Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirilib.

        

Regional Təhsil İdarəsindən bildirilib ki,  tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, məktəb direktorları, müəllimlər, şagirdlər və idmançılar iştirak ediblər.

        

Tədbir iştirakçıları ilk öncə idman həftəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri tərəfindən hazırlanmış rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxıblar.

        

Daha sonra respublika və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib. Görüşdə çıxış edən regional təhsil idarəsinin müdiri F.Bədəlov ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində görülən işlərdən, idmana olan dövlət qayğısından, sağlam, pis vərdişlərdən uzaq gəncliyin yetişməsində idmanın rolundan danışıb.

        

Sonda nailiyyətləri ilə seçilən bir qrup idmançı “Fəxri Fərman”la təltif olunub. 

 

Şakir CƏFƏROV