Dörd nominasiya üzrə keçirilən yarışmada NDU-nun tələbələri fəallıq göstəriblər


Naxçıvan Dövlət Universitetində Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin gənclər paytaxtı seçilməsi ilə əlaqədar “Gənclər paytaxtının ən yaxşı tələbə gənclər təşkilatı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov bu  nazirlik və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil edilən tədbirin məqsədi haqda danışıb. Qeyd edilib ki, muxtar respublikada fəaliyyət göstərən tələbə gənclər təşkilatları ilə işin canlandırılması, təşkilat və onların üzvləri arasında rəqabətin formalaşdırılması, muxtar respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə tələbə gənclərin iştirakının təmin olunmasında təşkilat sədrlərinin fəallığının artırılmasına stimul vermək məqsədilə həyata keçirilən müsabiqə dörd mərhələdən ibarət olub.

 

“Təbiətsevər” adlanan ilk mərhələnin əsas məqsədi gənclərin ətraf mühitə qayğısını artırmaq, təbiət sevgisini təbliğ etmək olub.

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə xidmətlərinə həsr edilən “Azərbaycan gəncliyinə doğan Günəş” mövsusunda məqalə yazılması yarışmanın ikinci hissəsində olub. Hər  tələbə gənclər təşkilatının, təxminən, 250-300 sözdən ibarət olan 1 məqalə təqdim etməsi yarışın əsas şərtlərinə daxil olub.

 

“Vətənpərvər” qısametrajlı film yarışmasında məqsəd vətənpərvərlik tərbiyəsinin nümayişi, gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, qiymətləndirilməsi və stimullaşdırılması, həmçinin çəkilən filmlər vasitəsilə gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi olub.

 

Müsabiqənin sonuncu “On/off” video mərhələsinin əsas məqsədi isə sosial şəbəkələrin, eyni zamanda bütövlükdə internet resusrlarının müsbət tərəflərindən yararlanaraq Naxçıvanın turizm imkanlarının, tarixi abidələrinin gənclər vasitəsilə tanıdılmasını təmin etmək, gənclərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir. Nazirliyin “İnstagram” sosial şəbəkəsindəki rəsmi səhifəsində keçirilən səsvermədə ən çox bəyənmə qazanan ilk 3 video qalib olub.

 

Sonra qaliblər mükafatlandırılıb. Müsabiqənin “Təbiətsevər” yarışmasında Naxçıvan Dövlət Universiteti I,  Naxçıvan Müəllimlər İnstitutu II, Naxçıvan Dövlət Texniki Kollecinin komandaları isə III yerləri qazanıblar.

 

“Azərbaycan gəncliyinə doğan Günəş” mövzusunda məqalə yarışmasının tam obyektiv qiymətləndirilməsi məqsədilə nazirlik tərəfindən formalaşdırılan münsiflər heyətinin rəyinə əsasən Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fatimə Həsənova qalib olub. Naxçıvan Dövlət Universitetinin tələbəsi Gülay Tahirli II və Naxçıvan Musiqi Kollecinin tələbəsi Gülzar Heydərli isə III  yerə layiq görülüblər.

 

“Vətənpərvər” qısametrajlı film yarışmasında Naxçıvan Dövlət Texniki Kollecinin komandasının çəkdiyi film qalib adını qazanıb. Naxçıvan Dövlət Universiteti II və Naxçıvan Müəllimlər İnstitutunun komandası isə III yerləri tutublar.

 

“On/off” video yarışmasının qalibi isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Kənan Hacızadə olub. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Elcan İbrahimov və Naxçıvan Tibb Kollecinin tələbəsi Aytac Mərdanlının da hazırladıqları videolar mükafatçılar sırasına düşüb.

 

Mükafatlandırma mərasimində qalib komandaların videoları nümayiş etdirilib. Sonra qalib komandalar və onların üzvlərinə mükafatlar təqdim edilib.        

 

Tədbir Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi tələbələrinin   konsert proqramı ilə davam edib.