Mütəxəssis və təhsilalanlar mövzu ilə bağlı hansı qənaətdədirlər?


Həyatımızı smartfonlarsız təsəvvür etmək çətindir. Hazırda smartfonların gündəlik həyatda nəzarətsiz, geniş şəkildə istifadəsi qlobal problemə çevrilməkdədir. Təəssüf ki, bu alətlərdən yalnız tədris resursu kimi deyil, həm də əyləncə, yazışma və sosial şəbəkələrə baxış üçün istifadə olunur. Belə olduqda onların mənfi təsirləri böyüklərdən çox uşaqlara təsir edir. Telefonların uşaqların psixikasına təsiri ilə bağlı psixoloqların fikirlərini tez-tez eşidirik. Bəs görəsən, mütəxəssislər nə fikirdədir?

 

Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının assistenti Bəyaz Namazovanın fikrincə, məhz telefon və smartfonların istifadəsi nəticəsində uşaq orqanizmində yaranan problemlər təəssüf ki, kifayət qədərdir.  1 yaşa kimi olan uşaqların cizgi filmlərinə baxmaları və smartfonlarla qarşılıqlı əlaqədə olmaları onlara mənfi təsir göstərir. Bu halda uşaqlarda inkişaf, sosial və özəl bacarıqlarla bağlı problemlər yaranır. Aparılmış tədqiqat çərçivəsində alimlər 2013-cü ildən 2017-ci ilə kimi 7000 körpənin bacarığını analiz ediblər. Valideynlər hər gün öz övladlarının neçə saat televizora baxdıqlarını, smartfon və ya planşetdə oyun oynadıqlarını qeyd ediblər. Nəticədə bu amil, böyümə hormonunun istehsalında balanssızlığa səbəb olur və uşaqlarda böyümə və inkişaf pozğunluqları riskinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. ABŞ-da aparılan tədqiqatlara görə, cib telefonları baş və boyun nahiyəsində beyin şişləri və digər növ şişlərin inkişafı riskini çoxaldır”.

 

Pediatrın fikrincə, mobil cihazlardan 8-10 yaşlarında istifadə etməyə başlayan uşaqlarda beyin şişinin inkişaf riski 5 dəfəyə qədər artır. Bunlar uşaq bədəninin xüsusiyyətləri ilə əlaqədardır. Ekrana çox baxmaq - miyopiya, gözlərin yorğunluğu isə həddindən artıq quruluğa səbəb ola bilər, bu isə gözün iltihabı və infeksiyaların inkişafı ilə nəticələnir. Telefondan istifadə edərkən uşağın uzun müddət eyni vəziyyətdə qalması bədən qamətinin pozulmasına səbəb olur, bu isə, gələcəkdə daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır. Eyni zamanda, uzun müddət smartfondan istifadə boyun əzələlərinin daim gərgin olması səbəbindən baş ağrılarına səbəb ola bilər. Bu da öz növbəsində qan damarlarına təsir edir və beyinə oksigen tədarükünü azaldır. Mobil cihazların fəal istifadəçiləri olan uşaqlarda daha çox əsəb və yorğunluğun artması, tez-tez soyuqdəymə şikayətləri  özünü göstərir. Bundan başqa, həmin uşaqlarda tez-tez gözqırpma da müşahidə olunur”.

 

“Məktəblinin dostu” layihəsinin Pisxoloji Mərkəzinin pisxoloqu   Nərmin Abbasova  hesab edir ki, qadjetlərlə iki saatdan  çox vaxt keçirən uşaqlar smartfonlardan daha az istifadə edən həmyaşıdlarına nisbətən  düşüncə və dil bilmə testlərinin öhdəsindən daha pis gəlirlər. Kalqari Universitetinin (Kanada) psixoloqları inkişafın geri qalmasını smartfonlara həvəsli uşaqların passiv olması və başqaları ilə zəif qarşılıqlı münasibətilə əlaqələndirirlər. 6-7 yaşa qədər bir uşaqda diqqət, qavrayış (görmə, eşitmə, qoxu), həmçinin düşüncə və fantaziya daxil olmaqla bütün idrak prosesləri qeyri-ixtiyaridir. Tabletin və ya telefonun arxasında oturmaq, yəni hərəkətsizlik fiziki və zehni inkişafın ləngiməsinə səbəb ola bilər. Fiziki fəaliyyət, öz növbəsində, yeni şeyləri bilmək və mənimsəmək üçün  qabiliyyəti və diqqəti yaxşılaşdırır. Alimlər elektron texnologiyanın istifadəsinin uşaqların inkişafına zərər verdiyini və onların öyrənmə qabiliyyətinə mənfi təsir göstərdiyini iddia edirlər”.

