Məktəblilər rəqəmsal dünyanı birlikdə kəşf edirlər


2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb. Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkətinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır. Bu illər ərzində məktəblərdə layihə çərçivəsində informatikanın yeni formatda tədrisi ilə yanaşı, müxtəlif yaş qrupları üzrə şagirdlər üçün həm beynəlxalq, həm də yerli müsabiqələr və tədbirlər keçirilib.

 

“Alqoritmika” beynəlxalq təhsil şirkətinin peşəkar metodist və məzmun heyəti tərəfindən  yeni üsullar və innovativ metodlardan istifadə etməklə hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Bütün məktəblərdə dərslər zamanı şagird və müəllimlər tərəfindən istifadə olunan rəqəmsal sistemin uğurlu tətbiqi üçün İKT infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi işləri həyata keçirilib, Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxış təmin olunub.

 

İnformatika təmayüllü siniflərin sayı artırılıb

 

2023-2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü siniflərin sayı artırılıb və layihəyə yeni 110000-ə yaxın şagird cəlb edilib. Yeni tədris ilində 410000-dək şagird və 4500-dən çox müəllimi əhatə edən layihə 53 rayon üzrə 532 məktəbdə həyata keçirilir. Ümumilikdə yeni tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə 28 məktəbdə informatika təmayüllü 10 və 11-ci siniflərdə şagirdlərin sayı 700 nəfərdən çoxdur.

 

Qeyd edək ki, 2021-2022-ci tədris ilindən etibarən layihə çərçivəsində İT sahəsində təhsilini davam etdirmək istəyən 10-cu siniflər üçün informatika fənni dərindən tədris edilən ixtisaslaşdırılmış siniflər açılıb. Bu siniflərdə informatika dərsləri həftədə 5 dəfə keçilir. Dərs zamanı şagirdlərə Python-da alqoritmlər və verilənlərin strukturu, Python-da oyun dizaynı, veb dizayn, 3D modelləşdirmə və şəhər dizaynı, robototexnika və kodlaşdırma kimi istiqamətlər tədris olunur.

 

Şagirdlər arasında keçirilən sorğuları və müsahibələri təhlil etdikcə, onlar tərəfdən marağın artırılmasında “Rəqəmsal bacarıqlar” layihəsinin rolunun böyük əhəmiyyət kəsb edildiyi ortaya çıxır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Onlar təkcə proqramlaşdırmanı deyil, biliyin təcrübədə tətbiqi bacarıqlarını da öyrənirlər.

 

Mövzu ilə bağlı “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu məktəblərin müəllimləri ilə layihə çərçivəsində həyata keçirilən işlər barədə maraqlandıq, təhsilverənlərin fikirlərini öyrənməyə çalışdıq.

 

“Layihə çərçivəsində vərdiş və səriştələrin inkişafına nail oluruq”

 

Aysel Fətəliyeva, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin informatika müəllimi: “Rəqəmsal bacarıqlar” layihəsi 20 nömrəli məktəb-liseydə 2018-ci ildən tətbiq olunmağa başlayıb. İlk tətbiq olunduğu ildə yalnız 5 və 6-cı sinifləri əhatə edib. İlk gündən layihə şagirdlər arasında böyük marağa səbəb olub. Şagirdlərimiz layihə çərçivəsində elan olunmuş müsabiqələrdə iştirak edib, uğur qazanıblar. İnformatika fənninin xüsusilə II məzmun xəttinin şagirdlər tərəfindən qavranılması üçün platformaya yerləşdirilmiş düşündürücü tapşırıqlar onlarda alqoritmləşdirmə, proqramlaşdırma bacarığını inkişaf etdirir. 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş İT siniflərdə isə daha təkmilləşdirilmiş mövzular və ona uyğun tapşırıqlar tədris edilərək onlarda İKT bacarıqlarını yüksəldir. Bu layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır. 

 

“Layihə çərçivəsində informatika fənninin tədrisinin təkmilləşdirilməsinə, fənnin tədrisində yeni yanaşmanın tətbiqi ilə şagirdlərdə məntiqi təfəkkür, kodlaşdırma, təşəbbüs göstərmə, müstəqil və komandada çalışma kimi vərdiş və səriştələrin inkişafına nail oluruq”.

 

“İnformatika müəllimi kimi “Rəqəmsal bacarıqlar”ı yüksək qiymətləndirirəm”

 

Ülkər Məmmədova, Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin informatika müəllimi: “Məktəbimiz “Rəqəmsal bacarıqlar” layihəsinə 2019-cu ildən qoşulub. 2021-2022-ci tədris ilindən ilk dəfə olaraq “Rəqəmsal bacarıqlar” təmayüllü sinfimiz fəaliyyətə başlayıb. Hazırda məktəbimizdə 2-9-cu sinifləri əhatə edən 56 sinifdə “Rəqəmsal bacarıqlar” dərsləri keçilir və 2 “Rəqəmsal bacarıqlar” təmayüllü sinif (10 və 11) var. Şagirdlərimiz 2020-ci ildə “Alqoritmika”nın 8-15 yaş arası şagirdlər üçün təşkil etdiyi “Qış onlayn-kvesti” müsabiqəsində uğurla iştirak ediblər. İnformatika müəllimi olaraq “Rəqəmsal bacarıqlar” layihəsini yüksək qiymətləndirirəm”.

 

“Beynəlxalq olimpiadalarda şagirdlərimizin yüksək müvəffəqiyyətlər qazanması ən böyük hədəfimizdir”

 

Xanım İsmayılova, Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin informatika müəllimi,  “Rəqəmsal bacarıqlar” layihəsinin məktəb üzrə administratoru: “Rəqəmsal bacarıqlar” layihəsi Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseydə 2019-cu ildən tətbiq olunur. Şagirdlərimiz layihə çərçivəsində təşkil olunmuş müsabiqələrdə uğur qazanıblar. Məktəbimizdə hazırda 2-9-cu siniflərdə “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunmaqdadır. Bu illər ərzində müşahidəmizə əsasən deyə bilərik ki, layihədə iştirak edən şagirdlər yüksək texnoloji ixtisaslara daha çox maraq göstərirlər. “Rəqəmsal bacarıqlar” layihəsinin gənclərimizin intellektual inkişafına töhfə verməklə beynəlxalq olimpiadalarda şagirdlərimizin yüksək müvəffəqiyyətlər qazanmasına nail olmaq ən böyük hədəfimizdir. Gəlin, “Rəqəmsal dünyanı” bizlərdə kəşf edək!”

 

Lamiyə ƏLİMƏRDANOVA