Ceyhun Kərəmov: “Biz bacarıqlı vətəndaşlarımızın Qarabağın inkişafına verəcəyi töhfənin daha böyük olacağına inanırıq”


Aralarında dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı mühasib və turizm təşkilatçısı olmağa qərar verənlər var. Hər biri könlündəki, xəyalındakı peşəni seçib və oxuyub. Cəmi 3 ay ərzində məlumatlı olduqları, yaxud “baba məsləyi”dir, azca oxusam, hər şeyi biləcəyəm”, - dedikləri, ya da ki, artıq çoxdan məşğuliyyətinə çevrilən peşələri seçib onların müasir metodlarından xəbərdar olmaq istəyindədir. Hamısını birləşdirən ümumi bir cəhət Qəbələ rayonunda məskunlaşan keçmiş məcburi köçkün olmalarıdır.

 

Bərbərlər təhsil sənədi aldılar

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsilini, yəni yiyələndiyi peşə ixtisası üzrə qısamüddətli kursu hamıdan əvvəl bitirib, buraxılış-ixtisas imtahanlarını verərək sənədini əlinə almağa hazır olan 11 nəfərdən ibarət ilk qrup bərbər, həmin sənəd isə Elm və Təhsil Nazirliyində təsdiq edilmiş dövlət nümunəli sertifikatdır. Onlara təhsil sənədini Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov verəcək, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Agentliyi qarşısındakı hədəflərdən birinə uğurla nail olduqlarını göstərəcəkdi.

 

“Azərbaycan müəllimi” qəzeti və Təhsil TV-nin əməkdaşlarını Bakıdan Qəbələyə aparan səbəb bu idi. 

 

“Belə bir imkan olduğunu eşidəndə çox sevindim, bu peşə üzrə ixtisas təhsili almaq istədim”

 

Könül Qarazova Ağdamdan məcburi köçkündür. 1992-ci ildə Ağdamı tərk etmək məcburiyyətində qalanda II sinifdə oxuyurmuş. İndi, yəni 32 il sonrakı vəziyyət tam fərqlidir. O, Qəbələdə özü kimi Ağdamdan məcburi köçkünlə ailə qurub. Sonra əlində işi, sənəti olsun deyə yollar düşünüb. Bunun üçün Bakıya qədər gedib çıxıb. Özünün də maraqlı olduğu bir peşəni öyrənib: “Bəzəkli dırnaqlardan xoşum gəlirdi. Əllərə gözəllik verir, məncə. İstəyirdim ki, bu işi mən də bacarım, qəşəng, cəlbedici dırnaq bəzəyim. Bakıya gedib orada kursa yazıldım və öyrənib geri qayıtdım. İndiyədək evdə işləyirdim. Məskunlaşdığımız yerə gəlib belə bir imkan olduğunu eşidəndə çox sevindim, heç düşünmədən dərhal bu peşə üzrə ixtisas təhsili almaq istədim. 2 ay dərs keçdik, sonra isə təcrübəyə başladıq. Düzdür, bu müddət mənim üçün, hətta çoxumuz üçün çox az oldu, amma çox maraqlı idi. Kaş öyrənmək üçün daha çox vaxtımız olsaydı. Amma müəllimlərimiz bir çox şeyi bizə sürətli şəkildə çatdırmağa çalışdılar. Çox şey öyrəndim”.

 

Sürətləndirilmiş rejimdə bərbərlik

 

Bərbər-manikürçü Gülşən Məmmədova Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində bərbər-vizajist-manikürçü qrupun müəllimidir. Etiraf edir ki, 2 ay tələbələrinə peşənin dərin incəliklərini öyrətmək üçün azdır: “2 ay bu qədər proqramı öyrətməyə yetmir. Amma biz dərslərimizi sürətləndirilmiş rejimdə keçərək daha çox şey öyrətməyə, peşənin incəliklərinə yiyələnmələrinə nail olmağa çalışdıq”.

 

Gülşən müəllim deyir özü bu işin peşəkarı olmaq üçün həm Bakıda 5 nömrəli peşə liseyində təhsil alıb, həm də peşəkarlardan, ali dərəcəli kolorist-stilistdən peşəsini öyrənməyə çalışıb.

 

Sahibkar peşə təhsili müəssisəsi ilə əməkdaşlıqdan razıdır

 

13 ildir öz salonunu işlədən sahibkar qadın Aygün Qəribova da işinin ustası olmaq üçün uzun bir öyrənmə yolu keçib. Öyrətməyə - Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlığa isə bu ildən başlayıb, amma artıq Qəbələdə tələbələrin saç kəsdiyi salon kimi ad çıxarıb, nüfuz sahibi olub.

