Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) assosiativ tərəfdaş olaraq qoşulduğu, Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlər Portuqaliyanın Ali Texniki İnstitutunda öz işinə başlayıb.

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, layihədə iştirak edən 11 Azərbaycan  ali təhsil müəssisəsinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri, eləcə də layihənin İsveç, Polşa, İspaniya və Estoniyadan olan xarici tərəfdaş universitetlərinin nümayəndə heyətləri Portuqaliyaya işgüzar səfər ediblər. Təlim səfərində ADPU-nu Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova təmsil edib. Təlimlərin əsas məqsədi innovasiya və sahibkarlıq fəaliyyətləri və tədbirlərinin universitetdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsidir.                                                       

 

5 günlük təlim proqramına uyğun olaraq iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyası, texnologiya əsaslı sahibkarlıq proqramları kimi mövzularda təqdimatlarla tanış olub, müzakirələr aparıb, o cümlədən  Lissabonda yerləşən bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərini ziyarət ediblər.                                                                                             

Təlimlərin yekununda layihənin cari vəziyyətinin təhlili aparılıb və gələcək 6 ay üçün fəaliyyət planı tərtib edilib, eləcə də layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə 5 gün müddətində keçirilən təlim və təqdimatlara əsasən komanda işləri təşkil olunub, portuqaliyalı partnyorlarla qarşılıqlı fikir mübadilələri aparılıb.