Narınc Rüstəmova :“Erkən müdaxilə, professional dəstək və kompleks terapiya autizmlə mübarizədə ən vacib hissəni təşkil edir”


Autizm spektr pozuntusu fərdin beyninin inkişafına, onun başqaları ilə müqayisədə  necə qavramasına, sosiallaşmasına təsir edən tibbi vəziyyətdir. Erkən yaş dövründə başlayan, sosial münasibət və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri, əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. 

 

Autizmin təzahür spektrı çox genişdir, əsas simptomları isə ümumi xarakter daşıyır: Sosial münasibətlərdə, nitq və ünsiyyətdə, psixi inkişafda pozğunluq. Autizmli uşaqlarda göz təmasından qaçma, başqaları ilə ünsiyyət qurmaqdan çəkinmək, digər uşaqlarla oynamamaq, uzun müddət eyni mövzu ətrafında danışma, sözləri ardıcıl təkrarlama, davamlı olaraq eyni oyunları oynamaq, dönən və fırlanan əşyalara qarşı marağın olması və s. kimi xüsusiyyətlər özünü göstərmiş olur.

 

Uşaqlarda autizm əlamətləri müşahidə olunarsa,  nə etməli və necə mübarizə aparmalı?

 

Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova “Azərbaycan müəllimi” qəzetinə fikirlərini bölüşüb:

 

- Autizmin-Asperger sindromu, Rett sindromu, Uşaqlıq dezinteqrativ pozuntusu, Atipik autizm kimi spektr pozuntu növləri var. Bu pozuntuların hər biri spesifik əlamətlərinə görə fərqlənir və müvafiq yanaşmalar tələb edir. Autizmin diaqnozu uşaq psixoloqları tərəfindən də qoyula bilər. Öncə uşağın inkişaf pillələrini, yaşıdları ilə münasibətini, valideynləri ilə söhbət apararaq, uşağın inkişafında əsas diqqəti çəkən problemləri öyrənmək , doğuş və ya doğuşdan sonrakı dövrlərdə uşağın  xüsusiyyətləri haqqında hərtərəfli informasiya almaq, həmçinin gərəkli olan bütün testlərin edilməsi lazımdır.

 

Psixoloq bildirir ki, ümumiyyətlə belə uşaqların individual şəkildə kompleks terapiya alması vacibdir. Belə ki, autizm spektrı olan uşaqlar həm psixoloq, loqoped, duyu bütünləmə, həm də klinik refleksoloji terapiyası görməlidirlər. Müayinələr zamanı indeksi 68-dən yuxarı autizm risk , 84-dən yuxarı çıxarsa,  autizmdə ağırlaşmış qrup hesab edilir.

 

 

Autizmli uşaqlar bağçaya gedə bilərmi?

 

Psixoloq N.Rüstəmova suala belə cavab verir:

 

- Son dövrlərdə biz psixoloqlara  “Autizm spektrı olan uşaqlar bağçaya gedə bilərmi?” və ya “Autizm spektrı olan uşağı bağçaya qoysaq, bu əlamətlər aradan qalxarmı?”- sualları tez-tez verilir.  Autizm spektrı olan uşaqlar bağçaya getsə, onlarda autizmin düzəlməyi ilə bağlı heç bir irəliləmə olmayacaq. Autizm spektr pozuntusunun təməlində yalnızlıq hissi var. Elə bu səbəbdən də bəzən valideynlər düşünürlər ki, bu yalnızlıq hissi komanda və ya bir qrupla vaxt keçirdikdə uşaqda azalacaqdır. O səbəbdən də autuzmli uşaqları bağçaya yönəldirlər. Bu, düzgün yanaşma deyil. Autizm spektr pozuntusu olan uşaq artıq reabilitasiya görüb, nitqində sözlər formalaşıb, sensor problemləri aradan qalxıbsa, bu mərhələlərdən sonra bağçaya gedə bilər. Bu terapiyanın gedişindəki 3-cü, 4-cü mərhələ hesab edilir ki, bu zaman artıq uşağın bağçaya getməyi tövsiyə edilir. Ancaq uşağın heç bir terapiya görmədən birbaşa  bağçaya getməsi doğru deyil. Bu uşaq üçün stessdir. Belə olduqda uşaqda zamanla özünə qapanma halları daha da çoxalmağa başlayar.

 

Autizm diaqnozu erkən qoyulur

 

- Autizm diaqnozu üç, dörd yaşlarında qoyulur. Bəzən valideynlər uşaq bu yaşa çatana qədər gözləyir və mütəxəssisə müraciət etmirlər. Ancaq bu yanlış yanaşmadır. Autizm əlamətləri özünü artıq 1 yaşından,   12-18 aydan etibarən özünü biruzə verməyə başlayır. Xüsusilə, inkubasiya dediyimiz “cücərmə dönəmi”  1 yaş yarımından etibarən özünü göstərməyə başlayır. Öncədən aktiv olan, gülən, oynayan, nitqində müəyyən qədər söz olan uşaq bu yaşdan etibarən passivləşirsə, reaksiyaları sönməyə başlayırsa, davamlı tək oynayırsa valideynlər bu haldan şübhələnməli və bunu bir mütəxəssislə danışmalıdırlar. 18-ci ayında uşağın nitqində 30 söz yoxdursa, adına reaksiya vermirsə, dönən əşyalara maraq göstərirsə, özünə qapanmalar başlayıbsa, bu, valideynlər üçün siqnal olmalıdır. Belə uşaqlarla kompleks terapiya-loqoped, duyu bütünləmə, psixoloq reablitasiyası daha faydalıdır. Erkən müdaxilə, professional dəstək və kompleks terapiya autizmlə mübarizədə ən vacib hissəni təşkil edir...

 

Məlumat üçün bildirək ki,  BMT Baş Məclisinin 2007-ci il dekabrın 18-də qəbul etdiyi qətnaməyə görə hər il aprelin 2-si Dünya Autizm Məlumatlandırma Günü  kimi qeyd olunur.

 

 Nəzrin Xəlilova