Elm və təhsil naziri Emin Əmrullayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Rəsul Həşimovla görüşüb. 

 

Mentorluq proqramı çərçivəsində keçirilən görüş zamanı nazir qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla təcrübəsini bölüşəcəyini, həmçinin potensiallarını üzə çıxarmağa dəstək olacağını bildirib.


Görüşdə Emin Əmrullayev qalibləri Elm və Təhsil Nazirliyinin fəaliyyəti, gələcək inkişaf hədəfləri barədə məlumatlandırıb. Nazir son illərdə aparılan təhsil islahatları və bu sahədə inkişafa dəstək olacaq işlər barədə qaliblərin fikirlərini dinləyib. 

 

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində təşəkkür edərək mentorluq proqramı çərçivəsində Emin Əmrullayevin şəxsi təcrübəsindən faydalanmaqdan məmnunluqlarını bildiriblər.

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.


Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.