“Times Highers Education”un yeni reytinqi açıqlanıb


Dünyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış ən nüfuzlu media qurumlarından olan Böyük Britaniyanın “Times Highers Education” nəşrinin budəfəki araşdırması ali məktəblərin “Təhsil fəaliyyətləri”, “Hüquq”, “Biznes və iqtisadiyyat”, “Sosial elmlər” kimi 4 istiqamət üzrə qiymətləndirilməsinə həsr olunub.

 

Adıçəkilən istiqamətlər arasında “Təhsil fəaliyyətləri”nin xüsusi çəkisi olduğundan THE-nin bu sahədə qiymətləndirməsi tədris və təhsil dərəcələri baxımından həm tələbələr, həm də akademik ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Bu zəruri məqama diqqət yetirən THE qeyd edir ki, təhsil iş və tədris üçün məktəblərin qapılarını aça, eləcə də oxuduğumuz universitetlərdə tədqiqatlar aparmağa imkan verə bilər. “Təhsil fəaliyyətləri” üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi hər birimizə bu sahədə ən yaxşı universiteti seçməyə kömək edir.

 

“Təhsil fəaliyyətləri” üzrə reytinq sıralamasında ən yüksək yerləri ABŞ-ın Stenford və Harvard universitetləri tutublar. İlk “5”-likdə daha sonra Amerikanın Kaliforniya Berkli Universiteti, Honkonqun Honkonq Universiteti və Böyük Britaniyanın Oksford Universiteti yer alıblar. Honkonq Universiteti sıralamada 10-luqda yer almış yeganə Asiya ali məktəbidir.

 

 



 

 

Stenford Universitetinin Ali Təhsil Məktəbi ölkədə ən yaxşı ali məktəblərdən hesab olunur. Məktəb 7 magistr, 21 doktorant və 3 birgə proqram təqdim edir. Harvard Universiteti təhsil sahəsində 13 ayrı-ayrı illik magistr və bir sıra doktorantura proqramları təklif edir. Magistratura proqramları təhsilin bir çox aspektlərini (incəsənət və təhsil, ali təhsil, beynəlxalq təhsil siyasəti, həmçinin insanın və təhsilin inkişafı) əhatə edir. Kaliforniya Berkli Universiteti təhsilin geniş məsələlərinə dair magistr və doktorantura proqramlarını təqdim edir, siyasətin təhsilə necə təsir etməsi kimi mövzuları öyrənir. Honkonq Universiteti ingilis dilində tədrisi və eləcə də Çin dilində təhsili təklif edir. Eləcə də riyaziyyat və elmi təhsil şöbələri də mövcuddur. Ali məktəbdə 7 tədqiqat, eləcə də təhsil liderliyi mərkəzləri var. Oksford Universitetinin Təhsil Departamentində dil, idrak və inkişaf; iqtisadiyyat, siyasət və cəmiyyət; biliklər, pedaqogika və dizayn kimi 3 əsas mövzu öyrənilir. Bundan əlavə, departament ibtidai və orta məktəblər üçün müəllim kadrları hazırlayır. Təhsil sahəsində tanınmış milli məruzəçilərin mühazirələri də təşkil olunur.

 

Ən yaxşı 10 ali məktəb arasında Honkonq Universitetindən başqa Böyük Britaniyanın Kembric Universiteti də yer ala bilib. Qalan 8 yer ABŞ universitetlərinə məxsusdur.

 

Qeyd edilməlidir ki, ABŞ bu reytinqdə çox yaxşı, bütövlükdə 118 universitetlə təmsil olunur. Avropadan isə sıralamada 170, Asiyadan 31 ali məktəb yer ala bilib. Kanada və Avstraliya həmçinin reytinqdə müvafiq olaraq 19 və 33 universitetlə qərarlaşıb.

 

Maraqlıdır ki, Rusiyanın Kazan Federal Universiteti (KFU) “Təhsil fəaliyyətləri” reytinqində ölkə lideri olub, bu kateqoriya üzrə ali məktəb sıralamada 101-ci yeri tutaraq ən yaxşı 125 ali məktəb arasına düşə bilib. KFU ilk dəfə reytinqə daxil olub və Rusiya universitetləri arasında ən yüksək mövqeyi tuta bilib. Ali məktəbin rektoru İlşat Qafurovun sözlərinə görə, nəticələr ali məktəbdə razılıqla qarşılanıb. “Bu mövqe yaxşı göstəricidir, çünki müəllim kadrlarının hazırlığı çox ağır sahədir. Nə vaxt ki, bizə iki pedaqoji universitet birləşdirildi, həmkarlarımız əvvəlcə bunu yük hesab edirdilər, amma indi biz effektiv sistemi qurduq, hansı ki, artıq bar verir”, -deyə İ.Qafurov bildirib. Adıçəkilən reytinqdə M.V.Lomonosov adma Moskva Dövlət Universiteti 2019-cu il üzrə 151 - 175 diapozununda yer alıb.

 

Bütövlükdə THE reytinqinə dünyanın 86 ölkəsindən 1250-dən çox ali məktəb daxil olub. “Təhsil” reytinqi tərtib olunarkən universitetlərin 2019-cu il üzrə qlobal qiymətləndirilməsində istifadə olunmuş 13 kriterya əsas götürülüb. Universitetlər bir neçə meyar üzrə qiymətləndirilib. Onların arasında tədrisin keyfiyyəti, ali məktəbin elmi reputasiyası, dərc edilmiş tədqiqat işlərinin həcmi və keyfiyyəti, beynəlxalq əlaqələr (xarici müəllimlərin və tələbələrin sayı) və başqaları göstərmək olar. Daha ətraflı www.timeshighereducation.comworld-university-rankings2019subject-rank ingeducation səhifəsindən məlumat almaq olar.

 

Oruc MUSTAFAYEV

 

 

Bölmənin digər xəbərləri