İsveçrənin təhsil sistemi bu iki fundamental prinsipin üzərində bərqərar olub


Dünyanın ən qabaqcıl təhsil sistemlərindən danışarkən İsveçrənin adını çəkməmək mümkün deyil. İllik reytinqlərdə bu ölkənin ali məktəblərinin ön sıralarda qərarlaşmaları ənənə halına çevrilib. İsveçrənin məktəb, kollec və universitetlərinin verdiyi attestat və diplomlar dünyanın istənilən ölkəsində tanınır. Bu təhsil ocaqlarını bitirmiş şəxs avtomatik olaraq nüfuzlu və keyfiyyətli təhsil almış hesab edilir.

 

İsveçrə dünyanın ən dəqiq işləyən saatlarının vətəni sayılsa da, burada vahid təhsil proqramı yoxdur, sistem isə kifayət qədər mürəkkəbdir. Məsələ burasındadır ki, federativ quruluşlu İsveçrənin 26 kantonundan hər birində yerli qaydalar, tələblər və standartlar fəaliyyət göstərir. Bu özəllik təhsil sistemindən də yan keçmir. Təbii ki, sistemin bazis hissəsi istisna olmaqla. Bundan əlavə, ölkədə 3 dövlət (alman, italyan və fransız) və bir rəsmi (retoroman) dilinin olması da təhsil prosesinə öz korrektələrini edir.

 

Tox, şən və razı

 

İsveçrə təhsil sisteminin əsas prinsipləri hər uşağın fərdiliyi və sağlam, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılmasıdır. Uşaq bağçasından başlayaraq universitet diplomunun alınmasınadək. Bizim üçün qeyri-adi gəlsə də, İsveçrədə prioritet istiqamətlər dil bilgisi və bədən tərbiyəsidir. Körpələr artıq uşaq bağçasından ən azı iki dili öyrənməlidirlər. İsveçrə təhsil sistemi məktəbəqədər təhsil prosesinə o qədər də önəm vermir. Elə uşaq bağçaları var ki, körpələri 4-6 aylığından qəbul edir. Ancaq bu, məcburi xarakter daşımır. Hesab edilir ki, uşaq bağçaları körpələrə heç nə öyrətmir və öyrətməməlidir. Tərbiyəçilərin əsas vəzifəsi körpənin tox, şən və razı olmasına nəzarət etməkdir.

 

Bütün bacarıqlar oyunlar zamanı aşkar olunur. Hərflərə və sözlərə fikir verən yoxdur. Hesablamanı da kənara qoyun: onsuz da hər bir uşaq gec-tez bunları öyrənəcək. Əsas məqsəd davamlı şəkildə dil öyrənilməsi prosesidir. İkinci istiqamət isə bədən tərbiyəsidir. İsveçrənin təbiəti bunu tələb edir: ilboyu xizəksürmə və veloidmanla məşğul olmaq hər bir isveçrəlinin həyat tərzidir.

 

İsveçrədə məskunlaşmış azərbaycanlı ailəsi üçün bu “azadlıq” qeyri-adi gələ bilər. Biz öyrəşmişik axı uşağı müxtəlif dərnəklərə qoyaq, məktəbdən əvvəl kurslara yazdıraq və müəllim yanma aparaq. İsveçrədə belə ailələr dərhal müvafiq orqanların diqqətini cəlb edə bilər: siz uşağı uşaqlığından məhrum etmək istəyirsiniz?

 

Uşaq bağçaları həm özəldir, həm dövlət. Dövlət uşaq bağçalarında xərclərin əksər hissəsini yerli orqanlar ödəyir. Amma dövlət uşaq bağçalarını belə, orta məktəbdən fərqli olaraq pulsuz hesab etmək olmaz.

 

Bir məqam var ki, xərclərin valideynlər tərəfindən ödənən hissəsi ailənin aylıq gəlirinə nisbətdə müəyyən edilir.

 

Bütün bağçalarda rejim demək olar eynidir. Yəni gündəlik valideyn tərəfindən müəyyən olunur - istəsə uşağı yarım günlük tərk edə bilər, istəsə bütöv gün.

 

Vahid sistemsiz sistem

 

 

İsveçrədə uşağı məktəbə artıq 4 yaşında yollamaq olar. Ancaq bu yaşda məcburi deyil. 6 yaşından etibarən isə məcburidir. Proses aşağıdakı kimidir: məktəbə qəbul olunmaq üçün hər hansı imtahana ehtiyac yoxdur. Sadəcə olaraq, pedaqoqlar körpənin psixoloji yetkinliyini test edirlər. Gördülər ki, uşaq hələ hazır deyil, valideynə daha bir il gözləməyi məsləhət bilirlər.

