Naxçıvan Dövlət Universitetində Novruz bayramı təntənə ilə qeyd edilib.

 

Ali təhsil ocağının Konservatoriya binasında təşkil edilən tədbirdə universitetin rektoru Elbrus İsayev Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu deyib. Bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, birlik qardaşlıq bayramı olduğunu bildirən rektor diqqətə çatdırıb ki, Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qüdrətli ordumuzun sayəsində artıq işğaldan azad edilən qədim yurd yerlərimizdə də tonqallar qalanır, ölkəmiz bu milli bayramı yüksək əhval-ruhiyyə ilə qeyd edir.

 

Tədbirdə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib. Novruzun personajlarından olan Kosa və Keçəlin məzəli çıxışı, yumurta döyüşdürülməsi maraqla qarşılanıb. NDU-nun Beynəlxalq Məktəbinin şagirdlərinin ifasında “Naz eyləmə” rəqsi, Tibb və Texniki kolleclərin tələbələrinin, Tələbə Teatr Studiyasının “Yallı” rəqs qrupunun ifasında Söylə, Xələfi, Köçəri, Tənzərə yallısı milli-mənəvi dəyərlərimizin daşıyıcısı kimi hər kəsdə xoş ovqat yaradıb.

 

İncəsənət fakültəsinin sərgi salonunda rəngkarlıq, bədii tikmə, dekorativ tətbiqi sənət nümunələri olmaqla, 70-dən artıq əl işləri nümayiş etdirilib. Sərgilənən yaradıcılıq işlərində Novruz bayramının özünəməxsus adət-ənənələri, milli kaloriti əks olunub.

 

Sonda universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq “Yallı” rəqsini ifa ediblər.