Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ölçmə-nəzarət və idarəetmə laboratoriyasının açılışı olub.

 

İnformasiya texnologiyaları və nəzarət fakültəsinin cihaz alətləri kafedrasının nəzdində fəaliyyət göstərən laboratoriyanın açılış mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əsgərov, dosent Fərid Ağayev, doktorantlar və işçi heyəti ilə yanaşı, cihaz alətləri kafedrasının müdiri professor Lalə Bəkirova iştirak ediblər.

 

Dosent V.Əsgərov yeni açılan laboratoriyanın elmi işlərin praktiki tətbiqinə və irəliləməsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Ölçmə texnikası kafedrasının müdiri professor Lalə Bəkirova laboratoriyanın imkanları, quraşdırılan müasir ölçmə-nəzarət cihazları haqqında məlumat verib. O, laboratoriyanın kafedra daxilində praktiki məzmunun zənginləşdirilməsində mühüm rolunu vurğulayıb. Qeyd edib ki, bakalavr və magistr tələbələri PLC və HMI proqramlaşdırması vasitəsilə mühərriklər, klapanlar, qızdırıcılar və s. kimi aktuatorlara nəzarət etməklə yanaşı, temperatur, səviyyə və təzyiq ölçmələrini praktiki olaraq tətbiq edə bilirlər.

 

Dosent F.Ağayev laboratoriyanın tələbələrin və gənc tədqiqatçıların praktiki fikirlərdən istifadə etməsində və bu sahədə müxtəlif tədqiqat və problemlərin həlli metodologiyalarını sürətlə mənimsəməsində rolundan bəhs edib.

 

Qeyd edək ki, yeni yaradılmış laboratoriyanın təchiz olunmasında “Sentra” şirkətinin Avtomatik İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları şöbəsinin müdiri Səməd Hüseynov,  “BP” şirkətinin elektrik mühəndisi Elcan Əliyev, “PROETA Packaging Equipment” şirkətinin Elektronika və Avtomatlaşdırma Mühəndisi və Aviation Services Group şirkətinin proseslərin avtomatlaşdırılması üzrə eksperti Stanislav Aqametov iştirak ediblər.