 

 

İlkin siniflərdə tədris prosesi 6 il çəkir və 12 yaşadək davam edir. Ölkəboyu məcburi və pulsuzdur. Uşaq bağçasında olduğu kimi, aşağı siniflərdə də əsas önəm dil bilgisinə və bədən tərbiyəsinə verilir. Şagird yerli 4 dildən birini və ingilis dilini mükəmməl öyrənməlidir.

 

Orta təhsil iki mərhələdən ibarətdir. “Secondaire 1” məcburidir və kantondan asılı olaraq 3, ya 4 il davam edir. Daha 3-4 il sürən “Secondaire 2” isə özündə tam orta təhsili ehtiva edir. Ümumiyyətlə, nə qədər qəribə səslənsə də, İsveçrənin təhsil sistemindən danışarkən elə təsəvvür yaranır ki, sanki heç bir sistem yoxdur. Bir neçə təhsil proqramı mövcuddur və hər bir kanton bu proqramları ayrı-ayrılıqda, yaxud kombinə edilmiş formada tətbiq edir. Məktəb ili sentyabrdan iyunadək davam edir və üç trimestrdən ibarətdir. Tədris ili ərzində uşaqlar iki dəfə tətilə çıxırlar: dekabrın ortalarından yanvarın ortalarınadək və apreldə iki həftə. Təbii ki, yay tətilini buraya aid etmirik.

 

Federal tədris proqramı - “Matura” 5 tipə bölünür: qədim dillər, müasir dillər, riyaziyyat və təbii elmlər, müasir xarici dillər, iqtisadi elmlər. Tipindən asılı olmayaraq “Matura”ya 10 məcburi fənn daxildir:

-  Ana dili;

-  İkinci dövlət dili;

-  Riyaziyyat;

-  Tarix;

-  Coğrafiya;

-  Fizika;

-  Kimya;

-  Biologiya;

-  İncəsənət;

-  Bədən tərbiyəsi.

Bundan əlavə, daha iki predmet isə adətən seçilmiş tipdən asılı olaraq müəyyən edilir.

 

 

Bir çox məktəblərdə siniflər güclü-zəif prinsipi ilə formalaşdırılır. Elə siniflər var ki, çox güclü uşaqlar oxuyur. Eyni zamanda, orta nəticəli siniflər də mövcuddur. Prinsipin mahiyyəti ondan ibarətdir ki, uşaq güclü sinifdə oxumaq üçün səy göstərməlidir. İstəyinə çatdıqda isə arxayınlaşmamalıdır: güclü siniflərdə də mütəmadi imtahanlar vasitəsilə uşaqların biliyi test edilir.

 

Trimestr ərzində şagirdlər dəfələrlə yoxlama işləri yazırlar. Özü də bu barədə əvvəlcədən xəbərdar edilmirlər. Məqsəd odur ki, qəfil yoxlama ilə şagirdin real potensialı üzə çıxarılsın. Məktəblərdə qiymətləndirmə 6 ballıqdır. Ancaq tez-tez kəsirli qiymətlərlə də rastlaşmaq olar. Məsələn, 5,8. İsveçrəli məktəblilər bir-birlərindən köçürmənin nə olduğunu bilmirlər. Onlar sadəcə olaraq anlamırlar ki, bunu niyə etmək lazımdır. Axı yoxlama işləri müəllimlər üçün deyil, onların özlərinə lazımdır.

 

İsveçrənin orta məktəblərini fərqləndirən daha bir özəllik xarici şöbələrin olmasıdır. Demək olar hər bir məktəbdə italyan, fransız, ingilis, alman və başqa şöbələrə rast gələ bilərsiniz. Adətən bu şöbələri gələcəkdə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan şagirdlərə təklif edirlər. Sözügedən şöbələr Fransanın “Baccalaureat”, İtaliyanın “Maturite”, Almaniyanın “Abitur”, Britaniyanın “A-level” və ABŞ-ın “HighSchool Diploma” proqramları əsasında fəaliyyət göstərirlər.

 

Dərs səhər 8-də başlayır və 16-dək davam edir. Dərs gününün tən yarısında şagirdlər uzun tənəffüsdən istifadə edə bilərlər. Bu vaxt ərzində onlar adətən nahar və istirahət edirlər. Dərslər uzun çəksə də, bədən tərbiyəsi onların, belə demək mümkündürsə, ən vacibidir. İsveçrəli şagird sağlam olmalıdır. Uşaqların real idman atmosferini hiss etmələri üçün tez-tez xizəksürmə, sürüşmə, dağ xizək növlərindən yarışlar keçirilir, dağlara real səfərlər edilir.

