Oktyabrın 30-da Sumqayıt Dövlət Universitetində I kurs tələbələri üçün Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib.

 

Tədbiri universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev açaraq “Bir” Tələbə-Könüllü proqramı haqqında məlumat verib. Bildirib ki, proqram ölkədə vahid tələbə könüllü bazasının yaradılması, könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Ölkəmizdə bir çox genişmiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər mühüm rol oynayırlar. Proqram gənclərin asudə vaxtlarının maraqlı və səmərəli keçməsinə xidmət edir. Sumqayıt Dövlət Universitetinin könüllü tələblərinin beynəlxalq və ölkədaxili tədbirlərdə fəal iştirakından danışan N.İbayev  hər bir tələbəni onlar kimi fəal olmağa çağırıb.

 

Proqramın koordinatoru Ağa Səlimov tələbələrin böyük maraqla qatıldığı təqdimatda iştirakçılara “Bir” Tələbə-Könüllü proqramı, ölkəmizdə könüllülük fəlsəfəsi, proqramın əsas istiqamətləri və proqramın fəaliyyətlərində iştirak imkanları, BİR könüllü olmağın üstünlükləri haqqında məlumat verib.

 

Təqdimatın sonunda “BİR” Tələbə-Könüllü Proqramı ilə bağlı videoçarx nümayiş etdirilib, maraqlı oyunlar keçirilib, tələbə-gənclərin proqramla bağlı sualları cavablandırılıb. İnteraktiv üsulla keçirilən təqdimatda tələbələr könüllülük haqqında fikirlərini bölüşüb, kreativ təşəbbüslərlə çıxış ediblər.