Qonaqlar İpək Yolu ölkələrinin siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafına həsr edilmiş elmi hesabatlarla çıxış ediblər


Çin Dövlət Şurası (Çin Höküməti) İnsan Hüquqları Bürosu  İnformasiya Şöbəsinin direktoru Qiu Yinin başçılıq etdiyi həmin şöbənin Mədəniyyət Mübadiləsi qrupunun üzvləri Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunu ziyarət ediblər.

 

İnstitutun direktoru professor Rafiq Abbasov qonaqlara Konfutsi İnstitutunun təhsil və maarifləndirmə fəaliyyəti barədə məlumat verərək, İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan elmi seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. R.Abbasov sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə Azərbaycan təcrübələrin Çin ilə əməkdaşlıq üçün geniş perspektivlər yaratdığını qeyd edib. Heyət üzvləri- Sintszyan-Uyğur Muxtar Rayonunun İnkişaf və İslahat Komissiyasının direktor müavini Li Ren, Sintszyan Sosial Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru Mulati Heyati və Çin İctimai Elmlər Akademiyasının Sərhəd Araşdırmaları İnstitutunun direktoru Sin Quançen İpək Yolu ölkələrinin siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafına həsr edilmiş elmi hesabatlarla çıxış ediblər.

 

Sonra qonaqlarla ADU və AMEA-nın alimləri arasında fikir mübadiləsi aparılıb.

 

Çin Dövlət Şurasının nümayəndələri ADU-nun Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasında da olublar. Mərkəzin elmi işçisi Turan Kərimli tarixən müxtəlif xalqların və fərqli dinlərə inananların sülh, mehriban şəraitdə yaşadıqları Azərbaycan multikulturalizm, tolerant dəyərləri ilə seçildiyini qeyd edib. Vurğulanıb ki, hazırda multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, cəmiyyətin həyat tərzidir.