 

N. Abbasova gündəlik həyatımıza daxil olan smartfonların həm də  uşaqlarda  yuxu problemlərini  yaratdığını qeyd edib: “Statistik məlumatlar göstərir ki, valideynlərin 60% -i övladlarının hər cür cihazla nə qədər yaxından dost olduqlarına, ümumiyyətlə, nəzarət etmir  və dörd ailədən üçündə uşaqlara elektron cihazları özləri ilə yatağa aparmağa icazə verilir. Telefonların, planşetlərin və noutbukların ekranlarının mavi parıltısı normal yuxuya mane olur, bu da daha az istirahət və yuxusuzluğa səbəb olur. Kompüter oyunlarındakı qəddarlıq və aqressiya  real həyatda əks olunur. Uşaq ətrafdakı gerçəklikdə tətbiq edə biləcəyi hazır bir davranış nümunəsi alır. Və bir çox tədqiqatçı eyni nəticəyə gəlir: ekrandan gələn şiddət həm qısa, həm də uzunmüddətli təsir göstərir - aqressiya dərhal özünü göstərməyə bilər.  Uşaqlar tərəfindən elektron texnologiyalardan həddindən artıq istifadə onların psixikasına və empatiya qabiliyyətinə təsir etməklə yanaşı, ümumiyyətlə, bilmədikləri və tanış olmadıqları  real həyatda onları daha həssas edir.

 

Psixoloq vurğulayıb ki, smartfon digər texnologiyalar kimi, sadəcə bir vasitədir.  Faydası və ya ziyanı insandan asılıdır, buna görə tamamilə təcrid həll yolu deyil: “Avadanlıqlara qoyulan qadağa həm natamamlıq hissinə, həm də etiraza səbəb ola bilər. Hər halda, uşaq rəqəmsal cihazlarla qarşılıqlı əlaqə qurmağın bir yolunu tapacaqdır. Uşağa bir qadjet təqdim edərkən ən azı yaş və ətraf mühit nəzərə alınmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı uşaqlara iki yaşından əvvəl smartfon və tabletlərlə tanış olmağı tövsiyə etmir”.

 

Bakıdakı 193 nömrəli tam orta məktəbin informatika müəllimi Ləman Əliyeva:  “Müasir telefonlar yalnız insanlarlarla ünsiyyətdə olmaq üçün istifadə edilmir, həm də məktəblilər üçün bir çox başqa imkanlar təqdim edir. Mobil telefonun xüsusiyyətlərinin müxtəlifliyi onu gənclərin əlində güclü alətə çevirir, lakin uşaqlar bu cihazlardan harada istifadə etməyə icazə verildiyini və hansı şəraitdə tamamilə qadağan olunduğunu ayırd etməyi bacarmalıdırlar. Bu, gənclərə telefonlarından məsuliyyətlə və əsasən təhsil məqsədləri üçün istifadə etməyi öyrədəcək. Şagirdlərin diqqətini yayındıran bir çox faktorlardan başqa, mobil telefonlar həm də dərs vəsaiti kimi istifadə edilə bilər. Kalkulyatorlar, əlavə materialların axtarışı, vizual təsvirlər, lüğətlər, təqvim - bunlar öyrənmək üçün faydalı ola biləcək funksiyalardan yalnız bir neçəsidir.

 

Bəs görəsən, şagirdlər mövzu ilə bağlı nə düşünürlər?  193 nömrəli tam orta məktəbin VIII b sinif şagirdi Tamerlan İbrahimli: “Smartfonlardan əsasən dərs qrupları və məktəbdə qoşulduğum beynəlxalq layihələr üçün istifadə edirəm. Bunlar Sasmo, Etvilnink və Amu layihələridir. Biz rəqəmsal bacarıqlar dərsimizdə də müəllimlərimizdən kömək alaraq həmin fənləri daha dərindən öyrənməyə çalışırıq. Smartfonla əsasən hər gün bir-iki saat məşğul oluram. Nümunə üçün deyə bilərəm ki, ədəbiyyat dərsində yazıçılar və şairlərlə bağlı məlumatlar toplamışam. Daha geniş məlumatları oradan öyənmişəm.

 

Həmin məktəbin Xb sinif şagirdi Elnur Ağazadə: “Elə bir dövrdə yaşayırıq ki, mobil cihazlar biz istəmədən də həyatımıza daxil olub. Mən bunun zərərlərini bildiyim üçün az istifadə etməyə çalışıram. Mən də gün ərzində bir iki saat smartfonlardan istifadə edirəm”.  

 

Rəşad ZİYADOV