SDU-da kitabın təqdimatı keçirilib


Oktyabrın 31-də Sumqayıt Dövlət Universitetində tarix elmləri doktoru, tanınmış arxeoloq Qafar Cəbiyevin “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbirdə  tanınmış alimlər, universitetin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

        

SDU-nun rektoru, professor Elxan Hüseynov kitabın əhəmiyyətindən, Azərbaycan arxeologiya elmində müstəsna xidmətləri olan Qafar Cəbiyevin geniş şaxəli fəaliyyətindən söhbət açıb. Bildirib ki, respublikamızın ərazisində aparılan kompleks elmi tədqiqatlar zamanı bəşər tarixinin müxtəlif inkişaf mərhələlərinə aid zəngin maddi mədəniyyət qalıqları aşkar edilib və Azərbaycan ərazisinin ən qədim sivilizasiya mərkəzlərindən biri olması elmi faktlarla sübuta yetirilib.  Tanınmış arxeoloq Qafar Cəbiyevin qələmə aldığı dərs vəsaitində müxtəlif dövrlərə aid abidələr və orada aparılan tədqiqatların nəticələri əksini tapıb. Mətnlə uzlaşdırılan foto və rəsm əsərin əyaniliyini və elmiliyini daha da artırır, abidələr haqqında tam təsəvvür yaradır və onu daha oxunaqlı edir. Rektor onu da diqqətə çatdırıb ki, arxeoloji qazıntılara, çoxsaylı araşdırmalara əsaslanan bu əsər elm və təhsil ictimaiyyətinə təqdim edilən sanballı dərs vəsaiti, eyni zamanda, ciddi tədqiqat işidir. Kitabın maraqlı bölmələrindən biri XX əsr görkəmli Azərbaycan arxeoloqlarının həyat və yaradıcılıqları haqqında ilk dəfə verilən bioqrafik oçerklərdir. Bu isə həm elmi, həm də tərbiyəvi əhəmiyyətə malikdir.

 

Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, “Azərbaycan və Şərqi Avropa xalqları tarixi” kafedrasının müdiri, professor Şirxan Səlimov, dosent Bəhram Məmmədli, “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti Neyman Xasayev,  AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix elmləri doktoru, professor Kamil İbrahimov, “MİRAS” İctimai Birliyinin sədri Fariz Xəlilli və tələbələr çıxış edərək bildiriblər ki, yenicə çapdan çıxan “Azərbaycan arxeologiyasının əsasları” adlı irihəcmli və dərin məzmunlu əsər tarixşünaslıq baxımından böyük əhəmiyyət kəsb edir. Çünki kitabda tariximizin bütün dövrlərini özündə yaşadan çoxsaylı arxeoloji abidələr barədə ətraflı bəhs olunur. Əsərin əsasən Arxeologiya ixtisası üzrə doktorant və dissertantlar,  habelə ali məktəblərin magistr və bakalavr pilləsində tarix ixtisası üzrə təhsil alanların dərs vəsaiti kimi  istifadəsi nəzərdə tutulur.

 

Tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev  təqdimatın keçirilməsinə verdiyi dəstəyə görə SDU-nun rektoruna təşəkkürünü bildirib. Qeyd edib ki, son zamanlar ölkəmizdə aparılan araşdırmalar nəticəsində mədəniyyət, tarix və abidələr, arxeologiya və etnoqrafiya, təbii sərvətlər müxtəlif tədqiqatların predmetinə çevrilib. Yeni elmi istiqamətlər müəyyənləşdirilib və bir sıra uğurlu nəticələr əldə olunub. Bununla yanaşı, aparılmış arxeoloji ekspedisiyalar nəticəsində mühüm elmi dəyərə malik olan materialların əldə edilməsi də “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitinin işıq üzü görməsinə zəmin yaradıb.