Məktəbli startapçılar ideyalarını gerçəyə çevirirlər


Bakı məktəblərində bir ildən çoxdur ki, “Məktəbli startapçılar” layihəsi reallaşdırılmaqdadır. 2022-ci ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən start verilən “Məktəbli startapçılar” adlı layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar şagirdlərin uğurlu startap layihələrindən bəhs olunur.

 

Layihənin məqsədi yaradıcı və yenilikləri ilə fərqlənən, sadəcə məktəbdə öyrəndikləri ilə kifayətlənməyib daha çox məlumat əldə etməyə çalışaraq fərqli işlər ərsəyə gətirən Bakı məktəblərinin istedadlı gənc startapçılarını ictimaiyyətə tanıtmaqdan ibarətdir. Layihədə iştirak edən şagirdlər ideyalarını startapa çevirmək istəyən digər məktəblilərə fikir və tövsiyələrini təqdim ediblər.

 

Eyni zamanda, 2022-ci ilin mayında Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında paytaxt məktəbliləri uğurlu nəticə göstəriblər. Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri maraqlı layihələrlə çıxış edərək yüksək yerlərə layiq görülüblər.

 

“Azərbaycan müəllimi” qəzeti olaraq Bakı məktəblərinin istedadlı startapçılarını və onların layihələrini ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə bu dəfə paytaxtın Səbail rayonunda yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəbdən reportaj hazırladıq.

 

“Startapçılarımız əsasən elektronika, mühəndislik, proqramlaşdırmaya böyük maraq göstərirlər”

 

İlk müsahibimiz M.Rahim adına 7 nömrəli tam orta məktəbin informatika müəllimi, məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın və STEAM layihəsinin rəhbəri İlahə Hüseynova 2023-2024-cü tədris ilindən “Məktəbli startapçılar” layihəsinə qoşulduqlarını qeyd edərək layihənin şagirdlərdə çox böyük marağa səbəb olduğunu bildirdi: “Qeyd etmək istəyirəm ki, biz birinci mərhələdə şagirdlərə startap nədir, biznes planının necə olması ilə bağlı məlumatlar veririk. İdeya verilir, onun necə reallaşdırılması müəyyənləşdirilir, plan qurulur. Startapçıların əsas xüsusiyyəti digər şagirdlərin görə bilmədiklərini görmək, daha kreativ düşüncə bacarığına sahib olmaqdır. Adətən startaplara maraq uşaqlarda daha çox 7-ci sinifdən başlayaraq artmaqdadır. Məktəbimizdə istedadlı, bacarıqlı uşaqların sayı çoxdur və startapçılarımız əsasən elektronika, mühəndislik, proqramlaşdırmaya böyük maraq göstərirlər. Onlardan xüsusilə 10 c sinif şagirdləri Ənvər Abdullayev, Ayxan Mustafayev, Süleyman Həsənli və Amin İsmayılovun layihələrini qeyd etmək istərdim. Onu da vurğulamaq istərdim ki, informasiya texnologiyalarına çox böyük maraq göstərən 8a sinif şagirdi Azad Pirverdiyev məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın saytını hazırlayıb. 2021-ci ildə məktəbimizin “Mina axtaranlar” komandası ilk dəfə keçirilən STEAM Azərbaycan Festivalına qatılıb və respublika üzrə 3-cü yerə layiq görülüb. Bu il də “VEX IQ” kateqoriyası üzrə SAF 2023-Beynəlxalq STEAM Azərbaycan Festivalına qatılmağı planlaşdırırıq. 8 a sinif şagirdləri Rəhim Əliyev və Süleyman Həsənli ilə  birlikdə Beynəlxalq STEAM Festivalına hazırlaşırıq. Eyni zamanda Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OSEP) qoşulmuşuq və layihə çərçivəsində  yaxın  vaxtlarda  Niderland Krallığına  səfər etməyi planlaşdırırıq”.

 

“Ən böyük arzum gələcəkdə yeni ixtiralarımla Vətənimə Nobel mükafatı gətirməkdir”

 

