SDU-da növbəti ənənəvi tədbir keçirilib


Oktyabrın 30-da Sumqayıt Dövlət Universitetində valideynlər və Kütləvi İnformasiya Vasitələri üçün növbəti  “Açıq qapı günü” keçirilib. SDU-nun rəsmi internet portalında əvvəlcədən yerləşdirilmiş elana uyğun olaraq “Açıq qapı günü”ndə  valideynlər, bir sıra saytların,  AzTV-nin “Xəbərlər” proqramının əməkdaşları iştirak ediblər.

 

Humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov qonaqlara universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb. Bildirib ki, universitet Avropa təhsil məkanına inteqrasiya istiqamətində  mütamadi olaraq dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi–pedaqoji mübadilələr həyata keçirir. Bu gün Sumqayıt Dövlət Universiteti tələbələrə bilik, savad verməklə yanaşı, onlarda estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirir. Çünki əsl tələbə yüksək insani keyfiyyətlərə, mədəniyyətə malik olmalı, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır!

 

Son illər universitetin rəhbərliyi tərəfindən SDU-nun kadr potensialının öz yetirmələri ilə yeniləndiyini bildirən propektor məzunların laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başladıqlarını deyib. R.Hüseynov bunun  Prezident  İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin bariz nəticəsi olduğunu diqqətə çatdırıb.

 

Sonra valideynlər  KİV nümayəndələri ilə birgə müxtəlif fakültələrdə dərs prosesini izləyiblər. Valideynlər auditoriyalarda övladları ilə birlikdə mühazirə dinləyib, tələbər üçün yaradılan şəraitlə, tədris və elmi-tədqiqat laboratoriyaları, tələbələrin dil biliklərini təmannasız artırmaq üçün yaradılmış Linqvistik mərkəzin fəaliyyəti,  geniş auditoriyalar, Heydər Əliyev Mərkəzi, Elmi kitabxana, idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklərlə ilə tanış olub, tələbə yeməkxanasına baş çəkiblər.

 

Tarix və coğrafiya fakültəsinin I kurs tələbələri Allahverdi Əhmədovun anası Güləndam Əhmədova, Emil Məmmədovun atası Rövşən Məmmədov  övladlarının Sumqayıt Dövlət Universitetinin tələbəsi olduğundan qürur duyduqlarını dilə gətiriblər.Qeyd ediblər ki, mütəmadi olaraq universitetdə olur, övladlarının dərs prosesini izləyirlər. Yaradılan şəraitə görə   minnətdarlıqlarını bildirən valideynlər  universitet kollektivinə uğurlar arzulayıblar.