Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 ailə olmaqla 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Bu gün Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

 

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıb. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Ailələr qarşılandıqdan sonra keçirilən açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak edib. Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq yeni evlərində məskunlaşıblar. Bununla da Füzuli şəhərində 440 ailə olmaqla 1625 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.