 

“Secondaire 1” başa çatdıqda hər bir şagird qərar verməlidir: orta məktəbi davam etdirib akademik təhsil üçün ali məktəbə daxil olmaq istəyir, yaxud orta təhsilin ikinci mərhələsindən yararlanmayıb peşə təhsili almaq fikrindədir. Kim “Secondaire 2” mərhələsinə üz tutursa, daha 3-4 il orta təhsil alır. Bu mərhələdə orta təhsil proqramı davam edir, ancaq paralel olaraq xarici universitetlərə qəbul olunmaq üçün uşaqlara beynəlxalq proqram - “International Baccalaureate (IB)” təklif edilir.

 

 

sveçrədə özəl məktəblərdə qızlar və oğlanlar ayrı-ayrılıqda və bir yerdə təhsil ala bilərlər. Belə məktəblərdə tədris adətən gündüz vaxtı aparılır, yaxud internat tipli olur. İkinci tip özəl məktəblər adətən uşaqların təhsil ocağında yaşamalarını da nəzərdə tutur. Ölkəboyu 250 belə məktəb fəaliyyət göstərir. Belə məktəblər böyük əraziyə və bütün tələb olunan infrastruktura malikdirlər. Özəl məktəblər adəti üzrə ya sponsorlar, ya da valideynlərin hesabına maliyyələşirlər. Əgər məktəb uşağın yaşayışını da təmin edirsə, deməli, şagird dərsdənkənar vaxtlarında çoxsaylı dərnəklər, idman məktəbləri, yaradıcılıq kurslarında iştirak etməlidir. Bunlardan ən vacibi idman klublarıdır.

 

Peşənin yaxşısı-pisi olmaz

 

Məktəblilərə ilk gündən aşılanmağa çalışılır ki, peşənin pisi, yaxud yaxşısı yoxdur. Görünür, şagirdlər bu fəlsəfəni lazımınca əxz edirlər. Bunu statistika da göstərir: məktəbi bitirmiş gənclərin tən yarısı akademik, digər qismi isə peşə təhsili arxasınca gedir. İsveçrədə təhsil sisteminin baza prinsipini məhz bu amil təşkil edir.

 

Orta məktəbin ilk pilləsini başa vurmuş gənclər təhsillərini kolleclərdə davam etdirə bilərlər. Burada onların avtomobil çilingəri peşəsindən tutmuş turizm biznesində menecer peşəsinədək geniş seçim imkanları var. Bugünün özündə İsveçrədə elə vəzifə sahibləri var ki, ali təhsilləri yoxdur. Onların hamısı peşə təhsili ocaqlarının yetirmələridirlər. Belə təhsil adətən iki növ olur:

 

- Kolleclərdə qeyri-rəsmi adı “Berufslehre”, yaxud “Apprenticeship” olan, yəni bir növ işləyə-işləyə oxumaq anlamına gələn proqram;

- Adətən 4,5 il, hərdən 6,5 il davam edən gimnaziyalar. Burada dillər və təbii elmləri əhatə edən ümummilli proqram tətbiq olunur və “MaturaMaturite Suisse” adlanır. Gimnaziyaları bitirdikdən sonra verilən şəhadətnamaləri bütün yerli və xarici ali məktəblər qəbul edir.

 

İsveçrədə kolleclərdə verilən təhsil seçilmiş ixtisasa maksimum uyğunlaşdırılır. Tədris olunan fənlərin sayı o qədər əhatəlidir ki, nəticə etibarilə savadlı kadrların yetişməsi üçün təminat verir. Məsələn, turizm və otel menecmenti ixtisasına yiyələnmək istəyənlərə yüksək səviyyəli mühasibat uçotu, informasiya texnologiyaları, beynəlxalq maliyyə sistemləri, bir neçə xarici dil öyrədilir.

 

Əsrlərin ənənələri

 

İsveçrədə universitet fizika, kimya, tibb, neyrobiologiya kimi ciddi müasir elmlər sahəsində araşdırmaları əks etdirən təhsil deməkdir. Qarşıya qoyulmuş məqsəd və vəzifənin miqyaslı olmasına baxmayaraq, ali məktəblərdə cəmi 20 min yerli vətəndaş təhsil alır. Ümumi təhsil alanların sayı isə təqribən 140-150 min nəfərdir. Başqa sözlə, tələbələrin böyük qismi xarici vətəndaşlardır. Universitetlərin ümumi sayı 10-dur. Bu, yetərlidirmi? Bəli! Yuxarıda qeyd etdiyimiz kimi, peşə təhsili almaq istəyənlərin sayı akademik təhsil ardınca gedənlərdən heç də az deyil.

