Mingəçevir Dövlət Universitetində (MDU) taksi minik avtomobillərinin sürücüləri üçün növbəti təlimlər keçirilib. Taksi fəaliyyətinin tənzimlənməsinə dair 2023-cü il oktyabrın 1-də qüvvəyə minən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

 

16 taksi minik avtomobili sürücüsünün iştirakı ilə dörd gün davam edən təlimlərə MDU-nun müvafiq sahə üzrə yüksək ixtisaslı və təcrübəli müəllimləri təlimçi qismində cəlb olunublar.

 

Təlim proqramı çərçivəsində iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları barədə məlumat verilib.

 

Təlim proqramında iştirak edən sürücülər AYNA tərəfindən təşkil edilmiş imtahanlarda iştirak ediblər. İmtahandan müvəffəqqiyyətlə keçən sürücülərə müvafiq şəhadətnamələr təqdim olunacaq.