Bərdə Peşə Liseyinin "Binaların tikintisi və istismarı" ixtisası üzrə I kurs tələbəsi Samuray Abdullayev STEAM Azərbaycan (STEAM Azerbaijan) Festivalında "VEX V5" modulu üzrə 1-ci yeri tutub. O, aprelin 22-30-da Amerika Birləşmiş Ştatlarında keçiriləcək “Vex Robotics Championship 2024” yarışında STEAM Azərbaycan komandasının tərkibində ölkəmizi təmsil edəcək. 

 

17 yaşlı Samuray Abdullayev Beyləqan rayonundandır. Beyləqan rayon 1 nömrəli tam orta məktəbdə ümumi orta təhsilini tamamladıqdan sonra kollec tələbəsi olmaq istəyib: “Əslində, kollecə qəbul olunmaq istəyirdim, ancaq qəbul imtahanında az bal topladığım üçün bu niyyətim baş tutmadı. 1 il sonra da attestatla peşə liseyinə qəbul olundum”.

 

I kurs tələbəsi deyir ki, Vex kateqoriyası üzrə yarışlara həvəslə qatılıb: “Azərbaycan turnirində 1-ci yeri tutdum. 4 qalibdən biri olaraq Amerikaya viza qazandım və orada keçiriləcək dünya çempionatında iştirak etmək üçün Amerikaya getməyə hazırlaşıram. STEAM Azərbaycan Festivalında “VEX V5” modulu üzrə 1-ci yeri tutanda çox həyəcanlandım. Bir daha peşə təhsili aldığıma görə sevindim. Çünki ölkəmizi Amerika Birləşmiş Ştatlarında keçiriləcək “Vex Robotics Championship 2024” yarışında təmsil edəcəyəm”.

 

Ruhiyyə DAŞSALAHLI