“Susma, səsini eşitdir!” layihəsi çərçivəsində növbəti tədbir 78, 90, 137, 198 və 296 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə keçirilib.

 

Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

 

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Şahanə Bağırova, Ramana qəsəbə bələdiyyəsinin sədri Turqay Qəribov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Öncə məktəblilər məişət zorakılığı, erkən nikah, təhsildən yayınma halları və onların fəsadları barədə hazırladıqları kompozisiyaları nümayiş etdiriblər.

 

Tədbirdə çıxış edənlər insan hüquq və azadlıqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi yönündə həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı və gender probleminin həlli istiqamətində təşkil olunan silsilə tədbirlərdən söz açıblar.

 

 Sonda “Susma, səsini eşitdir!” layihəsinin icrasında fəal iştirak edən məktəblilər diplom və hədiyyələrlə təltif olunublar.

 

Qeyd edək ki, layihə çərçivəsində hər ay Sabunçu rayonu üzrə məktəblərdə insan hüquqları, məişət zorakılığı, erkən nikah, təhsildən yayınma, bullinq və digər mövzularda maarifləndirmə işinin gücləndirilməsi nəzərdə tutulur.