 

Öyrətməyinə öyrədir, bəs onları işə götürərdimi? Sahibkar Aygün Qəribova salonuna təcrübəyə gələn qızların bacarığından ağızdolusu danışır. Baxmayaraq ki, bu ildən  əməkdaşlıq edirlər,  artıq bəhrəsini də görməyə başlayıb: “Ayşə, Könül, Şəhlaya iş verirəm, onlar da layiqincə bu işin öhdəsindən gəlirlər”. Maraqlıdır, o tələbələrin hansını işə götürmək istəyər? Aygün xanım deyir müştərini qarşılamaqlarından tutmuş saç kəsimi, saç düzümünə qədər hər şey onun xoşuna gəlməlidir ki, işə götürsün. Qrupun qızları arasında belələri də varmış. A.Qəribova Zəhranın işini bəyənir: “Zəhranı işə götürərəm. Könül yaxşı dırnaq ustasıdır”. 

 

Zəhra demişkən, o da Xocalıdandır. Saç kəsir, müştərinin zövqünə uyğun saç yığır: “Gündə neçə dəfə desələr, saç yığa və sökə bilərəm”.

 

Bəs müştərilər nə deyir, peşə təhsili alan qızlardan razıdırlarmı?

 

Rəvanə Əzizova salonun daimi müştərisidir: “Tələbə qızlardan Zəhranın işindən razı qalmışam. Dırnaq ustası Könül xanıma da müraciət etmişəm, razıyam”.

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbioğlu “Azərbaycan müəllimi”nə deyib ki, Mərkəzdə tədris edilən ixtisaslar sözügedən rayon ərazisində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərlə aparılmış sorğulara əsasən müəyyən edilib: “Qısamüddətli kurslar təlim proqramlarına uyğun olaraq 3 ay müddətində olub. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları ilk 10 həftədə nəzəri biliklər əldə edərək istehsalat təlimində iştirak edib, sonuncu iki həftədə isə istehsalat təcrübəsinə cəlb olunublar”.

 

Böyük Qayıdışa peşə təhsilinin verdiyi töhfə

 

C.Kərəmov  “Azərbaycan müəllimi”nə bildirib ki, bu günə kimi Qəbələ, Gəncə və Mingəçevirdə ümumilikdə 114 nəfər keçmiş məcburi köçkün sözügedən təlim proqramlarına cəlb edilib. Proqramı bitirənlərdən Qəbələ rayonu üzrə 45, Gəncə şəhəri üzrə 26, Mingəçevir şəhəri üzrə 29 faizi işlə təmin olunub. Kurslar geri qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq, onların sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.

 

C.Kərəmov deyib ki, işğaldan azad edilmiş torpaqlarımıza qayıdan əhalinin məşğulluq imkanlarının artırılması və sosial müdafiəsinin təmin edilməsi sahəsində peşə təhsili sisteminin xüsusi rolu müəyyən olunub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda 8 peşə təhsil müəssisəsinin qurulması, o cümlədən 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır. Ümid edirik ki, vətəndaşlarımız həm sənədli, həm sənətli olacaq. Qarabağa qayıdanlar bilikli, bacarıqlı olacaqları üçün qayıdışdan sonrakı həyatları da uğurlu olacaq. Çünki sənət məşğulluq, bilik-bacarıq iş, peşə sahibi olmaq isə rifah halının təmin olunması deməkdir. Biz bacarıqlı vətəndaşlarımızın Qarabağın inkişafına verəcəyi töhfənin daha böyük olacağına inanırıq”.

 

Bərbərlik üzrə özlərini təkmilləşdirən dünənin məcburi köçkünləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Üstəlik, oradan çıxdıqları gün kimi ümidsiz, inamsız və əlləri boş olmayacaqlar.

 

Biz də Bakıya özəl müəssisələrlə birgə olub peşəkar kadrlar yetişdirməyə çalışan bir peşə təhsil müəssisəsinin - Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlarından, özünü inkişaf etdirmək, müasir Qarabağa bacarıqlı, səriştəli, peşəkar dönə bilmək üçün səy göstərməyə hazır, qətiyyətli kadrların hekayələrindən aldığımız ilhamla qayıtdıq.

 

Ruhiyyə DAŞSALAHLI

Bakı-Qəbələ-Bakı