Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İşlənmiş motor yağlarının regenerasiyası və alınan məhsullar əsasında onların yeni tətbiq sahələri” mövzusunda ekoloji maarifləndirmə seminarı keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, seminarda çıxış edən institutun icraçı direktoru professor Əfsun Sucayev “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar elmi qurumda silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. Bu ilin noyabr ayında Azərbaycanın COP29 (“Conference of the Parties”) tədbirinə ev sahibliyi edəcəyini xatırladan  professor bu tədbirin elmi-tədqiqat institutları, eləcə də kimyaçı alimlərdən yeni vəzifələr, fundamental və tətbiqyönlü tədqiqatların həyata keçirilməsini tələb etdiyini  deyib: "Bu tədqiqatları yerinə yetirmək isə respublikamızın iqtisadi inkişafı ilə yanaşı, ekoloji problemlərin həllinə və ətraf mühitin sağlamlaşdırılmasına böyük töhfələr vermis olacaq”.

 

Ə.Sucayev Aşqarlar Kimyasi İnstitutunda ekoloji problemlərin həllinə yönələn elmi fəaliyyətə həmişə üstünlük verildiyini, bununla əlaqədar institutun ayrı-ayrı laboratoriyalarında 4 müxtəlif istiqamətdə tədqiqat aparıldığını, mühüm fundamental və tətbiqi nəticələr əldə edildiyini söyləyib. Onun sözlərinə görə, keçiriləcək ekoloji maarifləndirmə seminarlarının bir məqsədi də indiyə qədər yerinə yetirilmiş tədqiqatların nəticələrini müzakirə etmək və bundan sonra həmin tədqiqatların davamı olaraq perspektiv fəaliyyət planını müəyyənləşdirməkdir.

 

Sonra sürtkü kompozisiyaları laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aida Yusifova “İşlənmiş motor yağlarının regenerasiyası və alınan məhsullar əsasında onların yeni tətbiq sahələri” mövzusunda geniş təqdimatla çıxış edib.

 

Bildirib ki, işlədiyi laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri də müxtəlif növ texnikada istifadə olunan sürtkü yağlarının işlənmiş nümunələrinin regenerasiya texnologiyasının yaradılması və regenerasiya olunmuş yağ məhsulları əsasında müxtəlif sürtkü kompozisiyalarının yaradılmasına dair elmi tədqiqatlar aparmaq, ətraf mühitə atılmış işlənmiş yağları aradan qaldırmaqla respublikanın ekoloji problemlərinin həllinə töhfə verməklə bağlı olub.

 

Sonda institut alimlərinin təqdimata dair fikir və təklifləri səsləndirilib.