4 may 2024-cü il tarixində Şamaxı şəhəri 2 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 300-ə yaxın müəllimin iştirakı ilə keçirilən konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
 
Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Belə ki, ilk olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələsinin vacib olduğunu vurğulayıb. Daha sonra Milli Məclisin Elm və Təhsil komitəsinin üzvləri Tamam Cəfərova, Müşfiq Məmmədli və AGMA-nın sədri Səkinə Həsənova çıxış edərək bu cür təşəbbüslərin əhəmiyyətinə diqqət çəkiblər.
 
Tədbirin rəsmi hissəsi yelunlaşdıqdan sonra müxtəlif istiqamətlər üzrə təlimlər keçirilib və bununla da konfrans öz işini yekunlaşdırıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdlərə bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdir.