Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfrans keçirilib.

 

“Azərbaycan müəllimi” universitetə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi, AzMİU, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Auditorlar Palatası, müxtəlif institutlar, elmi-tədqiqat mərkəzləri, ali təhsil ocaqlarından nümayəndələr və məruzəçilər iştirak ediblər.

 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək konfransın əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi proseslər fonunda Qərbi Azərbaycanla bağlı məsələlərin aktuallaşması universitet üçün mühüm vəzifələr yaradıb. Konfransın həm də bu vəzifələrin yerinə yetirilməsi məqsədilə keçirildiyini vurğulayan rektor bildirib ki, konfrans AzMİU ilə ölkənin qabaqcıl iqtisadi təhlil və tədqiqat mərkəzləri arasında Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialının öyrənilməsi üzrə effektiv əməkdaşlıq imkanı yaradacaq.

 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında AzMİU-nun təşəbbüsünü alqışlayıb və qeyd edib ki, Qərbi Azərbaycanın iqtisadi potensialının, bu potensialın region iqtisadiyyatına, siyasi və sosial proseslərə təsirinin öyrənilməsi son dərəcə strateji məsələdir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov bildirib ki, AzMİU-da keçirilən konfrans Qərbi Azərbaycanın həm keçmiş, həm də müasir iqtisadiyyatının öyrənilməsində çox vacib və əhəmiyyətli addımdır:”Bu sahədə alimlərin, gənc tədqiqatçıların elmi araşdırmalar aparması mövcud iqtisadi vəziyyəti gözlər önünə gətirəcək, bölgənin inkişafı üçün böyük əmək sərf etmiş soydaşlarımızın xidmətlərini yenidən xatırladacaq”.  

 

Konfransın plenar iclasında digər iştirakçıların məruzələri dinlənilib.

Məruzəçilər konfransın mövzusuna uyğun olaraq Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri, perspektivləri, iqtisadi inkişaf potensialını birgə müzakirə edib, bu regionun keçmişinə, bu gününə, gələcəyinə nəzər yetirib və birgə həll yolları axtarıblar.

 

Konfrans işini bölmə iclasları ilə davam etdirib.