10 c sinif şagirdi Ənvər Abdullayev: “Bu yaxınlarda məktəbimiz informatika müəllimimiz İlahə Hüseynovanın rəhbərliyi ilə “Məktəbli startapçılar” adlı layihəyə qoşuldu və mən “Maskadan səs gücləndirici” layihəmi hazırladım. Həyata keçirdiyim layihə mənim üçün təkcə əyləncəli hobbi deyil, həm də elm və mühəndislik haqqında mühüm öyrənmə təcrübəsidir. Layihənin əsas məqsədi tullantılardan istifadə edərək öz səsgücləndiricimi hazırlamaq idi. Bundan əlavə, səs dalğaları və elektromaqnetizm haqqında daha çox məlumat öyrənmək və bu bilikləri təcrübədə tətbiq etmək istədim. Bu məqsədlə əvvəlcə istifadə olunmuş maska və digər zəruri ləvazimatları topladım. Bu, təkrar emal və davamlılıq məsələlərinə diqqəti cəlb etmək məqsədimi əks etdirirdi. Daha sonra səs gücləndiricinin necə işlədiyini və səs dalğalarının necə əmələ gəldiyini öyrənmək üçün araşdırma apardım. Dizayn və hazırlama prosesində maskadan səsgücləndirici korpusu yaratmaq üçün kəsmə, yapışdırma, yığma proseslərini həyata keçirdim. Səs gücləndiricinin maqnit sarğı və vibrasiya membranını da hazırladım. Sonda elektron komponentləri birləşdirdim və səsgücləndiricini sınaqdan keçirdim. Səs çıxışını və səs keyfiyyətini yaxşılaşdırmaq üçün bir neçə cəhd etdim. Layihənin sonunda mən tullantı materiallarından istifadə edərək işləyən dinamik əldə etməklə yanaşı həm də səs dalğaları, maqnetizm və elektronikanın əsasları haqqında daha çox məlumat öyrəndim. Mənim ən böyük arzum gələcəkdə yeni ixtiralarımla Vətənimə Nobel mükafatı gətirməkdir”.

 

Hədəfim gələcəkdə MIT və ya Harvard Universitetində Aerokosmik mühəndislik  ixtisası üzrə oxuyaraq NASA-da işləməkdir

 

8 a sinif şagirdi Süleyman Həsənli: “Mənim robotlara marağım böyükdür və indiyə qədər iki robot quraşdırmışam. Hazırladığım birinci robot xəritədə müəyyən ərazilərdə yerləşən zərərçəkəni götürüb təhlükəsiz sahəyə gətirərək başladığı nöqtəyə geri qayıdır. İkinci robot isə panelləri aktiv etmək, mərcanları yerinə yerləşdirmək, zərərli maddəni dənizdən uzaqlaşdırmaq və başladığı nöqtəyə geri qayıtmaq kimi tapşırıqları icra etmək qabiliyyətinə malikdir. Mən bir neçə müsabiqədə iştirak etmişəm. 2021-ci ildə məktəb yoldaşlarımla komanda şəklində STEAM Azərbaycan Festivalında “Lego Sumo” kateqoriyası üzrə iştirak edərək 2-ci yeri, SAF 2022-də “Axtarış və xilasetmə” kateqoriyası üzrə 1-ci yeri tutmuşuq. 2023-cü ilin iyununda ABŞ-ın Nyu-York şəhərində keçirilən “Genius Olympiad”da iştirak edərək “VEX IQ” kateqoriyası üzrə fəxri mükafata layiq görülmüşəm. Hazırda “VEX IQ” kateqoriyası üzrə SAF 2023 Festivalına hazırlaşıram. Mənim hədəfim gələcəkdə MIT (Massachusetts Institute of Technology) və ya Harvard Universitetində Aerokosmik mühəndislik ixtisası üzrə oxuyaraq NASA-da işləməkdir”.

 

“Çox istərdim ki, bütün dünya üçün faydalı ixtiralarım olsun”

 

8 c sinif şagirdi Amin İsmayılov: “Mən STEAM dərslərinə böyük maraq göstərirəm və bunun nəticəsi  olaraq siqnalizasiya aparatı yaratmışam. Mikrobit, ana plata və siqnal verən qurğuların köməyi ilə yaratdığım aparat həyəcan siqnalı verir. Mən sadaladığım hissələri korpusun içərisinə yığaraq “ON-OFF” düymələrini əlavə etmişəm və enerji təchizatı üçün 5V2A lampasını birləşdirmişəm. Siqnalizasiya aparatını qapıya qoşduqda və qapı açılanda siqnalizasiya aparatı işə düşür və siqnal səsləri verməyə başlayır. Hazırladığım siqnalizasiya aparatı ilə bir çox müsabiqələrə qatılmağı planlaşdırıram, eyni zamanda yeni layihələr üzərində işləyirəm. Gələcəkdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub çox yaxşı proqramçı olmaq istəyirəm. Öz ixtiralarımla, işlərimlə bütün dünyada məşhur olmaq arzusundayam. Çox istərdim ki, bütün dünya və bəşəriyyət üçün faydalı ixtiralarım olsun”.

 

Lamiyə ƏLİMƏRDANOVA