Universitet 25 nəfərlik nümayəndə heyəti ilə forumda iştirak edib


Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) 25-26 oktyabr tarixlərində  paytaxtımızda keçirilən “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr edilmiş VI Bakı Beynəlxalq Humanitar Forumu müzakirə olunub. Universitetin Multikulturalizm elmi-tədqiqat laboratoriyası (ETL) tərəfindən təşkil edilən “dəyirmi masa”da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumundakı nitqi təhlil edilib.

 

Tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov qonaqları salamlayaraq Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışıb.  Qeyd edib ki, Azərbaycan Dillər Universiteti də 25 nəfərlik nümayəndə heyəti ilə forumda iştirak edib. O, qeyd edib ki, universitetin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının sədri, akademik Kamal Abdullanın təşəbbüsü ilə məhz bu forumda böyük bir seksiya Azərbaycan multikulturalizm modelinə həsr olunub. Təsadüfi deyil ki, Azərbaycanda təkcə humanitar sahədə deyil, eyni zamanda texniki sahələrdə inkişafın mövcudluğu multikulturalizmin ölkəmizdə dövlət siyasəti olması ilə əlaqədardır. Prezident İlham Əliyev öz çıxışında  bildirib ki, bu siyasət daim mövcud olub, amma bunun dövlət siyasəti formasına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi Rəvan Həsənov söyləyib ki, budəfəki forumda əsas müzakirə  mövzuları sırasında ən mühüm məsələlərdən biri də multikulturalizmlə bağlı olub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xüsusi bir panellə təmsil olunub. Həmin paneldə çıxış edənlər Azərbaycanın multikulturalizmə verdiyi önəmdən və bu istiqamətdə aparılan dövlət siyasətindən, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkə daxilində və xaricində həyata keçirdiyi layihələrdən danışıblar. R.Həsənov vurğulayıb ki, forumda ölkə prezidentinin nitqinin əsas hissəsini Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasəti, ölkəmizdə olan etnik mədəni və dini müxtəliflik və bu milli mənəvi dəyərlərin Azərbaycana bağlı olması təşkil edib.

 

ADU Multikulturalizm ETL-ın elmi işçisi Əli Fərhadov, BBMM-in şöbə müdiri Rəşad İlyasov forumu əlamətdar hadisə, dünya qlobal forumları sırasında seçilən bir tədbir kimi xaraterizə ediblər.

 

Alban-Udi Xristian icmasının sədri Robert Mobili və “Rohani” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev mövzu ilə bağlı fikirlərini bölüşüblər..

 

“Dəyirmi masa” müzakirələrlə davam edib.