Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Məzunlar Assosiasiyasının (ADPU GMA) təsis konfransı keçirilib.

 

Konfrans iştirakçıları, əvvəlcə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsini və Pedaqoji Universitetin şəhid tələbə və məzunlarının xatirələrinin anıldığı “Zəfər guşəsi”ni ziyarət ediblər.

 

Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Rüfət Əsədzadə, ADPU Gənc Məzunlar Assosiasiyasının İdarə Heyətinin üzvləri, eləcə də, müxtəlif sahələrdə fəaliyyət göstərən məzunlar, ADPU-nun Strateji İnkişaf Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə icra etdiyi “Məktəb liderliyi” proqramının məzunları və tələbə təşkilatlarının sədrləri, ictimai fəal tələbələr iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən rektor C.Cəfərov qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq, ADPU-nun bir qrup fəal məzunundan ibarət təşəbbüs qrupu tərəfindən yaradılması təklif edilən və Pedaqoji Universitetin dəstək verdiyi Gənc Məzunlar Assosiasiyası məzunların şəbəkələşmiş fəaliyyətini təşkil etməyə, eləcə də, universitetin məzunlarla sistematik əlaqələrinin inkişafına, qarşılıqlı faydalı layihələrin icrasına imkan yaradacaq, həm məzunların, həm də universitetin fəaliyyətinə əlavə ictimai dəstək mexanizmi formalaşdıracaq.

 

Çıxış edənlərdən prorektor  F.Rzayev, prorektor K.Pirverdiyeva, AGMA-nın sədri R.Əsədzadə də öz növbələrində dünya praktikasında mövcud olan bu təcrübənin ölkəmizdə ilk dəfə Azərbaycanın ən köklü ali təhsil ocaqlarından biri olan Pedaqoji Universitetdə tətbiq olunmasının əhəmiyyətini xüsusi vurğulayaraq assosiasiyanın işinə uğurlar arzulayıblar.

 

Daha sonra təşəbbüs qrupunun rəhbəri və assosiasiyanın İdarə Heyətinin sədri Eltac Cəbiyev təşkilatın Əsasnaməsini və İdarə Heyətinə təklif olunan üzvlərin siyahısını iştirakçıların diqqətinə çatdırıb.

 

Konfrans nümayəndələri assosiasiyanın təsisi və İdarə Heyəti üzvlərinin təsdiq olunması, eləcə də, təşkilatın Əsasnaməsinin ADPU-nun Elmi Şurasında təsdiqi üçün tövsiyə olunması haqqında yekdil qərar qəbul ediblər.

 

Daha sonra çıxış edən məzunlar da öz təəssüratlarını bölüşüb, assosiasiyanın təhsil sahəsində faydalı ictimai təşəbbüs kimi müsbət nümunə olacağına əminliklərini ifadə ediblər.

 

Qeyd edək ki, ADPU GMA-nın İdarə Heyətinin sədri Eltac Cəbiyev, sədr müavinləri Rəşad Nəsibov və Günay Əkbərova, Nəzarət-təftiş Komitəsinin sədri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq üzrə koordinator Cavid Hüseynov, Partnyorlarla iş üzrə koordinator Günay Nəzərova, Beynəlxalq əlaqələr üzrə koordinator Hakan Köse, Layihələrlə iş üzrə koordinator Nigar Xıdırova, Məzunlar və Klublarla iş üzrə koordinator Asim İbrahimov, Könülllülərlə iş üzrə koordinator İsmayıl Nəsirovdur.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ADPU GMA-nın tərəfdaş qurumudur.