Yarışmada universitet tələbələri iştirak edib


Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreyaşünaslıq Akademiyasının təşkilatı dəstəyi ilə Koreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilib. Tədbiri ADU-nun rektor məsləhətçisi Anar Osmanlı açıb. Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirinin müşaviri Lee Je Vunq tədbir iştirakçılarını salamlayıb.

 

Tədbirin birinci hissəsində öncədən müsabiqə yolu seçilmiş 6 nəfər tələbənin inşalarının təqdimatı keçirilib.  ADU-nun  Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 3-cü kurs tələbələri  Fidan Talıbova, Sevinc Quliyeva, BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Aynurə Allahyarova, 3-cü kurs tələbəsi  Ayişən Məcidli, ADPU-nun İbtidai təhsil fakultəsinin 2-ci kurs tələbəsi Nəzrin Təmirova və UNEC-in Beynəlxalq iqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi  Orxan Bayramov Koreya haqqında müxtəlif mövzularda çıxış ediblər. Tədbir müxtəlif musiqi və rəqs nömrələri ilə davam edib.

 

Tədbirin ikinci hissəsində Koreyaşünaslıq üzrə viktorina keçirilib. Müsabiqəyə ümumilikdə 16 nəfər iştirakçı qatılıb. Final da daxil olmaqla 4 mərhələdən ibarət olan gərgin yarışmanın  sonunda BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Aynurə Allahyarova 1-ci yer, ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Yemən Əzizzadə 2-ci yer, Rauf Hüseynov 3-cü yer, BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi  Aytac Muxtarova və ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Fəridə Əlixanlı 4-cü yeri tutublar.

 

Tədbir zamanı Koreyaya dair müxtəlif rəsm əsərləri və əl işləri nümayiş olunub, Koreya milli mətbəxinin təamlarından biri olan Kimbap qonaqlara təqdim edilib.