində bu günün əsas mövzusu bu ildən ilk dəfə olaraq peşə təhsili sahəsinin maliyyələşdirilməsindəki yenilikdir. Artıq peşə təhsili müəssisələrində də adambaşına maliyyələşmə sisteminə keçilir. İlk mərhələdə  8 müəssisə bu sistem əsasında maliyyələşəcək.  Qeyd edək ki, yeni maliyyələşmə mexanizmində hər bir təhsilalanın illik xərci nəzərə alınır və ayrılan vəsait səmərəli istifadə edilir. Mütəxəssislərin fikrincə, bu, hansı müəssisənin daha yaxşı kadr hazırladığını müəyyənləşdirməyə imkan verəcək və uzunmüddətli perspektivdə müəssisələrarası rəqabəti artıracaq.

 

Bundan başqa, özünüidarəetmə imkanı yaradacaq. Müəssisələrin əldə olan vəsaiti idarə edə bilmələri üçün müəyyən qədər muxtariyyəti olacaq. Xərcləri daha optimal həyata keçirə bilən müəssisələr həm işçilərin rifahını yaxşılaşdıra, həm də özünün tədris prosesini inkişaf etdirə biləcək.

 

Dəyişiklik və inkişaf şərtdir

 

Bu gün peşə təhsili ölkəmizin təhsil siyasətində əsas prioritetlərdən biridir. Çünki peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verəcəyi, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət edəcəyi, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edəcəyi şübhə doğurmur. Odur ki, aparıcı sayılan bu təhsil pilləsində mütəmadi dəyişiklik və inkişaf, çevik idarəetmənin təmin edilməsi şərtdir.

 

Ruhiyyə DAŞSALAHLI