Günay Hüseynzadə: “İndi müəllim artıq öyrədən deyil, öyrənməyin yollarını, necə öyrənməli olduqlarını şagirdlərə göstərəndir”


Bakıdakı 193 nömrəli tam orta məktəbin riyaziyyat  və informatika müəllimi Günay Hüseynzadə yeni nəsil riyaziyyat dərsliklərinin həmmüəllifi, Riyaziyyat üzrə fəlsəfə doktoru və Azərbaycan Respublikasının“Qabaqcıl Təhsil İşçisi”dir.

 

Günay Hüseynzadə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Yaradıcı müəllim” müsabiqəsində “Riyaziyyatla inkişaf edən dünyaya inteqrasiya” mövzusu üzrə qalib olub. 

 

Riyaziyyat fənninə maraq onda hələ orta məktəbdən başlayıb. Xəzər rayonu 117 nömrəli tam orta məktəbdə təhsil alarkən riyaziyyat fənnindən keçirilən müxtəlif müsabiqələrdə iştirak edib. Hər dəfə qazandığı uğurlar onu daha da ruhlandırıb. Nəticədə ali məktəbə qəbul imtahanlarında Xəzər rayonu üzrə ən yüksək nəticəni göstərib.

 

Riyaziyyat fənninə olan maraq onu elmi tədqiqat işləri ilə məşğul olmağa sövq edib. G.Hüseynzadə ali təhsilin ilk pilləsini bitirdikdən sonra təhsilini magistratura və doktorantura pilləsində davam etdirib. Elmi dərəcəsini alandan sonra 2020-ci ildən peşə fəaliyyətinə riyaziyyat üzrə fəlsəfə doktoru kimi  başlayıb.

 

Günay Hüseynzadə:

- Bir müəllim kimi peşə fəaliyyətinə başladığım gündən hədəfim şagirdlərə riyaziyyat fənnini sevdirmək, riyaziyyatın hər yerdə olduğunu, öyrənməyin asanlığını göstərmək olub. Bəzən müəllimlər düşünürlər ki, müəyyən təcrübəyə malik olmaq şagirdlərə lazımi bilik və bacarıqları əldə etməsi üçün yetərlidir. Müasir riyazi təhsil bunun əksini deyir.

 

Bir riyaziyyat müəllimi və yeni riyaziyyat dərsliklərinin həmmüəllifi olaraq deyə bilərəm ki, yeni dərsliklər şagirdlərdə tətbiqetmə, analizetmə bacarıqlarını inkişaf etdirir, onları yaradıcı düşünməyə sövq edir. Bu gün biz strateji məqsədlərə, dayanıqlı inkişafa nail olmalıyıq. Müəllim əmək bazarına yararlı insan kapitalının yetişməsinə töhfə verməlidir. “Riyaziyyatla inkişaf edən dünyaya inteqrasiya” mövzusunu seçməyimin əsas səbəbi də məhz bu oldu.

 

Dünya bizim təsəvvür etdiyimizdən daha sürətli inkişaf edir. Mən də ənənəvi tədris üsulları ilə təhsil almışam. Lakin dövr  və tələblər dəyişir. Bu dəyişikliklər fənlərin tədrisinə də yeniliklər gətirmək zərurəti yaradır. Bugünün şagirdləri bizim dövrün şagirdlərindən xeyli fərqlənirlər. İndi şagirdlərin müxtəlif texnologiyalardan istifadəsi əyaniliyi təmin edir, nəzəri biliklərin mənimsənilməsinə, teorem və xassələrin izahını asanlaşdırmağa kömək edir.

Yaradıcı müəllim müsabiqəsində iştirak etdiyimiz “Eratosfen eksperimenti” belə standart olmayan məsələlərdəndir. Bu məsələlərin həllində bir neçə ölkə olaraq iştirak etdik. Günəş şüasının Yerə düşmə bucağına əsasən, ölçmə apardıq.

 

Nəticələri “Eratosfen eksperimenti” saytından digər ölkələrlə bölüşdük və Yerin radiusunu hesabladıq.  Hazırda hər bir mövzunun tədrisi zamanı şagirdlərə tətbiq sahələrini araşdırmağı tapşırıram. Hər şagirdin özünəməxsus araşdırma nəticələri də olur. Bu da müəllim kimi mənə şagirdin maraq dairəsini müəyyənləşdirmək imkanı verir. Artıq bir neçə ildir ki, şagirdlərlə beynəlxalq layihələrdə iştirak edirik. Buna misal kimi  “Riyaziyyatçıların əlifbası”, “Dinamik həndəsə: Riyaziyyatın günəşli dünyası”, “Riyazi oyunlar və kodlama”, “Dayanıqlı inkişafın riyazi həlləri” layihələrini göstərmək olar. Həm də 3 ildir ki, “Dinamik həndəsə: Riyaziyyatın günəşli dünyası” adlı beynəlxalq layihənin üzvüyük.

 

Müəllimlərlə əməkdaşlıq, metodiki dəstəyin göstərilməsi, fikir mübadiləsi yaranan problemlərin həlli üçün vacibdir. Bu məqsədlə bir neçə il əvvəl riyaziyyat müəllimləri üçün resurs bazası yaratmağa çalışdım. Hazırda bazada qabaqcıl müəllimlərin hazırladığı resurslar paylaşılır. Elektron ünvana gələn məktublar əsasında tələbatlar müəyyənləşdirilir və mütəmadi olaraq yeni resurslar bazaya əlavə edilir. Müəllimləri əməkdaşlığa cəlb etmək istiqamətində işlər qurulur. Sosial şəbəkələrdən daim yenilənmə haqqında elanlar verilir, buradan da paylaşıma açıq olan hər bir müəllimi təcrübə mübadiləsinə, əməkdaşlığa dəvət edirəm. Bu gün şagirdlər çox potensiallıdırlar. Müəllimin vəzifəsi onlara diferensial yanaşmaq və bu potensialı hər bir şagird üçün üzə çıxarmaqdır. Düşünürəm ki, indi müəllim artıq öyrədən deyil, öyrənməyin yollarını, necə öyrənməli olduqlarını şagirdlərə göstərəndir. Ona görə şagirdlərə sərbəst öyrənmə bacarıqlarını aşılamaq lazımdır. Bu zaman biz dayanıqlı inkişafa nail ola bilərik.

                                                                                                

Şakir CƏFƏROV