(Azərbaycan ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesində universitetlərin filoloji fakültələrində ingilis və Azərbaycan dilli mətnlərin kommunikativ aspektlərində mübtədanın aktuallaşması məsələsinin internet resursları əsasında öyrədilməsi təcrübəsindən)


Cümlə üzvlərinin mətn daxilində aktual üzvlənməsi kommunikativliyin qurulma mexanizmindən asılı olub, müxtəlif  vəziyyətlərdə özünü təzahür etdirir və mübtəda da aktuallaşmaya məruz qalaraq cümlə üzvlərindən biridir. İngilis və Azərbaycan dilinin müqayisəli tədrisi prosesində tələbələrə mübtədanın aktuallaşması yolu ilə yaranan mətnlərin yeni təlim və üsullarla öyrədilməsinin olduqca mühüm əhəmiyyəti vardır və burada internet resurslarından istifadə olunması xüsusi önəm kəsb edir.

Azərbaycan və ingilis dilləri müxtəlif sistemli dillərdən olsalar da, həmin dillərin mətnlərinin kommunikativliyinin yaranmasında cümlə üzvlərinin aktuallaşması universallıq təşkil edir, eyni dərəcədə mühüm əhəmiyyət daşıyır. Hər iki müxtəlif sistemli dillərdə aktuallaşma söz sırasının formal qrammatik vasitələr və periodik elementlərin hesabına razılaşdırılır. Mətnin kommunikativliyində söz sırasının dəyişdirilməsini, yəni inversiya yolu ilə aktuallaşmanı gerçəkləşdirmək olur.

Formal – qrammatik vasitələrin iştirakı ilə düzələn mətnlərin kommunikativliyində aktuallaşdırmanı həyata keçirmək mümkündür. Prosedik aktuallaşma yolu ilə əmələ gələn mətnlərdə kommunikativlik əsas şərt kimi qəbul olunur. Azərbaycan ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesində universitetlərin filoloji fakültələrində mətnin kommunikativ mövqelərində cümlə üzvlərindən biri kimi mübtədanın aktuallaşma meyarlarının internet resursları əsasında təlimi olduqca vacib hesab edildiyindən məqalədə bu problemin öyrədilməsi, mənimsədilməsi üsul və yollarından danışılır.

 

Azərbaycan nəzəri dilçiliyinin təlimi prosesində müşahidələrimiz əsasında deyə bilərik ki, cümlə üzvlərinin aktuallaşma probleminə ya toxunulmur, ya da ki təlim zamanı tezisvari şəkildə bir neçə fikir söyləməklə üstündən keçilir. Halbuki metodiki istiqamətdəki araşdırmalarımız göstərir ki, suprasintaktik səviyyənin, aktual səviyyənin öyrənilməsi və öyrədilməsi çox vacibdir, yalnız bu yolla qohum və müxtəlif sistemli dillərin kommunikativlik imkanlarına, dialoji və monoloji nitqin nə üçün bu və ya digər şəkildə qurulma mexanizmini müəyyənləşdirmək mümkündür. Praktik cəhətdən bu problemin tədris prosesində öyrənilməsinin əhəmiyyəti onunla şərtlənir ki, azərbaycanlı tələbələr ingilis dilinin sintaktik normalarını dərindən mənimsəsin, danışıq dilinin şivələrinə mükəmməl şəkildə yiyələnsinlər. Aktual üzvlənmənin elmi-nəzəri aspektləri barədə dünya dilçiliyində xeyli tədqiqatlar aparılıb, hətta bu sahədə linqvistik konsepsiyalar da yaradılıb. Çex dilçisi V.Matezius aktual üzvlənmə problemini linqvistik zəminə qaldırıb və tədqiqatçı söyləmin kommunikativ funksiyasını ön plana çəkməklə aktuallaşma barədə müasir təlimin yaradıcısı kimi şöhrət tapıb. V.Matezius aktual üzvlənmənin dil hadisəsi olduğunu sübut etməklə, cümlənin qrammatik üzvlənməsi ilə söyləmin aktual üzvlənməsinin oxşar və fərqli cəhətlərini aşkar edib, onların bir çox hallarda qarşı-qarşıya durduğunu izahlayıb.

Filoloji fakültələrin mətn sintaksisi bəhsini öyrənməyə çalışan tələbələr bilməlidirlər ki, potensial sintaksis ilə aktual sintaksis üzvi şəkildə bağlı olduğuna görə qrammatik üzvlənmə ilə aktual üzvlənmə arasında əlaqə və yaxınlıq olduqca güclüdür. İnternet resurslarında ingilis və Azərbaycan dillərinə məxsus potensial sintaksis ilə aktual sintaksisə dair zəngin elmi-nəzəri məlumatlar, elmi-nəzəri materiallar əksini tapıb.

