Üzun illər lüğətçilik ənənələrinə sadiq qalan, bu sahədə böyük xidmətləri olan alim, AMEA Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Nəriman Seyid Əliyev şagirdlər üçün iki lüğət nəşr etdirib: “Məktəblinin sinonimlər və antonimlər lüğəti” və “Məktəblinin frazeoloji sinonimlər lüğəti”. Həmin lüğətlər ümumtəhsil məktəblərinin yeni proqramları əsasında hazırlanıb. 

 

Lüğətlərin redaktorları professorlar Nadir Məmmədli və İsmayıl Məmmədli, rəyçilər filologiya elmləri doktoru Aynel Məşədiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Fizuli Mustafayev və Bakı şəhəri 286 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Kəmalə Mustafayevadır.

 

“Məktəblinin sinonimlər və antonimlər lüğəti”ndə həm sinonim, həm də antonim haqqında qısa məlumat verilir, onların növləri, əmələgəlmə yolları, bədii üslubi baxımdan zənginliyi və s. vurğulanır. Bəzi sözlərin isə sinonim cərgə təşkil etməsi barədə ətraflı məlumat verilir. Məsələn: ağız, dəhan (klassik ədəbiyyatda); böyük, azman, iri, nəhəng, yekə (danışıqda), Vətən, məskən, yurd, yuva (məcazi mənada) və s. Adıçəkilən lüğətdə milli sözlərə daha çox üstünlük verilib.

 

Antonimlər lüğəti hissəsində verilən cərgənin bir üstün cəhəti ondadır ki, ikinci əks tərəfi təşkil edən bəzi sözlərin də sinonimləri verilib. Məsələn: cavan - qoca, ahıl, yaşlı; böyük - balaca, kiçik, xırda və s.  

 

“Məktəblinin frazeoloji sinonimlər lüğəti”ndə vaxtilə sabit söz birləşməsi kimi ifadə olunan frazeologiya, onun bir elm kimi formalaşması, inkişaf yolları, üslubi imkanlarının genişlənməsi, fikri yığcam, obrazlı, dəqiq ifadə etməsi və s.  haqqında qısa məlumat verilib.

 

Frazeoloji birləşmələrin komponentləri ən azı iki, üç, dörd və s. sözdən ibarət olub məcazi məna bildirməklə, sadə bir fikri ifadə edir. Məsələn: qulaq asmaq - qulaq vermək - guş qılmaq (eşitmək, dinləmək); ağlı başından çıxmaq - başına hava gəlmək - başı xarab olmaq; ağrımayan başına dəsmal bağlamaq - isti yerini soyuq eləmək - özünü işə salmaq (hər bir işini çətinə salmaq) və s.

 

Xalq tərəfindən yaradılan  frazeologizmlər dilimizdə çox zəngindir və onların da əksəriyyəti danışıqda işlədilir. 

 

Ümumiyyətlə, “Məktəblinin sinonimlər və antonimlər lüğəti” və “Məktəblinin frazeoloji sinonimlər lüğəti” adlı kitablar dəyərli vəsait kimi qəbul oluna bilər. İnanırıq ki, hər iki lüğət, nəinki orta məktəb şagird və müəllimlərinin,  həmçinin ali məktəbdə təhsil alan  tələbələrin və pedaqoqların, hətta geniş oxucu kütləsinin də masaüstü kitabı olacaqdır.

 

Fizuli MUSTAFAYEV,

filologiya üzrə fəlsəfə doktoru, dosent