Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Fizikada müasir trendlər" (“Modern trends in physics”) mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində fizika fakültəsinin və Tədqiqat, İnkişaf və Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının birgə elmi seminarı keçirilib. Seminarda İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati Milli Laboratoriyasının müdiri Stefano Bellucci “Nanomateriallar və onların sensor materiallarda tətbiqi” (“Nanomaterials and their sensing application”) mövzusunda məruzə edib.  

 

Stefano Belucci 2D ölçülü quruluşlara aid edilən, müxtəlif üsullarla modifikasiya olunmuş qrafen nanotəbəqələrin sintezi, tətbiqi, xassələrinin tədqiqi barədə ətraflı məlumat verib. Təqdim olunan materialda aşınma üsulu ilə əldə olunan qrafen nanotəbəqələrin quruluş xassələri, Rentgen Diffraktometri və Raman Mikroskopiyasından istifadə etməklə analiz nəticələri geniş şərh edilib. Onların elektrokimyəvi zondlama prosesində, sensor tətbiqlərində, bioloji və kimyəvi toksinlərin, ətraf mühit çirkləndiricilərinin təmizlənməsində istifadəsi haqqında məlumat verilib. 

 

Seminarda qrafen əsaslı materiallardan alfakoronavirus sinfinə aid olan tənəffüs virusunun qapalı mühitlərdə havadan müəyyən edilməsi üçün yeni sensorların yaradılmasında istifadəsi, virusun adsorbsiyasından sonra modifikasiya edilmiş membranların elektrik və elektrokimyəvi reaksiyasının təhlili, süni intellekt vasitəsilə siqnal emalının həyata keçirilməsi haqqında müzakirələr aparılıb.