Bu elmi-nəzəri fikirləri tələbələrə tədris etmək üçün, eyni zamanda burada ingilis və Azərbaycan şair və yazıçılarının əsərlərinə dair bədii nümunələr də mövcuddur. Bunlara istinad etməklə, tədris prosesində yeni təlim üsullarını tətbiq etməklə mətndə mübtədanın aktuallaşmasını, elmi-nəzəri informasiyaları tələbələrin təfəkkürünə yeritmək mümkündür və bu, olduqca səmərəli nəticələr verir. Tələbələrdə dil – şüur bacarığını formalaşdırmaqda mübtədanın aktuallaşdırılmasını anlatmaq, dərk etdirmək müəllimdən xüsusi məharət tələb edir və internet resurları tələbələrin dil haqqında, mətn sintaksisi barədəki fikirlərini zənginləşdirir, onlarda nitq və təfəkkürün inkişafını şərtləndirir, dilin sintaktik yaruslarını dərindən öyrənməyə hədəfi artırır. Tələbələr internet resurslarından aldıqları məlumat və informasiyalar əsasında mətndə mübtədanın aktuallaşmasına dair maraqlı məntiqi suallar verirlər: Mətndə mübtəda hansı mövqelərdə aktuallaşmaya məruz qalır? Mətndə invariantların yaranması, transformasiyalara ayrılması mübtədanın aktuallaşmasına necə təsir göstərir? İnversiyanın mübtədanın aktuallaşmasındakı rolu necədir? İngilis və Azərbaycan dillərinə aid mətnlərdə cümlənin baş üzvü kimi mübtədanın aktuallaşması hansı səviyyələrdə baş verir və s. Bu kimi düşündürücü sualları özü cavablandımaqla o, internet resurslarından, eyni zamanda elmi-nəzəri mənbələrdən aldığı məlumatların texniki tərəflərinə yox, onların məna-məzmun cəhətlərinə daha çox diqqət yetirməli olacaqdır. Müasir dövrdə hər hansı bir linqvistik kateqoriyanın özəl cəhətlərini dərindən mənimsəmək üçün internet resursları olduqca mühüm əhəmiyyət daşıyır və mübtədanın aktuallaşdırılması probleminin öyrədilməsi xüsusi önəm kəsb edir, onlar güclü potensial ehtiyatlar, həm də zəngin bilik mənbəyi kimi tələbənin əqli qabiliyyətini daha da inkişaf etdirir. Elm və texnikanın yüksək templə inkişaf etdiyi bu dövrdə ali təhsil müəssisələrinin filoloji fakültələrində çalışan müəllimlərin əsas vəzifəsi Azərbaycan və ingilis dillərinin müqayisəli, konstraktiv yolla təlimin keyfiyyətini yüksəltmək, səmərəsini artırmaq, ən vacib əməli və zehni iş bacarıqları aşılamaq, mətn mühitində mübtədanın aktuallaşması problemini də (təlimin bir zərəri kimi – K.H) müvafiq təlim və üsullarla öyrətməkdən ibarət olmalıdır. Deduktiv, induktiv, interaktiv təlim metodları ilə müəllim və tələbənin səyi birləşdirilməli, hər iki tərəf internet vasitələrindən istifadə etməklə aktiv mövqe tutmalıdır. Əgər tələbə bu yolla təlimə maraq göstərmirsə, müəllim öyrətmənin başqa üsul və vasitəsinə əl atmalı, özünün uzunmüddətli pedaqoji erudisiyasını, intellektini işə salmalı, tələbədə quru, sxolastik əzbərçiliyə qətiyyən yol verilməməlidir. V.A.Suxomlinski tələbələri və ya şagirdləri müstəqil işə alışdırmağın təlimdə əzbərçiliklə mübarizənin mühüm vasitəsi kimi qiymətləndirirdi. Onun nəzərincə, “əzbərçilik tələbənin əqli qüvvəsini tükəndirir, beyni şikəst edir”. Azərbaycan və ingilis dillərində mətn haqqında məlumatları, elmi bilikləri tələbələr bilmədən, dərk etmədən digər cümlə üzvləri kimi mübtədanın da aktuallaşması məsələsini dərindən mənimsəyə bilməzlər. Ona görə də tədris prosesində öncə Azərbaycan və ingilis dilli mətnlər, onların struktur-semantikası haqqında məlumat verməklə, mübtədanın aktuallaşması məsələsinə keçmək özünü daha yaxşı doğruldur. Məlumdur ki, mətn güclü mövqelərdə yaranır və bu, ingilis və Azərbaycan dillərinin sintaktik strukturu üçün eyniyyət yaradır; məntiqi vurğunun, söz sırasının dəyişdirilməsi ilə mübtəda öz yerini başlanğıc, orta, son vəziyyətlərdə göstərir. Başqa sözlə, aktuallıqla əlaqədar olaraq mübtəda və determinant öz yerini dəyişir, çünki onlar məntiqi vurğunun köməyi ilə müşayiət olunur. İngilis və Azərbaycan dillərində sintaktik quruluşdan asılı olaraq özünəməxsus sırası və məntiqi vurğusu mövcuddur. Tələbələr praktik testlər əsasında dərk etməlidirlər ki, Azərbaycan dilində məntiqi vurğu cümlədə xəbərdən əvvəl yerləşən üzvün üzərinə düşür. “Aktuallaşma zamanı mətndə olan üzvlərdən biri mühüm informasiyanı o dəqiqə ötürə bilmir. Yeni məlumat mətnin strukturundakı müəyyən mövqe əsasında verilir. Cümlə sırasında invariantlılıq meydana çıxır. İlkin quruluşundan – variantlılıqdan fərqlənən mətnin invariantlılığı subyektiv xarakter daşıyır. Mətnin çıxış nöqtəsi invariantlılığa doğru inkişaf edir. Adətən, ilkin – çıxış nöqtəsində, poziyiyasında mübtədadır, sonuncu pozisiya isə xəbərdir. Bu cür söz sırasından əvvəl tema, sonra rema gəlir. Aktuallaşma mətndə postpozisiyada və prepozisiyada müşahidə olunur”. Azərbaycan dilinə məxsus mətnlərdəki mübtəda güclü və zəif pozisiyalarda çıxış edərək inversiyanın tələbləri ilə bağlı olaraq aktuallaşır. “Mübtəda  güclü pozisiyada əsas – bazis cümlələrdən qopur, parselyasiya deyilən hadisəyə uğrayır, yenidən əvvəlki cümləyə qoşulmaqla mübtəda aktuallaşır”. Mətn zəif pozisiyada həmcins üzvlər hesabına genişləndirməklə mübtədanı aktuallaşdıra bilər. Söz sırası ingilis dilində sabit olduğundan cümlə üzvlərinin aktuallaşdırılmasında tema və zamanı kommunikasiyada ifadə etmək üçün əlavə vasitələrə müraciət etmək lazım gəlir. Belə məqamlarda intonasiya, fraza vurğusu, məntiqi vurğu, ədatlar, artikllardan istifadə etmək lazım gəlir. Azərbaycan və ingilis dillərinə aid mətnlərdə mübtədanı reallaşdıran vasitələri, ifadəli sintaktik birləşmələri aktuallaşdırma məqamlarında modelləşdirmək yolu ilə müqayisəli və tipoloji – konstruktiv şəkildə tələbələrə öyrətmək lazımdır.

