Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İnstitutdan “Azərbaycan müəllimi” nə bildirilib ki, iclasda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorant  və dissertantlar barəsində məlumat, 2024-cü ilin oktyabr ayında keçiriləcək “Enerjinin toplanması və çevrilməsi üçün materiallar” mövzusunda VIII Beynəlxalq Simpoziuma hazırlıq, ekolojı kataliz laboratoriyasının böyük elmi işçisi Bilqeyis İsmayılovanın “Heterogen katalizatorların iştirakında efirləşmə reaksiyaları” adlı kitabın müzakirəsi, Yay sessiyası üzrə doktorluq imtahanları üçün təqdim olunmuş əlavə proqramlar müzakirəyə çıxarılıb.  

 

İclası institutun baş direktoru akademik Dilqəm Tağıyev açaraq fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantlar barədə geniş məlumat verib.  Qeyd edib ki, 2012-2023-cü illər ərzində fəlsəfə doktoru hazırlığı üzrə institutun doktorant və dissertanturasına 102 nəfər qəbul olunub. Təhsil müddəti sona çatanlardan 38-i dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. Elmlər doktoru hazırlığı üzrə həmin illərdə 42 nəfər qəbul olunub, onlardan 8- i müdafiə edib.

 

Konfransın təşkilat komitəsinin sədr müavini, laboratoriya müdiri professor Akif Əliyev 2024-cü il oktyabr ayında keçiriləcək “Enerjinin toplanması və çevrilməsi üçün materiallar” mövzusunda VIII Beynəlxalq simpozium haqqında məlumat verib. Bildirib ki, 2000-ci illərdən bəri bir sıra ölkələr enerji təlabatını ödəmək üçün müəyyən edilmiş məqsədləri olan yol xəritələri hazırlayıblar:”Hazırlanmış yol xəritələrinə uyğun olaraq, bərpa olunan enerji mənbələrinə keçmək istəyi təkcə ekoloji cəhətdən deyil, həm də enerjinin maya dəyərini azaltmaqdan irəli gəlir. Bu proqramın bir hissəsi olaraq 2015-ci ildə Enerjinin Saxlaması və Çevrilməsi üçün Materiallar üzrə Beynəlxalq Simpozium (mESC-IS) keçirilib. Simpozium Ankarada Orta Doğu Texnik Universitetində hidrogen və yanacaq elementi sahələrindən, həmçinin akkumulyator və superkondensatorların tədqiqi ilə məşğul olan mütəxəssisləri bir araya gətirib. Nəticə etibarı ilə, bu simpoziumda plenar iclaslardan geniş istifadə olunub, bu ənənə bundan sonrakı illərdə də davam etdirilib. Simpoziumun ilkin olaraq iki ildən bir keçirilməsi planlaşdırılıb. Lakin Kapadokiyadakı toplantıda bu ənənə dəyişdirilib. Simpozium indi hər il - tək illərdə Türkiyədə, cüt illərdə isə iştirakçı ölkələrdən birində keçirilir.

 

Enerjinin Saxlaması və Çevrilməsi üçün Materiallar üzrə Beynəlxalq Simpozium Seriyası (həmçinin Yay Məktəbləri) Beynəlxalq Təşkilat Komitəsinin ümumi rəhbərliyi altında təşkil olunur”.

 

İclasda, həmçinin yay sessiyası üzrə doktorluq minimum imtahanları üçün doktorant və dissertantların rəhbərləri tərəfindən tərtib olunmuş əlavə proqramlar təsdiq edilib. 

 

Sonda Şura üzvləri müsabiqədə iştirak edən əməkdaşların çıxışlarını dinləyib, onların iddia etdikləri vəzifələrə təsdiq olunmaları haqqında qərar qəbul ediblər.