Tədbirdə Azərbaycandan çoxsaylı nümayəndə heyəti iştirak edib


25-27 oktyabr 2018-ci il tarixdə Amasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, AÜSSAM (Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və AZERDER (Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi) tərəfindən Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində IV Beynəlxalq Həmzə Nigari simpoziumu keçirilib.

 

Simpoziumda təşkilatçı qurumlarla yanaşı Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və İrandan bir sıra ali məktəblərin,  elmi tədqiqat institutlarının, ictimai birlik, orta məktəb və digər qurumların nümayəndələri iştirak ediblər. Simpozium iştirakçıları  öncə Həmzə Nigarinin Amasiya şəhərində yerləşən türbəsini və Şirvanlı məscidini, Xocalı şəhidləri parkı və abidəsini ziyarət ediblər.

 

Simpoziumun Amasiya Universiteti Fənn və Ədəbiyyat fakultəsinin konfrans zalında baş tutan açılış mərasimində  Təşkilat Komitəsinin həmsədrləri Dr. Mətin Haqverdioğlu və Dr. Fariz Xəlilli çıxış edərək iştirakçıları salamlayıblar. Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyinin sədri Atilla Yaprak Amasiyada yaşayan Azərbaycan əsilli türklərin iki ölkənin əlaqələri sahəsində gördüyü  işlərdən bəhs edib, iki ildən bir keçirilən simpoziumun bu baxımdan önəmli olduğunu bildirib. Professor  Şikar Qasımov Həmzə Nigarinin doğulduğu Laçının Cicimli kəndindən, onun Qarabağ sevgisi və həsrətindən danışıb. Siracəddin Babaoğlu Həmzə Nigarinin Azərbaycandakı nəslinin və ardıcıllarının adından çıxış edərək, onun həyat yolundan bəhs edib. Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram teatrının direktoru Həmzə Nigarinin həyat yolunun səhnələşdirilməsinin vacibliyini qeyd edib. Prof.Dr. Fateh Köksal ortaq türk dilinin yaranmasının əhəmiyyətindən və türk mədəniyyətinin təbliğində Həmzə Nigari simpoziumunun önəmindən söz açıb. ADPU Şamaxı filialının direktoru Tünzalə Yusifova III Beynəlxalq Həmzə Nigari simpoziumunun Şamaxıda keçirilməsindən və gələcək simpoziumlarda da universitetin əməkdaşlarının yaxından iştirakından danışıb.

 

Daha sonra bölmə iclaslarında Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan incəsənəti, Azərbaycan dili, Mir Həmzə Nigarinin dil və üslubu, tarixdə Azərbaycan-Türkiyə əlaqələri, incəsənət sahəsində Azərbaycan-Türkiyə əlaqələri, Azərbaycandan Türkiyəyə köçlər və tarix, ədəbiyyat, incəsənət sahəsində təsirləri, Mir Həmzə Nigari və incəsənət, İsmayıl Şirvani və təsəvvüf, amasiyalı Azərbaycan türkləri, Azərbaycan musiqisi və türk musiqisinə təsirləri, tarix, ədəbiyyat və incəsənət sahəsində tanınmış ortaq şəxsiyyətlər mövzularında məruzələr dinlənilib.

 

Yekun iclasında V Beynəlxalq Həmzə Nigari Simpoziumunun Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcəyi elan olunub.