Oktyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi təşkilatçılığı ilə “İKT karyera trendləri” mövzusunda konfrans keçirilib.

 

Akademik təşkilatlar, dövlət orqanları, biznes strukturların nümayəndələri, həmçinin universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb. O, Prezident İlham Əliyevin bu sahənin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb. Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti və uğurları barədə məlumat verən rektor konfransın əhəmiyyətini diqqətə çatdırıb.

 

Daha sonra konfransda İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov "İT karyera imkanları barəsində ölkəmizdə olan mövcud vəziyyət", Neyron texnologiyalar şirkətinin direktoru İsmayıl Ələkbərov "Beynəlxalq İKT layihələri və tələb olunan mütəxəssislər", “Microsoft Azərbaycan” şirkətinin Strateji texnologiyalar sahəsində Qafqaz və Orta Asiya ölkələri üzrə eksperti Qaçay Mirzəyev "Microsoft şirkətinin müasir texnologiyaları və bu sahə üzrə karyera tredləri", Azərbaycan Mərkəzi Bankının İT department direktoru Fərid Osmanov "Blockchain texnologiyaları və bu layihələrə tələb olunan mütəxəssislər", “Azintelekom” şirkətinin kommersiya departamentinin müdiri Ruslan Əliyev "Bulud texnologiyaları üzrə layihələr və tələb olunan mütəxəssislər", Azərbaycan Beynəlxalq Bankının İT sektor müdiri Abdulla Abdullayev "Kiber təhlükəsizlik" mövzusunda təqdimatla çıxış ediblər.

 

Sonda təqdimatlarla bağlı yekun müzakirələr aparılıb.