Tələbələrin diqqətinə zəngin modelləşdirmək vasitəsilə çatdırmaq zəruridir ki, müxtəlif cür modelləşən, yaxud remalaşan mübtəda ingilis dilində qeyri-müəyyənlik bildirən artiklla, Azərbaycan dilində də qeyri-müəyyənlik bildirən köməkçi sözlərlə reallaşdırılır, həyata keçirilir.

 

Universitetlərin filoloji fakültələrində internet resursları əsasında ingilis və Azərbaycan dillərinə məxsus mətnlərdə cümlə üzvü kimi mübtədanın remalaşması və temalaşması və bu xüsusda aktuallaşma aspektlərini tələbələrə öyrətmək üçün aşağıda göstərilən metodik tövsiyələrə dərindən bələdçilik olmalı və onlara ciddi riayət edilməlidir:

 

1) Mətni formalaşdırma linqvistik vasitələri təyin etmək, müəyyənləşdirmək yollarını mənimsəmək, onları mükəmməl bilmək;

2) Mətndə mübtədanın aktuallaşma problemini dil-şüur müstəvisində öyrənmək;

3) Tələbə mətndə mübtədanın aktuallaşması ilə bağlı elmi-nəzəri fikirlərini müstəqil şəkildə ifadə etmək, onu praktikaya cəlb etmək, onun haqqında müstəqil test tapşırıqları tərtib etməyi bacarmalıdır;

4) Tələbə mətnin məntiqi cəhətlərinə ciddi diqqət yetirməklə cümlənin hissələrini ayırmaq, onlar arasında qarşılıqlı əlaqə və asılılığı müəyyən etməyi bacarmalı və bu xüsusda mübtədanın aktuallaşma meyarlarını, pozisiya və mövqelərini düzgün təyin etməlidir;

5) İnternet resursları üzrə həmin mənbədə əksini tapmış bədii üsluba aid mətnlərdə aktual üzvlənmənin bütün tərəflərini, linqvistik vasitələrini müstəqil şəkildə araşdırmaq və orijinal təhlillər aparmaq missiyasına yiyələnməlidir və s.

 

 

(“Bu iş Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilib).  

 

Könül Həsənova,

filologiya üzrə fəlsəfə doktoru