Emin Əmrullayev: “Kadr və peşə hazırlığı uzun müddətdə iqtisadiyyatın inkişafına, sosial rifahın yüksəlməsinə təsir edən amildir ”


Azərbaycanda peşə təhsilinin inkişaf yolu, mövcud problemlər və gələcək planlar müzakirə olunub. Elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, millət vəkilləri, peşə təhsili və təlimi sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələr Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” konfransı çərçivəsində gerçəkləşib. Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən konfrans peşə təhsili sahəsində ölkəmizdə son illər aparılan islahatlara diqqət çəkmək məqsədi daşıyıb.

 

Elm və təhsil naziri Emin Əmrullayev peşə təhsilinin keçmişi, indiki vəziyyətinə nəzər salıb,  hədəfləri göstərib. Problemlərdən danışarkən onları həll etmək planlarına da toxunub: “Bu gün Azərbaycanda peşə təhsilinin köklü problemləri var, bunun da həlli istiqamətində bir sıra işlər görülür”.

 

Hələ görüləcək işlər çoxdur, amma artıq müsbət nəticəsi olanlar da var. Peşə təhsilinə münasibət hər birimizin gözü önündə dəyişir: “Əvvəl 9-cu sinfi bitirən şəxs peşə məktəbinə qəbul olandan sonra təhsil üçün başqa yerə gedə bilmirdi. Çünki ali təhsil almaq üçün mütləq məktəbə qayıdıb X-XI sinfi bitirməli idi”.

 

Artıq peşə təhsilindən istəyən üçün əmək bazarına, başqası üçün universitetə birbaşa yol var. Yetər ki, peşəkar ol. Çünki bu gün əmək bazarının tələbi diplomlu yox, bacarıqlı mütəxəssislərə, peşəkarlaradır. Onları da yetişdirməyin optimal yolları var. Tətbiqinə başlanan yeni maliyyələşmə mexanizminə görə, vəsait kadr harada yetişdirilirsə, oraya yönəldiləcək: “Məktəb tikib orda bir otel mühiti yaratmaqdansa, bir oteldə həmin mühit var. Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizmi - adambaşına maliyyələşmənin əhəmiyyəti də budur. Burada insanın peşəyə harda yiyələndiyi önəmli deyil. Önəmli odur ki, insan öyrənir və biz ona təhsil haqqını ödəməyə hazırıq”.

 

Nazir 12000 tələbənin adambaşına maliyyələşməyə keçidinin növbəti 3 il ərzində təmin ediləcəyini nəzərdə tutan plandan da danışıb: “Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşdirmə mexanizminə keçid təmin edildi. İnanıram ki, bu proses olduqca səmərəli olacaq”.

 

Emin Əmrullayev peşə təhsili müəssisələrində təhsil haqları məsələsinə də toxunub. Onun fikrincə, bu məsələyə də yenidən baxılmalıdır: “Peşə məktəblərində təhsil haqları ilə bağlı məsələdə bəzi dəyişikliklərə ehtiyac var”.

 

E.Əmrullayev vurğulayıb ki, kadr və peşə hazırlığı uzun müddətdə iqtisadiyyatın inkişafına, sosial rifahın yüksəlməsinə təsir edən amildir. Ona görə də peşə hazırlığına yönələnlərin iki dəfə artmasının müəyyən müddətdən sonra iqtisadiyyatımıza təsirini göstərəcəyi şübhə doğurmur.

 

Peşə təhsili QARABAĞDA

 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində peşə təhsilinin inkişafından gözləntilər xüsusilə böyükdür. Burada 8 yeni peşə təhsili müəssisəsinin fəaliyyəti planlaşdırılıb. Nazir peşə təhsilinin inkişaf yolundan danışarkən bu ərazilərin payına düşən inkişaf planına da geniş yer ayırıb.  Füzuli şəhərində yeni müəssisənin bünövrəsi qoyulub və tikintisi başlayıb. Şuşada peşə təhsili yenidən qurulur. Xankəndidə isə Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsi istifadəyə veriləcək. “Plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq. Azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır”.

 

Qarabağın yeni təhsil reallıqları panel müzakirələrdə davam edib. “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri” mövzusunda qurulan bu müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, azad olunan ərazilərə qayıdan şəxslərlə iş aparılarkən prioritet ixtisası və peşəsi olanlara, eləcə də məşğulluq tarixçəsi olan şəxslərə üstünlük verilir. Peşə hazırlığı alətinə də önəm verilir.

 

Konfransda “Əmək bazarının ehtiyacları: rəqəmsallaşan dünyada dəyişən tələblər”, “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: sənayenin yeni bacarıq və səriştə ehtiyacları”, “Real sektorun ehtiyacları: yeni ixtisaslı kadrları necə hazırlamalı?” mövzuları da müzakirə olunub.

 

Ruhiyyə DAŞSALAHLI