 

Sözügedən 10 universitetin kantonlar üzrə bölgüsü belədir: almandilli vilayətlər - Bazel, Bern, Lüsem, Sankt-Qallen və Sürix; fransızdilli bölgələr - Cenevrə, Lozanna və Nevşatel. Bunlardan əlavə, Friburq Universitetində həm alman, həm fransız dilində dərslər keçilir, Luqanodakı “Universita della Svizzera İtaliana” Universitetində isə təhsil italyan dilindədir.

 

İsveçrə ərazisində ilk universitetin əsası 1460-cı ildə Bazeldə qoyulub. Bu universitet əsrlərin ənənələrini yaşadaraq indi də tibb və kimya sahəsində dünyanın ən yaxşılarından hesab olunur. 1537-ci ildə yaradılmış Lozanna Universiteti o vaxtlar dini fikir mərkəzi kimi fəaliyyət göstərib. Hazırda humanitar istiqamətli təhsil sahəsində tanınır. Sürixdə bank və sığorta işi öyrədilir. Ancaq tibb, fizika və kimya sahəsində 20 Nobel mükafatçısını yetişdirməsi göstərir ki, burada fundamental elmlərin tədrisi də yüksək səviyyədədir. Bern Universiteti fiziklərin məkanı sayılsa da, ali məktəb tarix və fəlsəfə fakültələri ilə ad çıxarıb. İtalyandilli Luqano Universitetində isə müasir biznes - IT, PR, dizayn və memarlıq üzrə mütəxəssislər yetişdirilir.

 

Diqqət: yerli vətəndaşlar üçün ali məktəbə daxil olmaq üçün hər hansı imtahana ehtiyac yoxdur. Oxumaq istəyirsənsə, orta təhsil haqqında şəhadətnaməni təqdim etməyin yetərlidir. Sankt-Qallen Universitetində xaricilər üçün xüsusi imtahan mövcuddur. Paralel olaraq Friburqda xarici vətəndaşların ali məktəbə daxil olmaları üçün hazırlıq kursları fəaliyyət göstərir. Kurs bir il davam edir və 5200 İsveçrə frankına başa gəlir. İsveçrə universitetləri elitar təhsil ocaqları hesab edilsələr də, məsələn, İELTS proqramı ilə qəbul üçün 5,5-6 bal kifayət edir.

 

Bizdə bir sıra istiqamətlər var ki, ali məktəblərdə fakültə kimi fəaliyyət göstərirlər. İsveçrədə belə istiqamətlərlə bütöv universitetlər məşğul olur. Məsələn, psixologiya və ya pedaqogika üzrə. Bu tip ali məktəblərin sayı 120-dir. Bu ali məktəbləri yuxarıda qeyd etdiyimiz 10 ümummilli universitetlə dəyişik salmaq olmaz.

 

İsveçrənin bütün universitetləri Bolonya sisteminə keçiblər. Ali məktəblərdə 3,5 illik kursun sonunda tələbə bakalavr səviyyəsinə yiyələnir. Daha 1,5 illik təhsilin sonunda magistr diplomu əldə edir. Ali məktəblərdə xüsusi kurs keçmiş şəxslər də bakalavr, magistr və doktor səviyyəsinə nail ola bilərlər.

 

“Switzerland Global Enterprise”in məlumatına görə, dövlət ÜDM-in təqribən 5,2%-ni təhsilə sərf edir. Orta hesabla hər bir vətəndaşa 30 min ABŞ dollarından çox. Statistikaya görə, bu, dünyada ən yüksək göstəricidir. Ali məktəbdə təhsilin bir ili təqribən 1000-1800 franka başa gəlir. Maraqlıdır ki, bu rəqəm həm yerlilərə, həm də xaricilərə şamil olunur. Di gəl ki, İsveçrədə yaşayış bahadır: tələbənin illik xərcləri təqribən 18-28 min frank təşkil edir.

 

İsveçrədə təhsil almağın mühüm üstünlükləri var. Birincisi, diplomları dünyanın istənilən nöqtəsində yüksək qiymətləndirilir. İkincisi, ali məktəbə daxil olma şərtləri kifayət qədər liberaldır. Üçüncüsü isə təhsil haqqı Böyük Britaniya və ya ABŞ-la müqayisədə yüksək deyil.

 

İsveçrənin təhsil sistemi unikaldır. Sistem müəllifləri Avropa və Amerikanın ən qabaqcıl ənənələrini bir araya gətirərək yerli xüsusiyyətlərlə birləşdirməyə nail olublar. İsveçrə təhsilini fərqləndirən əsas amillər bunlardır: keyfiyyət və nüfuz. Bu birliyin əsasında isə rəngarəng təhsil istiqamətləri öz əksini tapır.

 

Rüstəm QARAXANLI

Bölmənin digər xəbərləri