ADPU-da yubiliyar professora həsr olunmuş tədbir keçirilib


Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, ADPU rektorunun müşaviri, filologiya üzrə elmlər doktoru, professor,  Əməkdar müəllim Vilayət Əliyevin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, millət vəkilləri, ölkəmizin tanınmış və nüfuzlu ziyalıları, media strukturlarının rəhbərləri, universitetin fakültə dekanları, kafedra, şöbə müdirləri, müəllimlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Vilayət Əliyevi 80 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, ADPU-nun dəyərli alimi Vilayət Əliyevin 80 illik yubileyinin keçirilməsi Azərbaycan elmi, təhsili, ictimai-siyasi həyatı üçün xüsusi önəm kəsb edir. Çünki professor V.Əliyev bu sahələrdə öz sözünü layiqincə demiş bir alim-ziyalıdır. Rektor tədbirdə 80 illik yubileyi münasibətilə və universitetdə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə görə professor V.Əliyevə təşəkkürnamə təqdim edib.

 

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov professor Vilayət Əliyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti haqqında məruzə edib. Professor B.Xəlilov bildirib ki, professor V.Əliyev 1960-cı illərdən dilçilik sahəsində fəaliyyət göstərir. Onun elmi tədqiqatları Azərbaycan dilçiliyi  və türkologiya ilə bağlıdır. 200-dən çox elmi məqalənin və ”Azərbaycan dilində feilin təsriflənməyən formaları”, “Məsdər”, “Azərbaycan dilində feili sifət”, “Azərbaycan dilində feilin perifrastik formaları”, “Toponimika”, “Azərbaycan toponimiyası” kimi kitabların müəllifidir. AMEA-nın nəşr etdirdiyi üçcildlik “Müasir Azərbaycan dili”əsərinin müəlliflərindən biridir. 1999-cu ilin iyun ayında Türkiyədə keçirilən türk dövlətləri və topluluqlarının VII qurultayında iştirak edib. Dəfələrlə Azərbaycanda və digər ölkələrdə keçirilmiş elmi konfranslarda iştirak edib. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü olub.

 

Professor V.Əliyevin elmi-pedaqoji fəaliyyətinin  əsas hissəsi ADPU ilə bağlıdır. 1997-2016-cı illərdə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışıb. Xalqımızın görkəmli alimi, vətənpərvər ziyalısıdır. Onun ictimai-siyasi fəaliyyətində bir alim-vətəndaş mövqeyi var.

 

AMEA-nın vitse-prezidenti, Nəsimi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyli, YAP-ın Səbail rayon təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyev, Ədliyyə nazirinin müavini, general-polkovnik Məhərrəm Əliyev, millət vəkilləri Hadi Rəcəbli, Fazil Mustafa, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, ADPU-nun “Ümumi tarix” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev,  “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri, professor Himalay Qasımov,  “Müasir Azərbaycan dili” kafedrasının professoru Cəfər Cəfərov, BDU-nun “Türkologiya” kafedrasının müdiri, professor Ramiz Əskər, Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik  Cəlil Xəlilov, “Zəngəzurun səsi” qəzetinin təsisçisi Yavər Nuruyev və başqaları çıxış edərək professor V.Əliyevin görkəmli dilçi alim, milli ruhlu, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən vətənpərvər ziyalı olduğunu vurğulayaraq ona ən xoş arzularını bildiriblər.

 

Sonda professor V.Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

 

Şakir CƏFƏROV